Xəbər verdiyimiz kimi Rəqabət Məcəlləsinin layihəsi Milli Məclisə daxil olub. Rəqabət Məcəlləsinin qəbulu iqtisadiyyatımıza nə vəd edir?
Mövzu ilə bağlı
Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov Azadmedia.az-a bildirib ki, Rəqabət Məcəlləsinin yeni redaksiyada Milli Məclisə daxil olması çox yaxşı bir xəbərdir. İlk növbədə onu deməliyəm ki, əvvəl də bir layihə var idi. 15 ildən artıq Milli Məclisdə qalmasına baxmayaraq qəbul olunmadı. Yaxşı ki, qəbul olunmadı. Çünki o müasir tələblərə cavab vermirdi. Eyni zamanda BMT-nin Ticarət və İnkişaf üzrə Konfransında qəbul olunmuş "Bazarda hökmran mövqe və ondan sui-istifafə ilə bağlı məsələləri həll edən o model qanunun prinsiplərinə də zidd idi. Bu baxımdan yeni layihə ilə hələ tam tanış olmasaq da, bu amilləri qismən də olsa nəzərə alıblar. Bu layihənin təqdim olunana qədər artıq bir sıra işlər görülüb. İqtisadiyyat Nazirliyi nəzdində Antiinhisar və İstehlak Bazarına nəzarət Dövlət Xidməti aktiv fəaliyyət göstərən dövlət orqanlarındandır. Onların bir sıra etdikləri yeniliklər, o cümlədən dövlət satınalmaları sahəsində şəffaflaşdırmanı həyata keçirməsi haqsız rəqabətin aradan qaldırılmasına yönələn müəyyən addımların atılması və s. bunların hamısını müsbət saymaq olar.
Əməkdaşımızın haqsız rəqabətlə bağlı sualını cavablandıran S.Məmmədov ilk növbədə haqsız rəqabətin aradan qaldırılmasının vacib olduğunu önə çəkib: "Əlbəttə ki, bizdə haqsız rəqabət aradan qaldırılmalıdır. Ciddi bir amildir. Bu da hökmran mövqe tutan manopolistlər, onların fəaliyyəti, onlara dair məhdudlaşdırıcı tədbirlər və s nəzərdə tutulub, yəqin yeni Məcəllədə bu var. Bir də, qeyri rəsmi manopolistlər var, bir şəxs onlarla MMC yaradaraq müəyyən sahələri nəzarət altında saxlayır. Bazarda lazım gələndə dempinq şəraiti yaradır, lazım gələndə məhsul qıtlığı yaşadır. Bazara başqalarının daxil olmasına mane olur".
Sonda hüquq müdafiəçisi yeni məcəllənin qəbulunun bir qədər bu sahədə vəziyyəti yaxşılaşdıracağına ümid etdiyini bildirdi və qurumlara səlahiyyət verilməsinin vacibliyini qeyd etdi: "Həmçinin bir neçə prinsip var. Bu rəqabət orqanına nəzarət edən qurumun müəyyən səlahiyyətləri olmalıdır. Bu səlahiyyətlər yeni layihədə bir qədər genişləndirilib. Bu baxımdan ümid edirəm ki, bu məcəllənin taleyi o biri məcəllədən fərqli olacaq və tezliklə müzakirəyə çıxarılacaq və qəbul olunacaq".
Elnurə Abuşova
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.