İsrailin Qəzzadakı Əl-Əhli Baptist Xəstəxanasına həyata keçirdiyi və yüzlərlə insanın həyatını itirdiyi hücum bir çox ölkə və beynəlxalq təşkilatlar tərəfindən pislənilib.
Azadmedia.az TRT-yə istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) Əl-Əhli Baptist Xəstəxanasına edilən hücumu qətiyyətlə pisləyib və mülki şəxslərə və səhiyyə müəssisələrinə qarşı hücumları dayandırmağa çağırıb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus da hücumu şiddətlə qınayıb və "Mülki vətəndaşların və səhiyyə xidmətlərinin dərhal qorunmasına çağırırıq" deyib.
Qebreyesus qeyd edib ki, Qəzzanın şimalındakı xəstəxanaların (İsrail tərəfindən edilmiş) təxliyə tələbinin geri götürülməsini istəyirlər.
Avropa İttifaqı (Aİ) Şurasının sədri Çarlz Mişel İsrailin Qəzzada xəstəxananı bombalaması ilə bağlı "Həddindən artıq çox ölü var. Bu, orada yaşayan insanlar üçün sahədəki faciəli vəziyyəti göstərir" deyib.
Mişel bildirib ki, mülki infrastruktura hücum beynəlxalq hüquqa ziddir.
Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cosep Borrell bir daha günahsız mülki şəxslərin ən ciddi şəkildə cəzalandırıldığını vurğulayaraq, Qəzzada xəstəxanaya hücumun səbəbkarlarının cavab verməli olduğunu bildirib.
BMT-nin Uşaq Fondu (UNICEF) xəstəxanaya hücumu sərt şəkildə qınayıb və dərhal atəşkəs çağırışı edərkən, Afrika Birliyi (AfB) də hücumu pisləyib və bunu insanlığa qarşı cinayət elan edib.
Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti prezidenti Ersin Tatar da Qəzzada Əl-Əhli Baptist Xəstəxanasına edilən hücumu pisləyib və bu hücumların qəbuledilməz olduğunu bildirib.
İordaniya kralı II Abdullah İsrailin Qəzza zolağındakı Əl-Əhli Baptist Xəstəxanasına hücumunu pisləyib və bunu "iyrənc müharibə cinayəti" adlandırıb.
İordaniya kralı bəyan edib ki, İsrail amansız təcavüzünü dərhal dayandırmalıdır.
Bu gündən ölkədə 3 günlük matəm elan edilib.
İsrailin hücumundan sonra İran da milli matəm günü elan edib.
İran prezidenti İbrahim Rəisi bildirib ki, İsrailin Qəzzada xəstəxanaya hücumu ilə törətdiyi və yüzlərlə insanın həyatını itirdiyi hərbi cinayətə səssiz qalmaq olmaz.
İran hökuməti həmçinin beynəlxalq ictimaiyyəti, xüsusilə İslam ölkələrini İsraillə əlaqələri kəsməyə və səfirlərini ölkədən çıxarmağa çağırıb.
Livanda da bir günlük milli matəm elan edilib və xəstəxanaya hücum "ən sərt şəkildə" pislənib.
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər, Səudiyyə Ərəbistanı, Misir, İraq Kürd Regional Rəhbərliyi (KRG), Pakistan, Liviya, Əlcəzair, Cibuti, Böyük Britaniya, Fransa, İspaniya, Norveç, Almaniya, Kuba, Venesuela, Çili, Kolumbiya, Somali və bir çox başqa ölkələr və beynəlxalq təşkilatlar da Qəzzada xəstəxanaya edilən hücumu pisləyən və mülki əhalinin müdafiəsini və müharibənin dərhal dayandırılmasını tələb edən bəyanatlar yayıblar.