AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanın Vaşinqton görüşündən imtinası: itirən kim olacaq?...

  • + A
  • - A
  • 17-11-2023, 10:47

    Azərbaycanın Vaşinqton görüşündən imtinası: itirən kim olacaq?...


    Rəsmi Bakı 20 noyabr 2023-cü il tarixində Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində keçirilməsi təklif olunan görüşdən imtina edib.

    Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ABŞ Konqresinin Nümayəndələr Palatasında keçirilən dinləmələrdən sonra belə qərar qəbul edib. Noyabrın 15-də baş tutan “Dağlıq Qarabağın gələcəyi” adlı həmin dinləmələrdə ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Brayn Azərbaycana qarşı əsassız, qərəzli açıqlamalarla çıxış etmişdi.

    Modern.az-ın məlumatına görə, siyasi ekspertlər Azərbaycanın mövqeyini şərh ediblər.

    Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, ABŞ Dövlət Departamenti ermənipərəst koqnresmenlərin yedəyində süründüyünə görə Azərbaycanla Ermənistan arasında vasitəçi statusunu itirmək üzrədir.

    “Xarici işlər naziri Ceyhun Bayramov noyabrın 20-də Vaşinqtonda Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşdən imtina edib. Bu o deməkdir ki, rəsmi Bakı Vaşinqtonun vasitəçiliyindən imtina edə bilər”.

    E.Şahinoğlu deyib ki, amerikalı rəsmilər və diplomatlar Cənubi Qafqazla bağlı Konqresin komitələrinin dinləmələrində çıxış edərkən adətən Azərbaycanın siyasətini tənqid edirlər.

    “Çünki Konqresdə dinləmələri təşkil edənlər erməni lobbisinə yaxın konqresmenlərdir. Onlar isə dinləmələrdə Azərbaycan haqqında yalnız tənqidi fikirlər dinləmək istəyirlər. Bu baxımdan Dövlət Departamentinin rəsmiləri problemlə üzləşməmək üçün konqresmenlərin istəklərinə zidd fikirlər söyləmirlər. ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Ceyms O’Brayn Konqresdəki çıxışında amerikalı diplomatların Azərbaycana səfərlərinin təxirə salındığını desə də, ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono noyabrın 8-də Bakıda olub. O, il ərzində bir neçə dəfə Bakıda olub, prezident İlham Əliyevlə və xarici işlər naziri Ceyhun Bayramovla müzakirələr aparıb”.

    E.Şahinoğlu bildirib ki, Vaşinqtonun məqsədi Ermənistanı Rusiyadan uzaqlaşdırmaqdır.

    “Buna baxmayaraq, Brüssel kimi Vaşinqton da “Azərbaycan Ermənistana təhlükə yaradır” bəhanəsiylə Ermənistana dəstəyi artırmağa qərar verib. Halbuki, Brüsselin və Vaşinqtonun məqsədi Ermənistanın Kollektiv Təhülksəzlik Müqaviləsi Təşkilatından çıxmasını və Rusiyanın hərbi bazasından imtinasını təmin etməkdir. Brüssel və Vaşinqton Cənubi Qafqaz siyasətini “Azərbaycan təhlükəsi” üzərində qurduqca, 1) Cənubi Qafqazda möhkəmlənmək imkanlarına zərbə vururlar; 2) Rusiyanı sıxışdırmaq siyasətində Azərbaycanı itirirlər”.

    Siyasi təhlilçi Asif Nərimanlı deyib ki, ABŞ Konqresinin Nümayəndələr Palatasında “Dağlıq Qarabağın gələcəyi” mövzusunda keçirilən dinləmələr erməni lobbisinin “əl işi” olsa da, Vaşinqtonun Cənubi Qafqaz siyasətinin bir hissəsidir.

    “Təzyiqlə rəsmi Bakını danışıqları Qərb masasında aparmağa məcbur etməyə çalışırlar. Hərçənd, bu yanaşma Vaşinqtonu Parisin taleyi ilə üz-üzə qoya bilər.

    Birincisi, dinləmələrə “Dağlıq Qarabağın gələcəyi” adının verilməsi tamamilə bitmiş və perspektivi olmayan “Qarabağ münaqişəsi”ni gündəmdə saxlamaq, erməni separatizmini körükləmək cəhdidir. Azərbaycan bunu nəyin bahasına olursa olsun, qəbul etməyəcək.

    İkincisi, Azərbaycan Fransanın vasitəçiliyindən imtina etdikdən sonra Paris faktiki oyundan kənarda qaldı və bunu heç bir təzyiq dəyişdirə bilmədi. Vaşinqton da oyundan kənarda qalarsa, təzyiqlə nəyəsə nail ola bilməyəcək.

    Üçüncüsü, Qarabağda erməni separatizmi ləğv edilib, bundan sonra sülh müqaviləsi imzalanmasa belə, Azərbaycan itirən tərəf olmayacaq və bu, Bakıya istəmədiyi masada danışıqlardan imtina etmək imkanı yaradır. Əksinə, hansı masada danışıqlara razı olarsa, həmin tərəfi ön plana çıxara biləcək.

    Azərbaycan artıq noyabrın 20-də keçirilməsi nəzərdə tutulan Vaşinqton görüşündən imtina etdi və bu imtinada itirən tərəf Bakı deyil”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR