AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

MASALLININ DURNAGÖZLÜ BULAQLARI

  • + A
  • - A
  • 23-08-2020, 18:57

    MASALLININ DURNAGÖZLÜ BULAQLARI

    Azərbaycanda zümrüd rəngli, gözyaşıtək saf bulaqların da hər birinin öz taleyi, öz adı var.Masallıda adla deyilən, yerin dərin qatlarından süzülüb gələn, suyu qərinələr boyu ürəkləri sərinlədən bulaqlar çoxdur. Hələ 1889-cu ildə Bakı quberniyasının Lənkəran qəzasındakı bulaqların və kəhrizlərin tərtib olunmuş xəritəsində təkcə Ərkivan dairəsində 10-dan çox bulağın olduğu göstərilirdi. Boradigahdan sonra qəsəbə statusu daşıyan Ərkivan demək olar ki, bu gün Masallı ilə çiyin-çiyinə, boy-boya dayanıb... Ərkivan bulaqlarının suyundan rayonun əksər kəndlərinin sakinləri istifadə edirlər.

    SADAT BULAĞI: Ərkivanın Ramazanlı məhəlləsindədir.

    MEHDİ BULAĞI: Keçmişin bu günə yadigar qoyduğu ən sərin çeşməli bulaqlardan biridir. Ərkivanın Ramazanlı məhəlləsindədir. Hələ çar Rusiyası zamanı Nikolayevka (sovet dövründə Kalinovka, indi Viləş) kəndində yaşayan malağanlar saxsı kəmərlə buradan özlərinə su çəkmişlər. Eyni zamanda Masallının mərkəzində Bəyiş quyusu su mənbəyini buradan götürərmiş. Həmin saxsı kəmərlər torpaqqazan nəhəng texnikalar meydana çıxandan sonra laqeydliklə dağıdılıb. Mehdi bulağının qorunmasında məhəllə adamlarının köməyi böyükdür. Bulağın suyundan içən hər kəs: “Loğmansan, təbibsən, Mehdi bulağı!”- deyir. Bu sözlər “Dədə Qorqud” boylarında Qazan xanın sözünü yada salır: “Qara başım qurban olsun, suyum sana...”

    Görəsən, Masallıda suyu loğman olan belə bulaqların sayı nə qədərdir?

    RƏVAYƏTLƏRDƏN: Deyilər ki, qədim zamanlarda Yanardağın döşündə bir bulaq varmış. Hər kim o bulaqda əl-üzünü yuyub çimsə və onun suyundan içsə gözəlləşərmış... Amma o bulağa gedən yolu yeddibaşlı əjdaha kəsmişdi. El qızı Gülnar deyiklisi olan el oğlu Eldara söyləyir ki, hərgah sən əjdahanı öldürüb el-obanı susuzluqdan xilas etsən, mən sənin olacağam. İgidlər igidi Eldar da yaraq-yasağını qurşanıb əjdaha ilə savaşır və ona qalıb gəlir.

    ŞAH SƏFİ BULAĞI: Ərkivanın Miyondi məhəlləsindədir. Boradigah qəsəbəsinə gedən yolun aşağı hissəsində, bağ-bağatlı, səliqə ilə müasir kənd memarlığı üslubunda tikilmiş evlərlə əhatə olunub. Rəvayətə görə, görkəmli Azərbaycan sərkərdəsi Şah İsmayıl Xətai Bakı qalasını alandan sonra qoşunu ilə Təbrizə qayıdırmış. Yolüstü Ərkivanda çadır qurub dincəlir. Və buradakı bulağın suyu ilə qoşunu sirab eləyir, bir müddətdən sonra yola düşür. Elə o vaxtdan yerli camaat buranı müqəddəsləşdirərək ziyarətgaha çevirib.

    Başqa bir rəvayətə görə sufi dairələrində yeddinci İmam Museyi-Kazimın nəslindən hesab edilən Səfəvilər sülaləsinin banisi Şeyx Səfi əd-Din Ərdəbilinin

    (1252 -1334) - yəni Şah İsmayılın ulu babasının Lənkəranda - Şeyx Zahid Gilaninin (1215 – 1294) yanında müridlik edərkən 1274-cü ildə burada olduğu bildirilir.

    Görəsən, müqəddəs yer sayılıb ocaq kimi ziyarət olunmasaydı, Şah Səfi bulağının ömrü bu qədər uzun olacaqdımı?

    HAŞİYƏ: Suya sitayiş, etiqad qədim əcdalarımızın həyat tərzində, düşüncələrində mövcud olub. Hələ atəşpərəstlik dövründə bulaq başında, axar çay kənarında müqəddəs məbədlər tikib, su ilahəsinə qızıldan heykəllər qoyarlarmış. Su ilahəsi həm də təmizliyin, saflığın, paklığın rəmzi idi. Su qədimdən ilahi qüvvə hesab olunub. İndi də dilimizdə işlədilən “Su haqqı”, “Suyun mehrinə and olsun” və s. ifadələr həmin inanclardan qalmadır. İnanca görə pis yuxunu suya danışmaq baş verəcək bədbəxtliyin qabağını alır. Su insanın taleyinə təsir edən ilahi nemətdir. İnanclarda suya müqəddəs, toxunulmaz varlıq kimi yanaşılır: Suyun müqəddəsliyi Muğan bölgəsinin "Axar suya tüpürməzlər" inancında aydın şəkildə ifadə olunub. “Su kənarında tikilən ev bərəkətli olar” deyərlər. Su həm də aydınlıq, uğur diləmək istəyidir, səfərə çıxanın arxasınca su atırlar ki, getdiyin yolla aydınlığa çıxasan və s.Bunun üçün niyyət tutub quyuya baxmaq lazımdır. Əgər niyyət tutduqdan bir neçə saniyə sonra bulaq qaynayıb coşursa, bu, niyət edən adamın qəlbindəki niyyətin hasil olacağından xəbər verir. Məhz bu zaman bulaq qəfil coşub çağlayır.

    ŞƏHİDLƏR BULAĞI: Qanlı 20 Yanvar 1990- cı il hadisəsindən sonra Ərkivanda bulaqlar silsiləsinə qoşulan yeni, göz yaşı kimi dupduru, şəffaf, göy üzü kimi təmiz su mənbəyidir. Buradan ötüb –keçən yol adamları maşınlarını burada saxlayır, “yola bu sərin bulaq suyundan içmədən davam etsək, günaha batarıq”, - deyirlər. Uzaqdan gələnlər isə bulağın sərin suyundan su qablarına doldurub özləri ilə aparırlar.

    AXUND BULAĞI: Qızılakücə məhəlləsinin qurtaracağındadır. 90-cı illərədək Bahar fəslində bulağın ətrafı yamyaşıl mağaranı xatırladırdı. Yamyaşıl kollarda bülbüllər cəh-cəh vurur, təzə çiçək açmış ağaclara yaz mehi sığal çəkirdi. Bulağın gözündən su içən adama elə gəlirdi ki, onun yuxarı hissəsindəki böyürtkan kolları indicə torpaq qarışıq üçüb-töküləcək üstünə. Bəlkə, nə vaxtsa ondan əsər-əlamət qalmayacaq. Kim bilir, bəlkə də, o zaman ulu vətən göylərinə, ana torpağa və bir də qoynundan su içən adamların qulağına gileylənərək vida nəğməsini oxuyurdu Axund bulağı. Sanki hər gün, hər saat, hər dəqiqə gərəyi olduğu insanlardan gileylənirdi öz bulaq dilində...

    Məhəllənin yuxarı başında Fəzil bulağı var. Su çəni olan maşınlarla suyunu daşıyıb içməli sudan korluq çəkən Ərəb, Xırmandalı, Qarğalıq, Qədirli, Eminli, Kürdabaz və başqa Muğan kəndlərində pulla satırlar. Ərkivanda Bağı, Mirzəmməd, Şəkər, Məşkur və başqa adlarla tanınan bulaqlar da var...

    ŞƏHRİYAR BULAQI: Qarğalıq kəndinin mərkəzində 3 kilometr aralıda eini adlı yaşayış məskənində olan bulağın gözü tutulub. Şəhriyar qəbiristanlığındakı qoçheykəlli məzar daşları bu bulağın qədim dövrə aid olduğundan soraq verir. Vaxtilə bu bulağın fəvvarə vuran suyu istilə yığılarmış. Ulu keçmişimizin yadigarı olan saxsı su kəmərləri, Şəhriyar bulağı kimi çox bulaqlar əjdaha caynaqlı nəhəng traktorların, iri çalovlu ekskavatorların,dəmir dişli buldozerlərin qurbanı olub. Bulaqdan aralı korlannmış Güllügöl, Duzlugöl ətrafında qədim sənətkarların taleyinə şahid olan şirli qab qırıntıları, saxsı parçaları hər qarışda adamın rastına çıxır. 1967-ci ildə məktəblilər buradan nəhəng küpün içində dəfn olunmuş insan cəsədi tapıblar. Buranın islamaqədərki tarixi arxeoloqların diqqətini cəlb edəndən sonra arxeoloji ekspedisiyanın kiçik qrupu Şəhriyar qalasında qazıntı işləri aparmışdır.

    RƏVAYƏT: Deyirlər ki, qədim zamanlarda islam qoşunları burada yerli adamların ciddi müqavimətinə tuş gəliblər. Bir dəfə xilafət qoşunu Şəhriyar bulağının ətrafında dəstəmaz alıb, namaz qılırmış. Bu elə şəhriyarlıq edən sərkərdə (Şəhriyar sözünün bir mənası da şəhərin başçısı deməkdir) öz dəstəsi ilə hucuma keçib onları qır-tök edir. Sağ qalan geri çəkilərək Şəhriyar elinə qarğış edir: Çörəyiniz didərgin düşsün, torpağınız harın qalsın!..”

    Bu rəvayəti eşidəndə qədim Şəhriyar qalasının xarabalığına baxan adama elə gəlir ki, qala düyünlənmiş böyük yumruğa bənzəyirdi, gözü tutulmuş Şəhriyar bulağı da elə bil buradan köçüb gedənlərin arxasınca səslənir:

    Bu yerlər qala yeri,

    Bürc yeri, qala yeri.

    Qiyamət o gün qopar,

    El köçə, qala yeri...


    Bir də o zaman üç ev bir məsciddən ibarət olan qədim yurd yerini gəzib-dolaşanda ustad Şəhriyarın köksündən qopan misralar yada düşdü: “Heydərbaba, gedənlərin gəldimi?” Bu gün Şəhriyardakı evlərin sayı artsa da, sakinləri yenə içməli su həsrəti yaşayırlar.

    ŞIR-ŞIR BULAĞI: Təkkeçiddən yuxarı, İstisu yolunun üstündədir. Dağların qoynundan süzülüb gələn bulaq Qarabağ uğrunda döyüşlərdə həlak olan şəhidlərin xatirəsinə yenidən abadlaşdırılıb. Yayda buralarda qızmar cənub günəşinin nəfəsqarsalayan bürküsündən Şır-şır bulağının dişgöynədən suyundan içən kimi xilas olursan. Şır-şır bulağı qədim zamanlarda Ucarud adlanıb. Ucarud sözü türk mənbələrində ucadan tökülən su, bulaq mənasını verir. Elə Yardımlının qədim adlarından biri də Ucarud olmuşdur.El arasında Bulaq suyunun səs təqlidinə görə belə adlandırılmışdır. Şır-şır bulaq «suyu səs küylü», «səs salan

    bulaq» mənasındadır. Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə abidə-bulaq kimi təmir olunduqdan sonra Şır-şır balağı “Şəhidlər bulağı” da adlandırılır.

    KİŞİ BULAĞI: Masallıda yaşlı nəslin dediyinə görə, ötən əsrin əvvələrində İstusu ərazisi Kişi bəy adında bir şəxsin adı ilə tanınıb. Bu bulaq da onun adı ilə tanınıb. İstisudan aşağıda Viləşçayın sahilindədir.

    MİR KAZIM BULAĞI: İstisuyu elmi əsaslarla kəşf edən alim, həkim, bəstəkar, şair Mir Kazım Aslanlının adı ilə tanınıb. Son dövrdə bulağın üstündə alimin adı yazılmış lövhə naməlum səbəblərdən silinmişdir.

