“Futzal üzrə Azərbaycan milli komandası daha bir uğura imza atmaqla hər birimizi sevindirdi. Moldova milli komandası ilə səfər oyununda qazanılan qələbə, eyni zamanda, seçmə mərhələdə əldə olunmuş ardıcıl dördüncü qələbə oldu. Bu nəticə ilə millimiz artıq Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin etdi”.
Bunu AFFA prezidenti Rövnəq Abdullayev deyib.
O, futzal üzrə Azərbaycan milli komandasının ardıcıl altıncı dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanması ilə əlaqədar fikirlərini affa.az saytına bildirib:
“Bir ildən çoxdur ki, COVID-19 pandemiyası bütün dünyada əksər fəaliyyət sahələrinə öz təsirini göstərməkdədir. İdman da bu baxımdan istisna deyil və xüsusilə, sevindirici haldır ki, bütün bu çətinliklərə baxmayaraq, milli komandamız yüksək əzmkarlıq və peşəkarlıq nümunəsi göstərərək keçirdiyi oyunlarda maksimum nəticə qazanmağa nail olub.
Futzal millimizin son 10 ildə göstərdiyi stabillik, vacib turnirlərdə qazandığı qələbələr, final mərhələlərinə vəsiqə qazanması futbol ailəsinin hər bir üzvünü sevindirir. Milli komandamızın növbəti uğurlu çıxışı münasibətilə futzalçılarımızı təbrik edir, seçmə mərhələnin digər oyunlarında və Avropa çempionatının final mərhələsində uğurlar arzu edirəm”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.