“Milli-mənəvi birliyimiz, Vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və mətinliyi 44 günlük müharibədə özünü daha bariz şəkildə göstərdi. Bu oğullar öz xalqının əsrlərin sınağından çıxmış milli xüsusiyyətlərinin mahir daşıyıcılarıdır, onların igidlik nümunələrində xalqın, millətin köklü duyğuları yaşayır. Milli mentalitetimiz, milli ləyaqətimiz məhz xalqın qiymətli potensialı olan belə oğulların çiyinlərində yüksəlir. Bu gün torpaqlarımızı erməni tapdağından azad edərkən şəhid olmuş əsgərlərimizə Allahdan rəhmət diləyirik!”
Bu sözləri Qafqaz Müsəlmanları İdarəsi Qazilər şurasının üzvü hacı Surxay Məmmədli deyib.
Onun sözlərinə görə, müharibədə döyüş də var, şəhidlik də var: “Şəhidlik Vətənə məhəbbətin zirvəsidir. Şəhidlik adı ölüm deyil, VƏTƏN, TORPAQ, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik - verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir”.
S. Məmmədli sözlərinə belə davam edib:
“Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə dərin ehtiram əlaməti olaraq 2021-ci il sentyabrın 27-dən Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir. Hazırda ölkənin hər yerində abidələr, xatirə kompleksləri, bulaqlar inşa edilir, şəhidlərə həsr olunmuş guşələr yaradılır və onların ailə üzvləri ilə görüşlər keçirilir. Belə həssas günlərdə məni heyrətləndirən və düşündürən bir məsələni sizlərə bölüşmək istəyirəm, əziz xalqım.
Çox maraqlıdır...
Məhərrəm ayında qeyrət nümayiş etdirib, mənə irad tutanlar, sözüm sizlərədir: "Bu aylar Şəhidlərimizin il dönümü ərəfəsidir, Anaların göz yaşları qurumayıb! Hər gün şəhidlərimiz anılır, onların ruhuna dualar oxunur, sizlər isə toy edirsiniz...
Bəs buna sözünüz nədir, bunu kimin adına yazacaqsınız?!
Məhərrəm ayında toy edənlərə irad bildirməkdə məqsədim bu günlər üçün idi. Şəhidlərimizin anım günlərində toy edənlər, bəs buna fikirləriniz necədir? Şəhidlik məktəbindən dərs alan şəhidlərimizin anım gününə hörmət etməyi din tələb etmir, şərəf, ləyaqət və milli kimlik tələb edir. Məhərrəm ayında İmamımıza yas tutduğumuz kimi bu günlərdə də şəhidlərimizi anırıq. Çünki biz milli-mənəvi, dini dəyərlərimizlə yaşayır, onlara hörmət və ehtiram edirik”.