Bir-iki gün bundan öncə bloqer Kamil Zeynallı özünün instaqram səhifəsində “Kontakt Home” mağazalar şəbəkəsi haqqında bir paylaşım yayıb və şəhid Adilov Şirəli İlham oğlunun ailə üzvləri götürdükləri yataq dəstinə görə ödənişləri həyata keçirilmədiklərindən, adı çəkilən bu şirkətin əməkdaşları tərəfindən yataq dəstinin zorla geri götürülməsi haqda olduqca əsassız, heç bir məntiqə sığmayan absurd məlumatı ictimaiyyətin diqqətinə çatdırıb. Qeyd edək ki, özünü geniş ictimaiyyətə bloqer kimi təqdim etmiş bu şəxs məsələ barəsində dəqiq araşdırma aparmadan, məhz məsələni belə bir formada geniş ictimaiyyətin diqqətinə çatdırmaqla, bir növ cəmiyyətdə müəyyən çaşqınlığın əmələ gəlməsinə səbəb olub. Unutmaq olmaz ki, ötən ilin 27 sentyabrında başlayan və 44 gün ərzində davam edən Vətən savaşında “Kontakt Home” mağazalar şəbəkəsinin şəhid və qazi ailələrinə göstərdiyi yardımlar və s. hər kəsə bəlli olan həqiqətlərdir. Əgər belə bir məsələ haqda istər Kamil Zeynallı, istərsə də bu şəxsin paylaşımını tirajlayan bəzi media qurumlarının əməkdaşları məsələyə tam aydınlıq gətirmək istəsəydilər, o halda məsələnin mahiyyətini daha dərindən araşdırar və əsl həqiqəti üzə çıxara bilərdilər. Ona görə də tərəfimizdən belə bir məsələ ilə bağlı müəyyən araşdırmalar apardıq ki, əsl həqiqətlərin üzə çıxarılmasına nail ola bilək.
Bəli, tərəfimizdən bu yöndə apardığımız araşdırmalar zamanı məlum oldu ki, qeyd olunan yataq dəsti şəhidin ailəsinə deyil, onun qayınanası Məmmədova Azadə Süleyman qızına məxsus olub və bu xanım “Kontakt Home” mağazalar şəbəkəsiindən götürdüyü məhsulu, qızı ailə həyatı qurarkən övladına hədiyyə edir. Əldə etdiyimiz digər məlumata görə Şirəli bəy Vətən savaşında şəhid olduqdan sonra, Azadə Məmmədovanın qızı hansısa səbəb üzündən ata evinə geri qayıtmalı olur. Az sonra Azadə xanım “Kontakt Home”un Çağrı Mərkəzinə müraciət edir və götürdükləri yataq dəstinə görə ödənişləri davamlı həyata keçirmələrinə baxmayaraq, ondan imtina etdiklərini və yataq dəstini geri qaytarmaq istəyində olduğunu bildirir. Çağrı Mərkəzinin operatoru Azadə Məmmədovanın kürəkəni Şirəli Adilovun şəhid olduğunu dəqiqləşdirdikdən sonra, onların şirkətə qalan borclarının bağışlanılacağı və məhsulun şəhidin evində qalması təklif olunsa da, Azadə xanım belə bir təkliflə razı olmur və yataq dəstini geri qaytarmaq istədiyini bildirir. Buna səbəb, şirkət əməkdaşı şəhid Şirəli Adilovun ölüm aktının şirkətə təqdim olunmasını və bunun qarşılığında yataq dəstinə görə ödənilməli olan qalan borcun silinəcəyini, yataq dəstinin şəhidin evində qalacağını bildirsə də, mərhumun anası ölüm aktını Azadə Məmmədovaya verməkdən imtina edir. Azadə xanım qeyd edib ki, oğlu şəhid olmuş ana mərhum Şirəli Adilovun həyat yoldaşını üç yas mərasimindən sonra yaşadıqları evdən başına hava gəlməsi bəhanəsi ilə qovub. Müqavilə sənədi “Kontakt Home” mağazalar şəbəkəsi ilə şəhidin qaynanası Azadə Məmmədova arasında bağlandığından, yataq dəstinin geri qaytarılması tələbi ilə çıxış etmək, yalnız adı çəkilən bu xanımın səlahiyyətində olan məsələdir. Başqa bir şəxsin belə bir iddia tələbi ilə çıxış etmək hüququ olmadığından, şirkət yalnız Azadə Məmmədovanın mövqeyini əsas götürür.
Onu da bildirək ki, bu yöndə qarşı tərəflə həyata keçirilmiş danışıqların səsyazıları da mövcuddur. Əgər zərurət yaranarsa, o halda ortada olan çaşqınlıqları aradan qaldırmaq məqsədilə, qeyd olunan səsyazısı ictimaiyyətin diqqətinə də çatdırıla bilər. Tərəfimizdən apardığımız araşdırmalar zamanı o da bəlli oldu ki, belə bir məsələdə “Kontakt Home” mağazalar şəbəkəsinin heç bir günahı yoxdur. Buna baxmayaraq, məsələnin mahiyyəti lazımi araşdırmalar aparılmadan ictimaiyyətə fərqli şəkildə çatdırılır və belə bir səbəbdən də, şəbəkənin ictimai nüfuzuna müəyyən qədər xələl gətirilir.
Onu da ictimaiyyətin diqqətinə çatdıraq ki, “Kontakt Home” ailəsi 44 gün davam edən Vətən savaşında iştirak edən qazilərin müayinə və müalicəsinə, şəhid ailələrinin həyat şəraitinin yaxşılaşdırılmasına, həmçinin hərbi xidmətdə olan şirkət əməkdaşlarının ailələrinə, üstüstə 500 000 manatdan çox maddi yardım göstərir. Müharibədə şirkətin 97 nəfər əməkdaşı iştirak edir və yalnız Aslan Rzayev adlı şəxs şəhid olur. Hal-hazırda “Kontakt Home”nin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində fəaliyyət göstərən mağazasında şəhid Aslan Rzayev adı ilə bağlı guşə yaradılıb və bir yaşlı övladının 18 yaşına kimi aylıq xərclərini, həmçinin ali təhsil ocağına daxil olacağı təqdirdə, onun dörd illik təhsil haqlarını ödəyəcəyini şirkət öz üzərinə götürüb. Bundan əlavə, şirkət tərəfindən şəhidin ailəsinə birdəfəlik maddi yardım da göstərilib. Şirkətin qadın əməkdaşı olmuş Arəstə Baxışıovanın da ailəsi unudulmayıb və onun təhsil alan övladlarının təhsil haqlarına görə, “Kontakt Home” ailəsi tərəfindən 20 000 min manat məbləğində vəsait ayırılır. Hərbi əməliyyatların davam etdiyi vaxtlarda yaralı hərbçilərimizin müayinə və müalicə olunmalarına köməklik göstərilməsi məqsədilə, “Kontakt Home” mağazalar şəbəkəsi tərəfindən Silahlı Qüvvələrin Yardım Fonduna 150 000 manat məbləğində vəsait köçürülür.
Hətta, Vətən savaşının ilk günlərində səfərbərlik həyata keçirilərkən, hərbi xidmətə çağırılmış şirkət əməkdaşlarının ailələrinə üstüstə 50 000 manat məbləğində birdəfəlik yardım göstərilir. Ən əsası, müharibədə şəhid olan, yaxud da 1-ci qrup əlilik dərəcəsi alan müştərilərin özləri, ailə üzvləri, eyni zamanda 2-ci qrup əlilik dərəcəsi alan müştərilərin şirkətə olan borcları silinir. Göndərilmiş sorğular əsasında 44 gün davam edən Vətən savaşında iştirak edən hərbçilərin, həmçinin hazırda ön cəbhənin qaynar nöqtələrində xidməti vəzifələrini həyata keçirən hərbçilərin də borcları dondurulur. Şəhid ailələrinin, əmək qabiliyyətini itirmiş müharibə qazilərinin şəbəkəyə olan borclarını ləğv olunub, müharibə iştirakçılarının aktiv borcları dondurulub. Güzəştlər bu günə qədər də davam etməkdədir.
Bütün bunlara baxmayaraq, müəyyən çevrə öz paylaşımlarında, yazdıqları açıqlamalarında 17 saylı Yasamal üçüncü seçki dairəsindən millət vəkili olan Elnur Allahverdiyev barəsində heç bir əsası olmayan, cəfəng tənqidi fikirlər tirajlamışlar. Yəni, bu cür addımların atılmasında əsas məqsəd, birbaşa millət vəkili Elnur Allahverdiyevin fəaliyyətinə, onun cəmiyyətdə olan işgüzar nüfuzuna kölgə salmaq niyyəti güdülür. Başqa bir faktı qeyd edək ki, “Kontakt Home” mağazalar şəbəkəsi sahibinin bu şəxs olması iddiası da irəli sürülür. Amma, həmin şəxslər onu da unudurlar ki, “Kontakt Home” mağazalar şəbəkəsinin baş direktoru Həsən İsrafilzadə adlı şəxsdir və bu şirkətin millət vəkili Elnur Allahverdiyevə heç bir bağlılığı yoxdur. Odur ki, bütün KİV nümayəndələrini, bloqerləri və digər şəxsləri belə bir həssas məsələlərdə olduqca diqqətli olmağa, hər bir məsələ haqda yüz ölçüb bir biçdikdən sonra, məhz lazımi addımları atmalarını tövsiyə edirik.
Azadmedia.az