AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şəmkir rayonunda Vətən müharibəsi şəhidi polkovnik-leytenant Rəşad Sadıqovun xatirəsi ehtiramla anılıb

  • + A
  • - A
  • 1-11-2021, 09:53


    Şəmkir rayonunda Vətən müharibəsi şəhidi polkovnik-leytenant Rəşad Xanlar oğlu Sadıqovun şəhadətinin ildönümündə xatirəsi ehtiramla yad olunub. Bu münasibətlə keçirilən mərasimdə rayon rəhbərliyi, Milli Məclisin təmsilçiləri, şəhid polkovnik-leytenantın xidmət etdiyi N saylı hərbi hissənin nümayəndələri iştirak ediblər.
    Tədbir iştirakçıları əvvəlcə Rəşad Sadıqovun məzarını ziyarət edərək, şəhid polkovnik-leytenantın məzarı üzərinə gül-çiçək dəstələri düzüblər.
    Sonra Rəşad Sadıqovun anım mərasimi keçirilib. Mərasimdə bütün şəhidlərimizin ruhlarına dualar oxunub, xatirələri ehtiramla anılıb. Mərasimdə çıxış edənlər bildiriblər ki, ötən il Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə Azərbaycan dövlətçilik tarixinin ən parlaq və şərəfli səhifələrindən biridir. 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu öz gücünü və qüdrətini bütün dünyaya nümayiş etdirərək, ölkəmizin ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edib.
    Qeyd olunub ki, bu Zəfərin qazanılmasında və torpaqlarımızın azad edilməsində böyük şücaət və vətənpərvərlik nümayiş etdirərək, öz canından keçmiş qəhrəman övladlarımızın əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaqdır.
    Mərasimində bildirilib ki, şəhid polkovnik-leytenant Rəşad Sadıqov 1978-ci il oktyabr 11-də Laçın rayonunda anadan olub.1984-1992-ci illərdə Laçın şəhərində 2 nömrəli tam orta məktəbdə təhsil alıb. 1992-ci ilin may ayında Laçın şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunduğu üçün Sadıqovlar ailəsi Şəmkir şəhərində yaşamağa başlayıblar. 1992-1995-ci illərdə həmin şəhərdə Ə.Cavad adına 1 nömrəli tam orta məktəbdə təhsil alıb. 1995-1999-cu illərdə isə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində (BABKM) ali hərbi təhsil alıb. O, hələ Vətən müharibəsindən əvvəl nümunəvi və peşəkar hərbi xidmətinə görə dəfələrlə 10-dan artıq müxtəlif medallara layiq görülüb. Rəşad Sadıqov 1999-2004-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Şahbuz rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. 2004-cü ildə Naxçıvan şəhərində Heydər Əliyev adına Hərbi Liseydə çalışıb. Daha sonra isə Naxçıvan şəhərində Hərbi Komissarlıqda və Hərbi Hospitalda xidmət edib. Rəşad Sadıqov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Polkovnik-leytenant Rəşad Sadıqov oktyabrın 30-da Laçın döyüşləri zamanı şəhid olub.
    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında hərbi vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra polkovnik-leytenant Rəşad Xanlar oğlu Sadıqov “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.
    Mərasimdə vurğulanıb ki, Rəşad kimi igid oğulların əziz xatirəsi əbədi olaraq xalqımızın qan yaddaşında yaşayacaq, ehtiramla yad olunacaqdır.
    Tədbirdə şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısına görə ölkə rəhbərliyinə razılıq bildirilib.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR