Azərbaycan Respublikası Nazirlər Kabineti praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan, eləcə də bu sahədə çalışmaq istəyən şəxslərin sertifikasiyası ilə bağlı mühüm qərar qəbul edib. Yeni “Sertifikasiyası Qaydası” təsdiqlənib və sınaq imtahanlarının məbləği, həmçinin davamlı peşəkar inkişaf üçün tələb olunan minimum kredit həcmi müəyyənləşdirilib. Bununla yanaşı, 2010-cu ildə qəbul edilmiş iki əsas qərar ləğv edilib.
Qərar Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinə, həmçinin 2025-ci il 13 iyun tarixli qanunun və 11 iyul 2025-ci il tarixli Prezident Fərmanının icrasının təmin olunmasına əsaslanır.
Yeni qaydalar nəyi nəzərdə tutur?
Nazirlər Kabinetinin qərarına əsasən:
1. Sertifikasiya Qaydası təsdiqləndi.
Artıq praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün yeni sertifikasiya mexanizmi tətbiq olunacaq.
2. Sınaq imtahanlarının qiyməti müəyyənləşdirildi:
Ali təhsilli tibb mütəxəssisləri – 35 manat,
Orta ixtisas təhsilli tibb işçiləri – 25 manat ödəyəcək.
3. Davamlı peşəkar inkişaf üçün minimal kredit həcmi müəyyən edildi.
Hər il orta hesabla 50 kredit, 5 il üzrə isə ümumilikdə 250 kredit toplamaq tələb olunacaq.
4. Mövcud sertifikatları olanlar üçün keçid qaydası:
Qərar qüvvəyə minənədək sertifikatı qüvvədə olan tibb mütəxəssisləri də yeni kredit sistemi üzrə fəaliyyət göstərəcəklər.
Sertifikatın müddətinin bitməsinə bir ildən az qalmış – 50 kredit kifayət edəcək.
Digər hallarda illik orta hesabla 50 kredit toplanmalıdır.
2010-cu ildən qüvvədə olan iki qərar ləğv edildi
Qərarla eyni zamanda aşağıdakı sənədlər ləğv edilib:
2010-cu il 8 iyun tarixli 108 nömrəli Qərar – Praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiyası qaydaları
2010-cu il 12 iyun tarixli 111 nömrəli Qərar – Sertifikasiya şəhadətnaməsinin forması
Bu addımla sertifikasiya prosesi tamamilə yenilənir, tibb işçilərinin peşəkarlığının yüksəldilməsinə yönəlik daha müasir və effektiv mexanizm tətbiq edilir.
Qərarı Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov imzalayıb.
Azadmedia.az qərarı təqdim edir:
69280c52af754.pdf [139,98 Kb] (yüklənib: 3)