Qlobal dünya nizamına təhdidlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “ Biz hamımız dünyanı daha da təhlükəsiz etmək üçün bir-birimizlə daha yaxından çalışmalıyıq “
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılışında çıxış etmişdir.Prezident demişdir: “Ötən ilin noyabrında burada – “Gülüstan” sarayında keçirilən görüşümüzdən bəri dünyanın dəyişməsi aydındır. Dəyişiklik fundamentaldır. Hələ ki, proqnozlaşdırılması mümkün olmayan fəsadlarla müşayiət olunur, lakin dünyanın fərqli olacağı aydındır və o, artıq fərqlidir”. Azərbaycan Respublikası Prezidentinin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən ənənəvi Qlobal Bakı Forumuna 50-dək ölkədən nümayəndə heyətləri, o cümlədən dövlət başçıları, nazirlər, sabiq prezidentlər, eləcə də beynəlxalq təşkilatların rəhbər və yüksək vəzifəli şəxsləri qatılıb. Dövlətimizin başçısı Forumun iştirakçılarını salamlayaraq qeyd etmişdir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal məsələləri müzakirə edən və geniş beynəlxalq birliyi öz sıralarına qata bilən aparıcı beynəlxalq institutlardan birinə çevrilib. Bu, bizim müzakirələrin cəlbedici olduğunu nümayiş etdirir, bu platformaya ehtiyacın olduğunu nümayiş etdirir və o, çox faydalıdır, onun çox mühüm praktiki təsiri var. Prezident vurğulayıb ki, Avropadakı cari vəziyyət barədə açıq müzakirələrin aparılması tələb olunur və Qlobal Bakı Forumu bunun üçün mükəmməl platformadır. Bu, müxtəlif tərəflərin fikirlərini toplayan inklüziv bir Forumdur. Biz hamımız dünyanı daha da təhlükəsiz etmək üçün bir-birimizlə daha yaxından çalışmalıyıq.
Forumda Prezident cənab İlham Əliyev ölkəmizin və yerləşdiyimiz regionun təhlükəsizlik məsələlərinə də toxunmuşdur.Ölkə başçımız vurğulamışdır ki, Qarabağ münaqişəsinin həlli regionda sülh və təhlükəsizlik üçün bir fürsətdir: “Azərbaycan müharibədə qalib gəldi, müharibə ədalətli idi, müharibə labüd idi və ədalətin, beynəlxalq hüququn və Azərbaycan xalqının milli ləyaqətinin bərqərar olunması ilə nəticələndi. İndi biz sülh haqqında danışırıq. Hesab edirəm ki, belə uzunmüddətli qarşıdurmadan sonra ədaləti bərqərar edən və təcavüzkarı məğlub edən ölkənin qısa müddət ərzində sülh təklif etməsi dünyada nadir hallardan biridir. Müharibələr tarixinə baxsanız, bir çox hallarda bu mənzərə müşahidə edilmir. Nə üçün biz sülhü seçdik? Çünki biz Cənubi Qafqazda sabit, dayanıqlı inkişafı görmək istəyirik. Bu, nadir fürsətdir. Cənubi Qafqaz üç Cənubi Qafqaz ölkəsinin müstəqillik illəri ərzində parçalanmışdır. Ermənistanın işğalı səbəbindən o, 30 il ərzində parçalanmışdır. İndi sülh, əməkdaşlıq yaratmaq vaxtıdır və Azərbaycan bunun üzərində çalışır“.Prezident , eyni zamanda, qeyd etmişdir ki, ötən əsrin tarixində aydın göstərilir ki, 1920-ci ilin noyabrında, Azərbaycanın sovetləşməsindən sonra sovet hakimiyyəti Azərbaycanın tarixi parçası olan Zəngəzuru Ermənistana birləşdirdi. Yəni, Ermənistan Qarabağdakı ermənilər üçün status tələb etməyə cəhd edəcəksə, nə üçün azərbaycanlılar Qərbi Zəngəzurda özləri üçün status tələb etməsin? Həmin ərazilərin əhalisi tamamilə azərbaycanlılardan ibarət olub...”.Zəngəzur dəhlizinin açılması məsələsinin ən qısa zamanda həlli gələcək regional sülhün fundamental elementlərindəndir. Əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə, sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistanla birgə yaşayış və normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səyləri uğursuz olacaq.Cənab İlham Əliyev vurgulamışdır ki, biz 30 il itirdik və erməni işğalı olmasa idi, düşünürəm ki, Cənubi Qafqaz bu gün daha müasir, dinamik və daha geniş iqtisadi potensiala malik region ola bilərdi...”.
Bakıda keçirilən Forum faydalı fikir mübadiləsi üçün böyük imkan yaradır. Bu tədbir kimi təşəbbüslər daha da böyük əhəmiyyət kəsb edir.
İlham Ağayev,
Masallı rayonu Hişkədərə kənd tam orta məktəbinin direktoru
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.