AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

TƏBİB-in dəstəyi ilə ISO 7101:2023 beynəlxalq standartı üzrə konfrans keçirilib

  • + A
  • - A
  • Dünən, 18:29

    TƏBİB-in dəstəyi ilə ISO 7101:2023 beynəlxalq standartı üzrə konfrans keçirilib

    TƏBİB və “Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Yeni Klinikada ISO 7101:2023 beynəlxalq standartı üzrə maarifləndirici konfrans keçirilib.
    Konfransda tibb müəssisələrinin rəhbərləri, keyfiyyət mütəxəssisləri və digər maraqlı tərəflər iştirak ediblər. Tədbirin əsas məqsədi ISO 7101:2023 standartının mahiyyəti, səhiyyə xidmətlərində keyfiyyətin idarə edilməsi, pasiyent məmnuniyyəti və effektiv idarəetmə mexanizmləri haqqında geniş məlumat vermək olub.
    TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov çıxış edərək səhiyyə sektorunda keyfiyyətin yüksəldilməsinin və beynəlxalq standartlara uyğunluğun tibbi xidmətlərin dayanıqlılığı və səmərəliliyi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O qeyd edib ki, beynəlxalq standartların tətbiqi səhiyyə müəssisələrində idarəetmə proseslərini təkmilləşdirir, xidmətlərin şəffaf və təhlükəsiz şəkildə təşkilinə şərait yaradır, həmçinin pasiyent məmnuniyyətinin artırılması üçün mühüm mexanizmlər yaradır.
    Tədbirdə Milli Məclisin deputatı, tibb elmləri doktoru Rəşad Mahmudov da çıxış edərək səhiyyə sektorunda beynəlxalq standartların tətbiqinin əhəmiyyətini xüsusilə qeyd edib. O bildirib ki, müasir səhiyyə sisteminin inkişafı və dayanıqlılığının təmin edilməsi üçün beynəlxalq təcrübələrə əsaslanan standartların tətbiqi vacibdir və bu yanaşma tibbi xidmətlərin daha təhlükəsiz, effektiv və innovativ olmasına töhfə verir.
    Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (AİBNDX) yanında Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktorunun müavini Kəmalə Məmmədzadə çıxış edərək ölkədə standartlaşdırma prosedurlarının və qaydalarının əhəmiyyətini vurğulayıb. O, standartlaşdırma prosesinin keyfiyyətinin yüksəldilməsi və beynəlxalq tələblərə uyğunluğun təmin edilməsi baxımından mühüm rol oynadığını qeyd edərək, bu istiqamətdə həyata keçirilən normativ tənzimləmələr və tətbiq olunan yeni yanaşmalar barədə geniş məlumat verib.
    “Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin sədri Samir Novruzlu səhiyyə sistemində keyfiyyətin yüksəldilməsinin və beynəlxalq standartların tətbiqinin əhəmiyyətini vurğulayıb. O, həmçinin iştirakçılara “Səhiyyə və tibb müəssisələrində keyfiyyət infrastrukturunun qurulmasına dəstək” layihəsi haqqında ətraflı məlumat verərək, bu təşəbbüsün səhiyyə müəssisələrində effektiv idarəetmə sistemlərinin formalaşdırılmasına və xidmət keyfiyyətinin artırılmasına töhfə verəcəyini bildirib.
    Tibb müəssisələrində beynəlxalq standartların tətbiqi üzrə mütəxəssis, “Keyfiyyət Assosiasiyası” İB-nin nümayəndəsi Günay Paşa çıxış edərək ISO 7101:2023 standartının məzmunu, əsas prinsipləri və tətbiq sahələri barədə ətraflı məlumat verib.
    Özəl Tibb Müəssisələri Assosiasiyasının (ÖTMA) İdarə Heyətinin sədri Günel Əliyeva çıxış edərək səhiyyə sektorunda keyfiyyətin önəmini və beynəlxalq standartların tətbiqinin vacibliyini vurğulayıb. O, səhiyyə xidmətlərinin inkişafı və təkmilləşdirilməsi üçün beynəlxalq standartların əsas rol oynadığını qeyd edərək, bu standartların tibbi xidmətlərin təhlükəsizliyini artırdığını, xidmətlərin səmərəliliyini təmin etdiyini bildirib.
    “SƏHHƏT” Azərbaycan-Almaniya tibb klinikasının direktoru Malik Kərimov rəhbərlik etdiyi müəssisədə tətbiq olunan standartların faydaları haqqında məlumat verib.
    Respublika Diaqnostika Mərkəzinin Kliniki Farmakoloji şöbəsinin müdiri Xuraman Manafova çalışdığı müəssisədə standartlaşdırılmış prosedurlar və iş prinsiplərinin xüsusiyyətləri haqqında məlumatları təqdim edib.
    Tədbir çərçivəsində müzakirələr aparılıb, sual-cavab sessiyası təşkil edilib. Konfransın sonunda səhiyyə müəssisələrində keyfiyyət menecmenti sistemlərinin təkmilləşdirilməsi və ISO standartlarının tətbiqi ilə bağlı gələcək əməkdaşlıq imkanları müzakirə olunub.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR