25 oktyabr 2021-ci il tarixində xarici İşlər naziri Ceyhun Bayramov Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Salima Abdelhakı diplomatik fəaliyyətinin bitməsi münasibətilə qəbul edib.
Azadmedia.az xəbər verir ki, Nazir Ceyhun Bayramov səfirin ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirib və ona gələcək fəaliyyətində uğurlar arzu edib. Azərbaycan ilə Əlcəzair arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu vurğulayan nazir, bu əlaqələrin müxtəlif istiqamətlərdə daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu qeyd edib.
Nazir Ceyhun Bayramov qarşı tərəfə bölgədə münaqişə sonrası yaranmış yeni vəziyyət və Azərbaycan tərəfindən üçtərəfli bəyanatların icrası ilə əlaqədar həyata keçirilən konkret addımlar barədə ətraflı məlumat verib. Ərazilərimizin işğalı amilinin aradan qaldırılması ilə bölgədə yeni əməkdaşlıq imkanlarının yarandığı qarşı tərəfin diqqətinə çatdırılıb.
Nazir, həmçinin pandemiya ilə əlaqədar birbaşa təmasların məhdud olmasına baxmayaraq, Əlcəzairli həmkarı ilə beynəlxalq platformalarda təmaslarını qeyd edib. O, ölkələrimizin beynəlxalq təşkilatlarda, o cümlədən BMT, İƏT, QH çərçivəsində uğurla əməkdaşlıq etdiyini ifadə edib.
Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Salima Abdelhakı diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və ölkələrimiz arasındakı münasibətlərin inkişafından məmnunluqla bəhs edib. Səfir ölkəsinin hər zaman beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutduğunu və bu xüsusda, ölkəsinin Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini dəstəklədiyini vurğulayıb.
Görüş zamanı tərəflər, iki ölkə arasında münasibətlərin inkişafı perspektivlərini müzakirə ediblər.