Vətənin, millətin yolunda şüurlu surətdə canlarını fəda edən şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri öz qanları ilə tariximizin şərəf və qəhrəmanlıq salnaməsini yazırlar
Böyük qürur hissi ilə deyə bilərik ki, bu gün Milli Ordumuzun igid əsgər və zabitlərinin işğaldan azad etdiyi şəhər, qəsəbə və kəndlərimizdə dalğalanan üçrəngli bayrağımız tezliklə Laçın, Kəlbəcər, Ağdərə rayonlarında da dalğanacağı günün yaxın olduğunun müjdəsini verir. Məşhur “Ordum varsa, yurdum var” deyimi indi erməni faşistləri ilə ölüm-dirim savaşı aparan, Vətən torpaqlarının hər qarışı uğrunda canından - qanından keçən qəhrəman əsgər və zabilərtimizin timsalında bir daha öz gerçək təsdiqini tapır. "Bu gün Azərbaycan əsgəri və zabiti döyüş meydanında düşmənə dərs verir, düşməni yerinə oturdur, düşməni torpaqlarımızdan qovur. Biz qan tökürük, şəhidlər veririk, hərbçilər, eyni zamanda, mülki şəxslər şəhid olur. Ermənistan döyüş meydanında bizim qarşımızda duruş gətirə bilmir və yenə də hər zaman olduğu kimi, öz çirkin əməllərini yaşayış məntəqələrimizi, mülki əhalinin yaşadıqları yerləri atəşə tutur. Bu namərd atəş nəticəsində 60-dan çox mülki şəxs həlak olub, 300-ə yaxın mülki şəxs yaralanıb."
Bu fikirləri oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə keçirilən operativ müşavirədə deyib. Müşavirədə Dağlıq Qarabağda son vəziyyəti dəyərləndirən Silahlı Qüvvələrin Ali Baş Komandanı şəhid Milli Qəhrəman Şükür Həmidovdan bəhs edib: "İki gün bundan əvvəl Milli Qəhrəman Şükür Həmidov qəhrəmancasına həlak olub. Şükür Həmidov 2016-cı ilin Aprel döyüşlərində qəhrəmanlıq göstərmişdir. Mənim tərəfimdən ona Milli Qəhrəman fəxri adı verilmişdir və Milli Qəhrəman ulduzunu şəxsən ona təqdim etmişdim.”
Yaralı hərbçilərimizə və mülki şəxslərə Allahdan şəfa diləyən Prezidentin təklifi ilə döyüşlərdə həlak olmuş bütün şəhidlərimizin xatirəsi bir dəqiqə sükutla yad edilmişdir.
Xatırladırıq ki, oktyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qubadlının azadlığı uğrunda şəhid olmuş Şükür Həmidovun atası Nəriman Həmidovla telefonla danışığı zamanı Milli Qəhrəmanın adının doğulduğu Qubadlı rayonunda əbədiləşdiriləcəyini bildirmişdir. Əsgərləri ilə çiyin-çiyinə döyüşən Milli Qəhrəman Şükür Həmidovun ən böyük arzusu işğal altındakı torpaqlarımızı azad görmək və dədə-baba yurdu olan Qubadlıda şanlı bayrağımızı ucaltmaq idi. Şəhid polkovnikin arzusu oktyabrın 25-də gerçəkləşdi. Artıq Azərbaycan Ordusu onun doğulduğu Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərini də işğaldan azad edib.
Şükür Həmidov 1975-ci il aprelin 1-də Qubadlı rayonunun Armudlu kəndində müəllim ailəsində dünyaya göz açmışdı. Dağlar qoynunda yerləşən Qubadlı rayonunun Başarat orta məktəbində 8-ci sinfi bitirdikdən sonra Şükür Həmidov Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil almışdı. Hələ hərbi liseydə təhsil alarkən, o, könüllü olaraq Qarabağ uğrunda döyüşlərə getmək arzusunu komandanlığa bildirmişdi. Hərbi liseydən sonra, 1993-cü ildə Şükür Həmidov Bakı Birləşmiş Ali Hərbi Komandirlər Məktəbinə daxil olaraq təhsilini davam etdirmiş və 1995-ci ildə motoatıcı ixtisasına yiyələnərək leytenant rütbəsində Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissələrin birində tağım komandiri kimi xidmətə başlamışdı. Orada mayor hərbi rütbəsinə qədər yüksələn Ş. Həmidov 2006–2008-ci illərdə Silahlı Qüvvələrin Hərbi Akademiyasının müdavimi olmuşdur. Cəbhə bölgəsində müxtəlif vəzifələrdə xidmət edərək komandir vəzifəsinədək yüksələn Şükür Həmidova Lələtəpə yüksəkliyinin azad edilməsi əməliyyatı zamanı göstərdiyi şücaətə görə həm də vaxtından əvvəl polkovnik hərbi rütbəsi verilmişdi.
Sağlığında polkovnik Şükür Həmidov Aprel döyüşləri ilə bağlı xatirələrini dilə gətirərkən demişdir: “Ermənilər Lələtəpə istiqamətindəki ərazini “Ohanyan səddi” adlandırırdılar. Onlar hesab edirdilər ki, burada möhkəmləniblər və guya bura keçilməz idi. Amma döyüşçülərimiz bu həddi göz qırpımında keçdilər. 40 dəqiqə ərzində bizim hərbçilərimiz həmin ərazini azad elədilər... Təpədə bayrağımız dalğanırdı. Bütün istiqamətlərdə düşmən pərakəndə şəkildə qaçırdı... Yaşıl təpə deyilən dağa qədər düşməni mövqelərdən çıxardaraq əlverişli hədlər üzrə mövqelərimizi möhkəmləndirdik. Güclü ordumuzun, peşəkar komandirlərimizin başçılığı altında üçrəngli bayrağımızı Şuşa qalasında, Xocalıda, Qubadlıda və digər işğal olumuş bölgələrimizdə dalğalandıracağıq. O yerləri yenidən xalqımıza qaytaracağıq...”
Ötən ilin sentyabr ayında sayca 4-cü dəfə təşkil olunan "Hərbiyyə" hərbi-vətənpərvərlik düşərgəsinin açılışında isə Milli Qəhrəman, polkovnik Şükür Həmidov bildirmişdi ki, Azərbaycan Ordusu regionda ən güclü ordudur: "Bu gün ordumuzun heç nəyə ehtiyacı yoxdur. Ali Baş Komandanın diqqət və qayğısı sayəsində ordumuzun maddi-texniki bazası, məişət şəraiti və şəxsi heyətin təminatı ən yüksək səviyyədədir. Arzu edirəm ki, işğalda olan torpaqlarımızı azad edək, gənclərimiz odun-alovun içərisinə girməsin. Bundan da gözəl tədbirlərimiz Qarabağ torpağında keçirilsin...”
Təəssüf ki, itkisiz savaş da olmur, qələbə qansız-qadasız qazanılmır. Türkiyəli yazıçı və şair Hüseyin Nihal Atsızın dediyi kimi, qəhrəmanlar can verir, yurdu yaşatmaq üçün... Oktyabrın 22-də Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Şükür Həmidov qəhrəmancasına vuruşaraq şəhid oldu.
II Fəxri Xiyabanda torpağa tapşırılan Milli Qəhrəmanın dəfn mərasimində Müdafiə naziri Zakir Həsənov, Müdafiə Sənayesi naziri, Milli Qəhrəman Mədət Quliyev, Milli Qəhrəman Rövşən Əkbərov, Şükür Həmidovun zabit yoldaşları və ailə üzvləri iştirak etdilər.
Hər gün qələbə xəbərləri gözləyən Azərbaycan xalqı fəxr edir ki, onu yağılardan qoruyan, torpaqlarımızı işğaldan azad edən belə qəhrəman oğulları var! Bu gün bizə cəbhədə tarixi qələbə anlarını yaşatdıqları üçün Şükür Həmidovla birgə bütün şəhid qəhərmanlarımızın ruhu qarşısında baş əyirik. Allah bütün şəhid əsgər və zabitlərimizə rəhmət eləsin.
Nurəddin Muğanlı,