Ermənistan Respublikası ilə Avropa İttifaqı arasında Avropa İttifaqının Ermənistandakı missiyasının statusu haqqında saziş imzalanıb.
Müqaviləni Ermənistan Xarici İşlər Nazirliyində xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan və Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqos imzalayıblar.
“İlk növbədə, mən fevral ayından bu missiyanı qəbul etdiyinə görə Ermənistan hakimiyyətinə təşəkkür etmək istəyirəm. Bu missiya artıq Ermənistana sabitlik və təhlükəsizlik baxımından çox şey təklif edib. Bu gün imzaladığımız status sazişi ölkədə missiyanın mövcudluğunun müxtəlif hüquq və vəzifələrinin tənzimlənməsinə gəldikdə daha çox hüquqi müəyyənlik gətirməyə kömək edəcək”, - Aİ səfiri bildirib.
Missiyanın genişləndirilməsinə gəlincə, bu məsələ bir neçə gün əvvəl Brüsseldə həllini tapıb. Aİ xarici işlər nazirləri Aİ-nin Ermənistandakı müşahidəçi missiyasının genişləndirilməsi təklifini bəyəniblər.
“Biz inanırıq ki, bu, insanların təhlükəsizliyini gücləndirəcək, biz həm də regionda etimadın yaradılmasına töhfə veririk. Aİ regionda sülhün bərqərar edilməsinə sadiqdir”, - deyə Maraqos bildirib.
Xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan aydınlaşdırıb ki, mandatın dəyişdirilməsindən danışmaq hələ tezdir, söhbət sayın artırılmasından və imkanların gücləndirilməsindən gedir. “Üçüncü tərəflərdən Kanada missiyaya qoşulub və digər ölkələrdən də maraq var”, - nazir müavini deyib.
Ovannisyanın fikrincə, Aİ missiyasının statusu haqqında saziş onun fəaliyyətinin daha səmərəli həyata keçirilməsinə töhfə verməlidir. “Söhbət səhiyyədən tutmuş texniki məsələlərə qədər müşahidəçilər üçün əlçatan şəraitin yaradılmasından gedir. Bu, diplomatların hər bir ölkədə malik olduğu səlahiyyətlərə uyğundur”, - nazir müavini aydınlıq gətirib.
Avropa İttifaqının vətəndaş missiyası Ermənistanda 2023-cü ilin fevralında fəaliyyətə başlayıb. Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində müşahidəçilər patrulluq edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.