AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayonu Tüklə kəndinin Şəhid əsgəri Əli Seyran oğlu Nəcəfovun anım mərasimi keçirilib

  • + A
  • - A
  • 23-10-2021, 09:12



    Şəhid əsgər Əli Nəcəfovun anım mərasimi qeyd olunub.

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, 22 oktyabr 2021-ci il tarixdə Masallı rayonunun Tüklə kəndində 44 günlük Vətən müharibəsinin şəhid əsgəri Əli Seyran oğlu Nəcəfovun anım mərasimi keçirilib.

    Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatları-Professor Anar İsgəndərov və Məşhur Məmmədov, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, SHXÇDX rayon şöbəsinin əməkdaşları, YAP rayon təşkilatının fəalları, şəhid ailələri, qazilər, kənd sakinləri iştirak ediblər.

    İcra başçısı cənab Ş.Məmmədov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən, ordu-xalq birliyindən, Əli və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığından söhbət açaraq qeyd etmişdir ki, heç kim şəhidlərin ruhunu incidə bilməz. Əli kimi oğullar bizə əyilən vüqarımızı, qürurumuzu qaytarmışlar. Həqiqətin bir üzü var. Şəhidlər nümunəvi, yaxşı vətəndaş oldular Azərbaycanımıza. Təsəllimiz budur ki, Əli təkcə Seyranın yox, hamının övladıdır. Onun kədəri bu kəndin, bu obanın kədəridir. Bizə Qələbə sevincini yaşadan şəhidlərimizin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Allah Əli balamıza, bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin…

    Rih başçısı həmçinin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən müharibəsində yanımızda olan, bizə dost, dəstək və düşmən olan ölkələrdən danışmışdır.
    Məlumat üçün bildirək ki, Əli Seyran oğlu Nəcəfov 24 may 1998-ci ildə Masallı rayonunun Tüklə kəndində anadan olmuşdur.
    2004-cü ildə Bakı şəhərində yerləşən 276 nömrıli tam orta məktəbində təhsil almışdır.
    2016-2020-ci il tarixlərdə Azərbaycan Universitetinin Maliyyə fakültəsində, «Maliyyə və İqtisadiyyat» ixtisası üzrə ali təhsil almışdır.
    Ali təhsilini başa vurduqdan sonra Əli Nəcəfov Vətənə olan vətəndaşlıq borcunu da yerinə yetirməyə hazırlaşırdı. Beləliklə, o, 25 iyul 2020-ci il tarixində hərbi xidmətə yollanmışdır.
    Hərbi xidmətini ilk dəfə Suymqayıt şəhərində yerləşən «N» saylı hərbi hissədə, daha sonra isə Qobustan rayonunda yerləşən «N» saylı hərbi hissədə yerinə yetirmişdir.
    2020-ci ilin sentyabr ayının 27-dən başlanan Vətən müharibəsi uğurunda savaşda, Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə düşmənə qarşı böyük mərdliklə vuruşmuşdur. İgid döyüşçü qəhrəmanlığı ilə öz adını tarixə yazmışdır.
    Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin əməkdaşı xəbər verir ki, Əli 2020-ci ilin oktyabrın 20-si şəhidlik məqamına əbədi ucalmışdır.
    Oktyabrın 22-də doğulub boya-başa çatdığı Tüklə kənd qəbiristanında böyük izdihamla dəfn edilmişdir.
    Subay idi.
    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Əli Seyran oğlu Nəcəfov ölümündən sonra «Vətən uğrunda» və 25 dekabr 2020-ci il tarixli digər Sərəncamına əsasən «Xocavəndin azad olunmasına görə» medalları ilə təltif edilmişdir.

    Şəhid Əli Nəcəfovun ailəsi hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və Masallı rayonunun icra başçısına dərin minnətdarlığını bildirib.

    Sonra mərasim iştirakçıları qəbiristanlıqda şəhid Əli Nəcəfovun məzarını ziyarət ediblər.

    Şəhidin xatirəsi ehtiramla yad edilib, “Qurani-Kərim”dən ayələr oxunub, dualar edilib, məzarı üstünə çiçəklər düzülüb.


    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR