Ötən gün Milli Məclisdə "Dini etiqad azadlığı haqqında” qanuna təklif olunan dəyişikliklər qəbul edilib və buna əsasən, uşaqların dini etiqada məcbur edilməsi qanunla qadağan edilib. Dəyişikliyə əsasən, uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına təsir göstərməməlidir.
Lakin sosial şəbəkələrdə bu istiqamətdə fikirlər artıq haçalanıb. Bəzi şəxslər uşaqların çox hallarda məcbur edildiklərini deyə bilməyəcəyini önə sürərək qanunun daha da sərtləşməsinin, bəziləri isə əksinin tərəfdarıdır.
Maraqlıdır, qanun dəyişikliyi uşaqları dini radikalizmdən qoruyacaqmı?
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü,deputat Azər Badamov Sfera.az-a açıqlamasında dəyişiklik edilən qanunun başqa kənar təsirlərdən uşağın tərbiyəsini, əqidəsini qorumağa xidmət edən qanun olduğunu bildirib:
"Hər bir vətəndaşın dini etiqad azadlığı Konstitusiyamızda təsbit olunub. Kimisə məcbur etmək və onu dini radikalizmə yönəltməyə qanunla da icazə verilmir və təbii ki, bu xoşagəlməz haldır. Artıq qanunda bu öz əksini tapıb, yəni uşaq hansı istiqamətə meyllidirsə, o istiqamətə də inkişaf etməlidir. Bu, dinimizi, cəmiyyəti, həm də uşaqları kənar, yad ünsürlərdən qoruyacaq qanun layihəsi idi və Milli Məclisdə qəbul edildi”.
Millət vəkili vurğulayıb ki, cəmiyyət inkişaf etdikcə qanunlar da inkişaf edir: "Məsələn, bir neçə il bundan əvvəl qəbul olunmuş Dini etiqad azadlığı haqqında qanunda müvafiq dəyişikliklərin edilməsinə zərurət indi yarandı. Həmin qanun bu gün köklü olaraq dəyişib. Yəni, dəyişikliklərin əhatə dairəsi daha genişdir. Vaxt ötdükcə, cəmiyyət inkişaf etdikcə yeni tələblər ortaya çıxa bilər. Əgər tələb olarsa, təbii ki, qanunun sərtləşdirilməsi mümkündür”.
Tanınmış ilahiyyatçı Elşad Miri isə saytımıza açıqlamasında qanunla bağlı bir sıra sualların ortaya çıxdığını qeyd edib: "Bununla bağlı şikayəti kim edəcək? Kim deyəcək ki, uşaq zorla buna gedib, yoxsa öz istəyi ilə? Bunu məktəbdə həyata keçirəcəklərsə, uşağı valideynlə məktəb arasında qoyacaqlar. Yəni, uşağın özünün psixologiyasını pozacaqlar. Amma radikallığa görə hər hansı bir tədbir görülməlidirsə, o zaman valideynlərinə qarşı hansı tədbirlər görülməlidir? Bunu necə həyata keçirmək lazımdır? Ona görə də düşünürəm ki, bu, düşünülmədən, müəyyən məsələləri aradan qaldırmaq üçün, o cümlədən müzakirəyə çıxarılmadan, insanların, cəmiyyətin bu məsələ ilə bağlı fikirləri öyrənilmədən, debatlar edilmədən atılmış addımdır.
Bu, yaxşı heç bir şey vəd etmir. Uşaqların xeyrinə olacaq bir addım atılmalı idi. Təəssüflər olsun ki, bu, üzdə elə görünə bilər, amma istisna deyil ki, uşaqların psixologiyasının pozulmasına yönəlik bəzi davranışlar olacaq”.
Müsahibimiz bildirib ki, ümumiyyətlə beynəlxalq qayda-qanunlarda da uşaqların 15 yaşına qədər valideynlərin yanında onların dini düşüncələri, onları yerinə yetirməsi ilə bağlı icazə var və bununla bağlı heç bir qadağa yoxdur: "Bundan başqa, məsələn, hər hansı bir uşaq məktəbə getmirsə, valideyn onu göndərirsə, bu, valideynin uşağa qarşı zorakı hərəkət etməyini göstərirmi? Ya da dərsini oxumayan uşaqla bağlı valideyn təkid edirsə, bu, zorakılıq sayılır ya sayılmır? Buna görə də məsələyə təktərəfli deyil, hər tərəfli baxmaq lazımdır. Bu, qanunla tənzimlənəcək bir şey deyil”.