    MƏTLƏB BULAĞI: 1962- ci ildə Masallıda 8 ay rayon partiya komitəsinin birinci katibi işləmiş Mətləb Məmmədovun adı ilə bağlıdır. Qısa müddət ərzində rayonun İstisu ərazilərini qarış-qarış gəzən katib bu bulağın ətrafını abadlaşdırıb, üstünü təmir etdirib, bulağa yol çəkdirib. O vaxtdan bura Mətləb bulağı kimi tanınıb.

    YANAR BULAQ: Viləşçayın sahilində yerləşən "Yanardağ" adlanan istirahət mərkəzinin ətrafında onlarca belə termal bulaq var. İlk baxışda sakitcə qaynayan sudur. Lakin kibriti yandırıb yaxınlaşanda su alovlanır. Müalicəvi əhəmiyyəti var.

    BABA BULAĞI: Mahmudavar inzibati ərazisində yerləşir. "Baba bulağı" etnoqrafik turizm məkanıdır. Burada yerli faunaya aid müxtəlif heyvanların heykəl və fiqurları əsl canlı təbiət guşəsini xatırladır.

    Bundan başqa, rayonun Kolatan kəndində Yeddi bulaq, Xanalion kəndində Rəsulullah bulağı, Zuvandlıda Daş bulaq, Əli bulağı, Qoşa bulaq, Məmmədoba kəndində Cahangir bulağı, Tüklə kəndində Nəzir bulağı, Qızılavarda Yusifli bulağı, Xoşçobanlıda İlham bulağı və s. bulaqlar var.

    İlləri, nəsilləri yola salmış Masallı bulaqları qədirbilənlərə qarşı həmişə səxavətli olub. Uluca – uluca bayatılarımıza, nəğmələrimizə hopub bulaq həzinliyi. Bir vaxtlar aşiqlər öz istəklilərini görmək üçün bulaq üstündə daşa, küzəyə, yarpıza, səhəngə dönməyi arzulayarmışlar.

    Bulaqda buz olaydım,

    Üstə yarpız olaydım,

    Yar bulağa gələndə

    Orda yalqız olaydım.


    Qızlar da qismətlərini, gələcək ömür-gün ortaqlarını bulaq başındaca tapırmışlar. Bulaqlardan söz düşəndə “Sudan gələn sürməli qız” xalq mahnısı, Aşıq Ələsgərin “Çərşənbə günündə çeşmə başında, gözüm bir alagöz xanıma düşdü” rədifli qoşması və bir çox qədim rəvayətlər, əsatirlər yada düşür.

    Əzizim baxar gedər,

    Könlümü yaxar gedər,

    Masallının köksündən

    Bulaqlar axar gedər...

    Və yaxud:

    Əzizim Dəştivəndə*,

    Yol gedir Dəştivəndə.

    Sərin bulaq istəsən,

    Getginən Dəştivəndə.


    Babalarımız pak suyunu içib Tanrıya şükür eləyiblər. İnsan oğluna “Sucan ömrün olsun!” – deyə alqış duası söyləyiblər. Amma o müdrik babalar bilməyiblər ki, zaman gələcək, suyun, bulağın ömrü insan ömründən də qısa olacaq. Ərkivandakı Hənifə bulağı, Xırmandalı kəndindəki Xudaverdi quyusu kimi!.. Bəzi bulaqların, quyuların suyundan istifadə olunsa da, hər biri bu gün döşütəpərli oğul istəyir ki, onun ömrünü uzatsın, ətrafını abadlaşdırsın, üstünə o BULAĞIN və ya QUYUNUN adını yazdırsın! Fikrimizcə, müasir dövrdə geniş turizm potensialına malik olan Masallı üçün bu, həlli vacib məsələlərdən biridir. Su nurdur, su həyatdır, su ümiddir, saflıqdır, təmizlikdir, paklıqdır, yaşıllıqdır, gözəllikdir.

    Nurəddin ƏDİLOĞLU,

    jurnalist


    *Dəştivənd, Daşvənd – Masallının Ərkivan qəsəbəsində ən qədim yer adı. İndi rayon mərkəzindən 5 km aralı olan bu yer “Ailəvi İstirahət Mərkəzi və müasir turuzm məkanıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR