Bu gün Milli Məclisin Sədri Sahibə Qafarova Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyr ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
AzadMedia.az-a verilən məlumata görə, sədr Azərbaycan müstəqillik əldə etdikdən sonra iki ölkə arasında yaranan diplomatik münasibətlərin əlaqələrimizi keyfiyyətcə yeni səviyyəyə yüksəltdiyini bildirib.
Sədr Azərbaycanın apardığı Vətən müharibəsində öz torpaqlarını işğaldan azad etdiyini xatırladaraq, Səudiyyə Ərəbistanının müxtəlif beynəlxalq təşkilatlarda davamlı olaraq ölkəmizi dəstəklədiyini, işğalçılıq siyasəti yürüdən Ermənistanla indiyədək diplomatik münasibətlər qurmadığını deyib.
Milli Məclisin Sədri Xocalı faciəsi ilə əlaqədar 2015-ci ildə Səudiyyə Ərəbistanı parlamentində keçirilmiş tədbiri yüksək qiymətləndirərək ölkəmizə göstərilən bu diqqəti dost münasibəti kimi dəyərləndirib.
Öz növbəsində səfir Haməd bin Abdullah bin Səud bin Xudeyr Azərbaycanda fəaliyyət göstərdiyi dövrdə iki ölkə arasında yüksək səviyyəli bir sıra görüşlərin iştirakçısı olduğunu söyləyib. Qonaq Azərbaycan Prezidenti İlham Əliyevin əlaqələrimizin inkişafına verdiyi əhəmiyyəti yüksək qiymətləndirib. Qeyd edilib ki, ölkələrimiz arasında həyatın müxtəlif sahələrinə aid imzalanmış sənədlər əməkdaşlığımızın daha da dərinləşməsinə xidmət edir.
Parlamentlər səviyyəsində əlaqələrin inkişafında dostluq qruplarının rolunu vurğulayan səfir deputatların mütəmadi görüşlərinin əhəmiyyətli olduğunu söyləyib.
Qonaq 44 günlük Vətən müharibəsi dövründə ölkəsinin burada cərəyan edən hadisələri daim diqqətdə saxladığını, Azərbaycanın müvafiq qurumları ilə təmasda olduqlarını deyib. Erməni işğalından azad olunmuş ərazilərə səfər etdiyini, dağıdılmış binaları öz gözləri ilə gördüyünü, sökülmüş məsciddə namaz qıldığını söyləyib. Bildirilib ki, Səudiyyə Ərəbistanında Azərbaycan həqiqətlərinin geniş ictimaiyyətə çatdırılması məqsədi ilə bir sıra tədbirlər təşkil olunur, bu haqda məlumatlar kütləvi informasiya vasitələrində geniş yayılır.
Söhbətdə parlamentlərarası əlaqələrin gələcək inkişaf perspektivləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.