AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sahibə Qafarova Ermənistan tərəfinin yalanlarını növbəti dəfə ifşa edib

  • + A
  • - A
  • 17-11-2023, 16:45

    Sahibə Qafarova Ermənistan tərəfinin yalanlarını növbəti dəfə ifşa edib


    Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində keçirilən MDB iştirakçısı olan Dövlətlərin Parlamentlərarası Assambleyasının 56-cı plenar iclasında çıxışında Ermənistan tərəfinin yalanlarını növbəti dəfə ifşa edib.
    Spiker bildirib ki, Azərbaycan 2020-ci ildə öz torpaqlarını Ermənistanın işğalından azad etdikdən sonra Ermənistanla beynəlxalq hüququn prinsiplərinə əsaslanan sülh müqaviləsi imzalamaq təşəbbüsü ilə çıxış edib. Lakin Qarabağı sözdə Azərbaycan ərazisi kimi tanıyan Ermənistan təəssüf ki, bu üç il ərzində siyasi və hərbi təxribatlarla məşğul olub. Ermənistan nəinki Üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini yerinə yetirməyərək, öz silahlı qüvvələrini Azərbaycanın Qarabağ bölgəsindən çıxarmayıb, həm də oraya silah, sursat və hərbi qulluqçuların daşınmasını davam etdirib.
    Sahibə Qafarova qeyd edib ki, işğal dövründə basdırdığı və sayı milyondan çox olan minalarla yanaşı, Ermənistan işğaldan azad edilmiş əraziləri də minalamaqda davam edib. Bu il sentyabrın 2-də Ermənistanın baş naziri Azərbaycanın qanuni ərazilərində Ermənistanın yaratdığı və fəal şəkildə dəstəklədiyi separatçı rejimi qondarma “müstəqillik” günü münasibətilə təbrik edib. Sentyabrın 9-da isə bu qeyri-qanuni qurum qondarma “prezident seçkiləri” keçirib. Bu addımları Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı yönəlmiş təxribatçı addımlar kimi qiymətləndirən Milli Məclisin sədri vurğulayıb ki, 2023-cü il sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin işğaldan azad edilmiş torpaqlarımıza qəsdən yerləşdirdiyi minaların partlaması nəticəsində 6 mülki şəxs və polis əməkdaşı həlak olub. Ümumiyyətlə isə, müharibədən sonrakı dövrdə mina partlayışları nəticəsində 340-a yaxın insan həlak olub və ya yaralanıb.
    Çıxışında bu ilin sentyabr ayında həyata keçirilən antiterror tədbirləri barədə də məlumat verən Milli Məclisin sədri vurğulayıb ki, bu tədbirlər Azərbaycanın öz Konstitusiya quruluşunu bərpa etmək və qanunsuz silahlı birləşmələri zərərsizləşdirmək məqsədi daşımışdır. 23 saat ərzində həyata keçirilən antiterror tədbirləri nəticəsində Ermənistanın Qarabağdakı ordusu tam tərksilah edilib, Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimə son qoyaraq, beynəlxalq səviyyədə tanınmış ərazisi üzərində suverenliyini tam bərpa edib.
    Spiker Sahibə Qafarova xüsusilə vurğulayıb ki, antiterror tədbirləri zamanı Azərbaycan beynəlxalq humanitar hüquqa tam uyğun hərəkət edib. Belə ki, bu tədbirlər zamanı mülki əhaliyə və mülki infrastruktura heç bir ziyan dəyməyib. Eləcə də, heç bir “etnik təmizləmə”, ermənilərin Qarabağdan məcburi köçürülməsi ilə bağlı bir fakt belə qeydə alınmayıb. Bunu bölgəyə səfər etmiş iki BMT missiyası da təsdiqləyib.
    Bu aşkar faktlara baxmayaraq, Ermənistanın hələ də Azərbaycana qarşı yalan və əsassız ittihamlar əsasında beynəlxalq ictimaiyyəti aldatmaqda davam etdiyini söyləyən Sahibə Qafarova, Ermənistanın iddialarının yalan olduğunu bir daha bəyan edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR