“Professor Yədulla Ağazadə haqqında düşünəndə ilk olaraq gözlərim önündə ömrünü şam kimi millətinin maariflənməsi yolunda əritməyi özünə şərəf hesab edən, özünə kənardan baxmağı bacaran təvazökar bir tədqiqatçı obrazı canlanır: O görkəmli pedaqoqdur, Əməkdar müəllimdir”. Yazıya Filologiya elmləri doktoru, prof. İslam Qəriblinin Yədulla müəllim haqqında yazdıqları ilə başlamağım təsadüfi deyil. Çünki əlimizə kitab alanda ilk düşündüyümüz bu olur: Bu müəllifə, yazdıqlarına zaman ayırmağa dəyərmi? Haqqında söz açacağım kitabla bağlı sorğumun cavabı müsbətdir. Elə yazarlar, elə yazılanlar var ki, onlara sərf etdiyimiz zaman izafi vaxt sərfimiz deyil, mənəvi qazancımızdır, ruhi qidamızdır. “Pirlər bulağından novatorluğa” kitabının müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, prof. Yədulla Ağazadəni, monoqrafiyada “Dağlarda duman qaldı” poemalar kitabı haqqında söz açılan şair, jurnalist-publisist Əli Rza Xələflini yaxşı tanıdığıma görə monoqrafiyanı redaktorun ön sözündən başlamış son sətrinə kimi oxudum. Eyni zamanda Y. Ağazadə, həm də Ə.Xələfli ilə paralel olaraq həmsöbhət olmaq, bu yaradıcı insanların iç dünyaları, ədəbi düşüncələri ilə tanış olmaq imkanı qazandım.
Deyirlər hər müəllif yazdığı əsərinə özündən nəsə əlavə edir- düşüncələrini, ürəyinin bir hissəsini, yaşamının kədərli və sevincli günlərini, həyatının acılı, şirinli xatirələrini... “Pirlər bulağından novatorluğa” kitabında da belədir. Bəri başdan deyim ki, hər hansı bir əsərin tanıtımında redaktorun istiqamətləndirməsi çox vacibdir. Bu cəhətdən Y. Ağazadənin bəxti gətirib deyərdim. Monoqrafiyanın redaktoru və ön sözün müəllifi, filologiya elmləri doktoru, prof. Məsud Mahmudov əsəri maraqlı rakursdan təhlilə cəlb edib, düşünməyi, nəticə çıxarmağı isə oxucunun öhdəsinə buraxıb. “Sönməyən ocağın istisi və ya Azərbaycan ədəbi-bədii mühitində Əli Rza Xələfli fenomeni” adlı ön sözündə müəllifin məqsəd və qayəsi fərqli baxış bucağından çözülür, Əli Rza Xələfli yaradıcılığının özəl xüsusiyyətlərini dərk etmək üçün oxucuya istiqamətlə yanaşı şans verilir. Etiraf edək ki, kitab çapına heç bir qadağanın olmadığı hazırkı dönəmdə nəşr olunan kitabların sayı-hesabı yoxdur. Və əsas problem də burda yaranır-bu kitab bolluğunda hansını seçməli, oxumalı? Nəzərə alanda ki, ədəbi tənqid də çox nəşrlərin üzərindən sükutla keçir, sosial şəbəkələr çox böyük zamanımızı alır, gündəlik qayğılarımız pik həddə, mütaliə həvəsimiz öləzimiş vəziyyətdə...
Hər şeydən əvvəl, prof. Yədulla Ağazadənin Əli Rza Xələflinin “Dağlarda duman qaldı” poemalar kitabı haqqında yazdığı “Pirlər bulağından novatorluğa” monoqrafiyasını vaxtında yazılmış əsər adlandırmaq olar. Prof. Məsud Mahmudovun ön sözdə yazdığı kimi: “Biz bəzən həməsrlərimizi, müasirlərimizi qiymətləndirməkdə, dəyərləndirməkdə çətinlik çəkir, hər şeyi bizdən sonrakıların öhdəsinə buraxırıq. Amma bizimlə eyni dövrdə yaşayan, bizimlə birgə eyni havanı udan, eyni bulağın suyunu içən, bizimlə birgə gələcəyə addımlayan müasirimizin elə yüksək insani xüsusiyyətləri ola bilər ki, onu ancaq həmkarları, yaxın dostları, işlədiyi, hər gün təmasda olduğu insanlar duya, hiss edə bilərlər”.
Qeyd etmək yerinə düşər ki, istedadlı şair, jurnalist, bacarıqlı redaktor, ədəbiyyatşünas-tənqidçi Əli Rza Xələfli şəxsiyyəti, bədii, elmi yaradıcılığı haqqında çox yazılıb və prof. Y. Ağazadənin yazdıqları bunun davamı sayılmalıdır. Deyərdim ki, monoqrafiyanı geniş oxucu auditoriyası üçün maraqlı edən əsas cəhət müəllifin həm ədəbiyyatşünas alim, həm də tənqidçi kimi fikirlərini ədəbi parçalarla təhlilidir:
Qismət ola yaxşıya, meydanda mərd dolana,
Dünya mənim deyənin içində dərd dolana,
Hər kəsə nəsib olmaz ilhamı dörd dolana,
Xələfli yaxşı bilir Haqdan gələn paydı söz.Ə.Xələfli sözün qüdrətinə inanan, sözə səcdə edən söz aşiqlərindəndir. Bu ilahi eşq Nizamidə, Füzulidə olduğu kimi Ə.Xələflidə də ilahi məna kəsb edir və bu məna Y. Ağazadənin tanıtımında oxucuya ilahi həqiqət kimi ötürülür:
“Dünya təkcə mənimdir”-deyənlər də bilsinlər,
Söz doğrunun, düzündü,-həqiqətə gəlsinlər...Azərbaycanın bütövlüyü məsələsi Ə.Xələflinin də könül rübabını dilləndirən əsas mövzulardandır. “Köhnə” mövzuya “yeni” yanaşmasında Ə.Xələflinin poetik gücü zəngin söz palitrası cızmasıdır:
Ruhum canım əvəzi uçuna Diri dağa,
Baxa Araz üstündə Xudafərin cızdağa
Hardan alsın dözümü, tablasın diri, dağa,
Dərdimin Arazından könlümə yol aradım...Milli yaddaşa qayıdış, milli adət-ənənələrə sayğı, soy-kökümüzə bağlılıq hazırkı dövrümüzün ən ağrılı məsələsidir və Ə. Xələflinin də bu vacib məsələyə öz kövrək yanaşması var:
Nənəmin həzin səsi canımdan əsib keçir,
Bu ağı, bu oxşama ruhumu kəsib keçir... “Çağdaş ədəbi tənqid, ədəbi-elmi mühit Əli Rza Xələflini birmənalı olaraq novator sənətkar adlandırır, şairin qədim, klassik janrlara müasir ruh, yeni məzmun gətirməsini bildirir.Maraqlı cəhət ondadır ki, şair yeniliklərə süni şəkildə deyil, olduqca təbii şəkildə, ovqatın, məzmunun tələbinə uyğun olaraq məsnəvidən qoşmaya, qoşmadan, dördülüklərdən bayatı, gəraylı toxunuşlarına keçməklə əsərdə bitkin bir sistem yaradır və bir növ ustad aşığın böyük bir məclisdə bir-birini əvəz edən incəliklərini, fərqli təqdimatını xatırladır”. Prof. Yədulla Ağazadənin səmimi təqdimatında Ə.Xələfli söz üstündə əsən, yazdığı hər kəlməsini qəlbinin süzgəcindən keçirən söz sərrafıdır:
Gələcəyin düz yolu yaddaşdan, izdən keçir,
Biz zaman körpüsüyük, keçmiş də bizdən keçir......Zamanın vaxt bölgüsü keçmiş, bu gün, sabah üzərində qurulub. Keçmişimizi bu günə, sabahımıza ötürən şairlər millətin danışan dili, yaratdılqarı əsərlər isə nəsilləri bir-birinə bağlayan söz kəməndidir. Bu mənada şair-publisist Əli Rza Xələflinin çoxşaxəli yaradıcılığı və bu yaradıcılığa güzgü tutan prof. Yədulla Ağazadənin “Pirlər bulağından novatorluğa” kitabı söz sənətimizin layiqli nümunəsi sayıla bilər.
Esmira İsmayılova
Lənkəran Dövlət Universitetinin Mətbuat xidmətinin rəhbəri