AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinə daim xüsusi diqqət ayrılır

  • + A
  • - A
  • 25-06-2022, 20:57

    Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinə daim xüsusi diqqət ayrılır

    Rövsən Əhmədov,
    YAP Ağcabədi rayon təşkilatının sədri

    Prezident İlham Əliyevin iyunun 21-də Özbəkistan Respublikasına etdiyi dövlət səfəri iki ölkə arasındakı münasibətlərin dostluq və həmrəyliyə söykəndiyini, əlaqələrin yüksək səviyyədə olduğunu bütün dünyaya göstərdi. Cənab Prezidentin tərcüməçiyə ehtiyac duymadıqlarını, bir-birlərini çox gözəl anladıqlarını etiraf etməsi, iki xalqın bir-birlərinə tarixən doğma olmasına və bu doğmalığın müasir dövrə qədər gəlib çıxmasına ən gözəl nümunədir.
    Səfərin gedişatını izləyərkən Azərbaycan və Özbəkistan prezidentlərinin verdiyi bəyanatlar, geniş tərkibli nümayəndə heyətlərinin keçirdiyi görüşlər və səfər çərçivəsində baş tutan tədbirlər və çıxışlar hər iki ölkə rəhbərliyinin münasibətləri yeni inkişaf mərhələsinə yüksəltmək əzmində olduğunu nümayiş etdirdi.
    Azərbaycan və Özbəkistan keçmiş SSRİ respublikaları olaraq münasibətlərini həm post-sovet məkanında MDB çərçivəsində, həm də türkdilli ölkələr kimi Türk Dövlətləri Təşkilatı vasitəsilə inkişaf etdirirlər. Bundan əlavə, BMT, ATƏT, Qoşulmama Hərəkatı kimi beynəlxalq və regional təşkilatlarda yaxından əməkdaşlıq edirlər.
    Azərbaycan və Özbəkistan arasında dostluq münasibətləri müstəqillik illərində daha da yüksələn xətlə inkişaf edib. 1970-ci illərdə o zaman Azərbaycana rəhbərlik edən Heydər Əliyevlə Özbəkistanın rəhbəri Şərəf Rəşidoviç Rəşidov arasında yaxşı dostluq münasibətləri yaranmışdır. Eləcə də 1990-cı illərdən etibarən müstəqil Azərbaycanın Prezidenti Heydər Əliyevlə Özbəkistanın dövlət başçısı İslam Kərimov arasında qarşılıqlı etimad və səmimi münasibətlər qurulmuşdu. Hazırda dostluq münasibətlərini Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev uğurla davam və inkişaf etdirirlər. Bu dostluğun simvolu olaraq, dövlət başçıları Özbəkistanın paytaxtı Daşkənd şəhərinin Mirabad rayonunda Ulu Öndərin adını daşıyan küçədə Heydər Əliyev Meydanının açılışında iştirak etdilər. Bu, hər birimizi duyğulandıraraq, qürurlandırdı. Bir məqama diqqət edək ki, Mirabad rayonu azərbaycanlıların kompakt yaşadığı ərazidir.
    Ölkə rəhbərləri arasında onilliklər ərzində qurulmuş qarşılıqlı etimad və dostluq Azərbaycan və Özbək xalqları arasındakı səmimi münasibətlərin rəmzidir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin çıxışında “iqtisadiyyat, siyasət vacibdir, lakin bizi birləşdirən əsas dəyər mədəniyyətdir. Düşünürəm ki, bizləri birləşdirən möhkəm vasitə mədəniyyətdir” söyləməsi Azərbaycan və Özbəkistan türkdilli ölkə olması və xalqlarımızın dərin mədəni və mənəvi köklərlə bir-birlərinə bağlı olmasını bir daha önə çəkdi.
    Prezident İlham Əliyev paytaxt Daşkənddən əlavə, qədim Ürgənc və Xİvə şəhərlərinə də səfər etdi. Onun dövlət səfəri çərçivəsində Özbəkistanın qədim şəhərlərini və tarixi-mədəni abidələrini ziyarət etməsi xalqlarımız arasındakı mədəniyyət yaxınlığının daha bir təzahürüdür. Bütün səfərlər zamanı dövlət başçımız İlham Əliyevi Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin şəxsən müşayiət etməsi ölkəmizə və dövlət başçımıza verilən dəyərdir. Səfər zamanı Azərbaycan və Özbəkistan arasında məşğulluq və əmək münasibətləri, nəqliyyat, kənd təsərrüfatı, sənaye, miqrasiya, hərbi əməkdaşlıq kimi sahələrdə saziş və sənədlər imzalandı. Bu sənədlərin imzalanması və dövlət başçılarının bəyanatları deməyə əsas verir ki, ölkələrimiz arasında iqtisadi əməkdaşlıq sahəsində hədəflər böyükdür və qarşıdan gələn illərdə bu istiqamətdə ciddi iş aparılması gözlənilir. Bu imzalanmış sənədlər arasında ən mühüm və strateji xarakter daşıyanı “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə”dir. Çünki Bəyannamə ölkələrimizin gələcək müştərək fəaliyyətinin yol xəritəsi kimi çıxış edir və hər iki dövlətin ərazi bütövlüyünün, müstəqilliyinin və suverenliyinin qarşılıqlı surətdə dəstəklənməsini nəzərdə tutur. Eyni zamanda, Bəyannamədə müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətlə bağlı konkret hədəflər və məsələlər öz əksini tapıb.
    İki qardaş ölkə arasında münasibətdən danışarkən, Özbəkistanın Azərbaycana qarşı səmimi dostluq və qardaşlıq jestini qeyd etmək istərdim; Özbəkistan hökuməti işğaldan azad edilmiş Füzuli rayonunda hədiyyə olaraq orta məktəb inşa etdirir. Tikinti işləri artıq gedir və məktəbin növbəti tədris ilində istifadəyə verilməsi planlaşdırılır. Bu jesti qədirbilən Azərbaycan xalqı və dövləti heç zaman unutmagacaq.
    Səfər bir daha sübut etdi ki, Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinə daim xüsusi diqqət ayrılır. 21 iyun tarixli səfər, aparılmış danışıqlar və imzalanmış sənədlər bunun əyani təsdiqidir. Müzakirə olunmuş mövzular və əldə olunmuş razılaşmalar münasibətlərimizin gələcək inkişafı üçün əsas olacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR