AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi

  • + A
  • - A
  • 29-09-2022, 20:45

    İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi

    Sentyabrın 29-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib. Komitə sədri Tahir Mirkişili iclasın gündəliyinə 3 məsələnin daxil edildiyini söyləyib.
    “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı çıxış edən Tahir Mirkişili deyib ki, Azərbaycanda sahibkarlığın inkişafı dövlət başçısının iqtisadi siyasətinin əsas istiqamətlərindən biridir. Sahibkarlığın inkişafında mikro, kiçik və orta sahibkarlığın xüsusi rolundan danışan komitə sədri bu sahədə görülən işlərin əhəmiyyətini qeyd edib. Bildirib ki, ötən müddət ərzində sahibkarlığın dəstəklənməsi istiqamətində həm dövlət, həm də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən lazımi addımlar atılıb. Sahibkarlara güzəştli kreditlər verilib, subsidiyalar ayrılıb, yeni iş yerlərinin açılmasına şərait yaradılıb. Komitə sədri “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda kiçik və orta sahibkarlıq üçün göstərilən hədəflərdən söhbət açıb. Bu hədəflərə nail olmaqda həm KOBİA-nın, həm də yeni qanunun önəmli rolundan danışıb. O, qanun layihəsinin ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə daxil olduğunu deyib. Sənədin bu sahənin tənzimlənməsi və inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.
    İclasda iştirak edən iqtisadiyyat nazirinin müşaviri Niyazi Səfərov bildirib ki, dünyada baş verən böhrana baxmayaraq, ölkəmizdə sabit və davamlı inkişaf təmin edilir, mənfi iqtisadi maliyyə təsirlərinin qarşısı alınır, müsbət iqtisadi və sosial inkişaf dinamikası müşahidə olunur, müasir çağırışlara cavab olaraq artıq yeni strateji kursun icrasına başlanılıb. Ölkəmizdə daha güclü, diversifikasiya olunmuş və dinamik iqtisadiyyatın inkişaf etdirilməsi ilə bağlı genişmiqyaslı işlər görülməkdədir. İqtisadi inkişafın təmin edilməsində xüsusi rol oynayan kiçik və orta biznes subyektləri bu proseslərin həyata keçirilməsində mühüm töhfələr verə bilərlər.
    Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə heyətinin sədri Orxan Məmmədov öz çıxışında deyib ki, Azərbaycanda KOB-ların mövcud potensialını nəzərə alaraq, onların imkanlarından istifadə olunması mühüm əhəmiyyət kəsb edir. O, təqdim edilən qanun layihəsinin vacibliyini qeyd edərək, sahibkarların öz fəaliyytlərində ondan lazımınca yararlanacağını söyləyib. Kiçik və orta biznes subyektlərinə dəstək mexanizmlərindən bəhs edib. Bildirilib ki, “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ölkə iqtisadiyyatında KOB-ların payının artırılması istiqamətində layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Bu çərçivədə mövcud dəstək mexanizmlərindən istifadə edən KOB-ların əhatə dairəsinin genişləndirilməsi, yeni daha səmərəli ünvanlı dəstək mexanizmlərinin tətbiqi ilə ölkədə mövcud biznes mühitinin inkişafı daha da sürətləndiriləcək.
    Orxan Məmmədov təqdim olunan qanun layihəsinin hazırlanması prosesi barədə danışaraq, bu sahədə beynəlxalq təcrübənin öyrənildiyini, layihə ilə bağlı ictimai müzakirələrin keçirildiyini, ekspert rəylərinin nəzərə alındığı diqqətə çatdırıb. Bildirib ki, müasir tələblərə cavab verən hüquqi tənzimləməni özündə ehtiva edən sənəd ölkəmizin sosial-iqtisadi inkişafına öz töhfəsini verəcək.
    Sonra KOBİA İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” yeni qanun layihəsini birinci oxunuşda təqdim edib. Bildirilib ki, 5 fəsil, 15 maddədən ibarət olan qanun mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində münasibətləri tənzimləyir, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dövlət dəstəyinin təşviqinin forma və metodlarını müəyyən edir.
    Sənəddə istifadə olunan əsas anlayışlar, mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində qanunvericilik, dövlət siyasətinin məqsədləri, prinsipləri və əsas istiqamətləri, sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin şərtləri, dəstəyin formaları, göstərilməsi qaydası və qiymətləndirilməsi, habelə dövlət maliyyə dəstəyi, məsləhət və informasiya dəstəyi, subyektlərin innovasiya, məhsul istehsalı və xidmət sahəsində dəstəklənməsi və digər məsələlərlə bağlı maddələr təsbit olunub.
    Layihəyə əsasən, mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində fəaliyyətin əlaqələndirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən səlahiyyətli qurumun yanında daimi fəaliyyət göstərən koordinasiya qrupunun yaradılması nəzərdə tutulub. Bununla yanaşı, səlahiyyətli qurum sahibkarlıq subyektləri haqqında müvafiq məlumatların daxil edildiyi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrini yaradır. Vahid reyestrin aparılması qaydası və həmin reyestrə daxil edilməli olan məlumatların siyahısı mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında əsasnamə ilə müəyyən edilir.
    Təqdimatda qanunun qəbulundan sonra gözləntilər, onun icra mexanizmləri və uyğunlaşdırma ilə bağlı nəzərdə tutulan işlər barədə də məlumat verilib.
    Müzakirələrdə çıxış edən komitənin sədr müavini Əli Məsimli, üzvləri Vahid Əhmədov, Ziyad Səmədzadə, Vüqar Bayramov, Rüfət Quliyev, Mahir Abbaszadə, Məşhur Məmmədov yeni qanun layihəsi barədə öz fikirlərini açıqlayıblar, qeyd və təkliflərini səsləndiriblər. Qanunun ölkədə iqtisadiyyatın inkişafına xidmət edəcəyini bildiriblər. Millət vəkilləri sahibkarlığın inkişafında KOBİA-nın rolundan bəhs ediblər.
    İclasda iştirak edən KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) İdarə Heyətinin sədri Nigar Ələsgərova qanun layihəsinə öz münasibətini bildiriblər, ölkədə sahibkarlara yaradılan şərait, onların dəstəklənməsi istiqamətində atılan addımları yüksək qiymətləndiriblər.
    Müzakirələrin sonunda “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
    İclasda komitə sədri Tahir Mirkişili “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) haqqında məlumat verib. Diqqətə çatdırılıb ki, layihədə qanunun 2-ci maddəsinin 1-ci hissəsində “Azərbaycan Respublikasının Qanunu” sözləri “və “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Azərbaycan Respublikasının qanunları” sözləri ilə əvəz edilir.
    Tahir Mirkişili, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) mahiyyətindən danışıb. Bildirilib ki, layihədə qanunun 6-cı maddəsinin “Ödənişlər” adlandırılması təklif olunur. Bununla yanaşı, yeni 6.4-cü maddənin əlavə edilməsi nəzərdə tutulub. Əlavəyə əsasən, daşınmaz əmlakın ilkin və təkrar texniki inventarlaşdırılması, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi və başqasına keçməsi ilə bağlı daşınmaz əmlak barədə məlumatların yoxlanılması və dövlət reyestrinə daxil edilməsi, daşınmaz əmlakın hüquq sahibi, təsviri və ünvanı barədə dövlət reyestrindən məlumatların verilməsi, sxematik ünvan planlarının tərtibi, hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu və verilməsi ilə bağlı mobil xidmətlərin göstərilməsi, torpaq kadastr məlumatları və çöl-ölçmə işlərinin nəticələri əsasında torpaq sahəsinə dair mütəxəssis rəyinin verilməsi ilə bağlı göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir.
    Bu qanun layihələri də birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR