Səssiz kədər...
...ağ buludlar təkəm-seyrək,
göy öz qatından qalınmı?
...ay doğma, ulduzlar yaxın!
Təklik heç cürə alınmır...
İndi mən harda, dev harda?..
...şəklim asılmış divarda.
Yoxuqsa mən də, divar da...
Təklik heç cürə alınmır...
Allah...ölüm...mən- necolduq?
Neçə dəfə köç-köç olduq!
...yenə sayımız üç oldu.
Təklik heç cürə alınmır...
Unudulmuş kimi bir hal...
...gözün dərd tərəfi göz yaşlarıdı,
dərdli gecələrdi, dərd daşlarıdı.
...hamı özləridi, öz başlarıdı!
Neylim, bilən yoxdu mənim yerimi...
Neylim, dərdnən yaşa doldum, yaşadım,
dərdi ürəyimı saldım, yaşadım,
mən gözəgörünməz oldum, yaşadım!
Bir bilən olmadı mənim yerimi...
Mən dərddən əzələm, dərd məndən axır!
...üzümdən-gözümdən elə dərd yağır.
Mən dərdnən özümü öldürdüm, axı...
Yoxam! Nə bilsinlər mənim yerimi...
*
Mən məddahçı deyiləm,
ayağıma az yazın!
...yazın havası budu,
nə günahı ayazın?
Mən məddahçı olsaydım
"Mədhnamə"yazardım...
...Qurana əl basmazdım,
saraya əl basardım.
Eh...məddahçı olsaydım
belə boşa qalmazdım.
...özüm paşa olardım,
adım Paşa olmazdı!
Maskarad...
...ilham hanı, görünməyir bu axşam?
Gözləyimmi...bəlkə gəldi sübhədək!
...həsrətindən boynu bükük qalmışam!
Gec də olsa gərək gəlsin, ay ürək!..
...gecə keçir, gedən də yox, gələn də!
Hara çəkdi bəs bu xəyal ilhamı?
...ay istedad, pusquda dur, gələndə
tut, qapıdan içəri sal ilhamı.
*
A göy yaylaq, aç sinəni!
Aşiq oldum görən kimi.
...gəlim girim qoynuna mən!
Yar qoynuna girən kimi.
Aşiq səndə qul kimidi...
...günorta günün körükçü!
...aç sinəni, güllü yaylaq,
sinəndə gülün görüksün!
...aç görünsün sinən, yaylaq!
...şər deməsən xeyir gəlməz;
görməsəm köksün altını,
ac sinəmə şeir gəlməz.
...aralığa yaylıq düşdü,
gün də gözünü deşməsin!
...düşən yaylıq olsun, yaylaq,
haşa...ayrılıq düşməsin!
Faciə qəhramanı...
...gələnin dalınca gələn var yenə;
səs səsə qarışıb haray haraya.
Hərəyə bir karvan verib Yaradan,
dünyanı döndərib karvansaraya.
...təzəyəm bu qədim karvansarada;
bu köhnə dünyaya təzə gəlirəm.
Gəlirəm dünyaya dəvəynən-atnan...
Elə bil dünyaya düzə gəlirəm.
İndi ac ağzımı yeləmi açım?
...gedim küllükdəmi gül əkim, neylim?
...karvanım bir səhra müəammasıdı!
Gördüm-deyən yoxdu hələki, neylim!
*
Dilim gəlmir sizə şair deməyə,
gövdəli şairlər, iri şairlər.
...özü yaşayanlar sözü ölənlər,
özləri şerindən diri şairlər.
O dağ, o ucalıq...gedin yeriyin!
Necə yeriyirsiz dağlıqnan, görüm.
Mən sizi o qədər sağ görmüşəm ki
deyəmmirəm: sizi sağlıqnan görüm!
...şeri yox, özləri arxiv olanlar
arxivə bir quru salam at- qalır!
...xəzəl də budaqda gözəl əsərdi,
salamat yel əsdi, salamat qalın!
Yadımdan çıxmamış bir şey də deyim:
bir əsər-əmanət qaldımı sizdən?
Sizin tərəflərdə o tufan nəydi?
Bir əsər-əlamət qaldımı sizdən?..
*
Necə var elə də yazdım!
...sağ əlim solun başına.
...quş kimi qunun başına,
qurd kimi çölün başına.
Mən nə yaram, nə yarım yox...
...qızılamsa əyarım yox!
Diri ikən dəyərim yox...
Nə gəlməz qulun başına?
...bulud nəyimdi, göy nəyim?
Belə köhnədən- köhnəyəm?!
...yellənir qanlı köynəyim,
nə qalır yolun başına?
*
İlahi, necə adamam-
çətinəm, görkəm, asanam!
Hər gün çarmıxa çəkildim-
haqqı yerindən asanam...
...qara dabanam-yeyilən,
qərib yerinnən öyülən!
Elə bil adam deyiləm,
içi qaynayan qazanam...
...özüməməxsus üsulam,
üzü göylərə qüsulam!
Mən səhvəm, haqqam, qüsuram,
dərvişəm, yahu, ozanam!..
Bəyaz buludlar üz ağım...
...bir örkəni var yüz ahın!
Kiməm, nəçiyəm?..uzağı
varsağı şeir yazanam!
*
(Məhəmməd Hadiyə)
Durur tarixiylə olub-keçənlər...
Olub-keçənləri tarix yazırdı!
...kimsə məni qoymur Hadi olmağa;
arxadan vurmağa kimsə hazırdı.
...itib! Bilən yoxdu sözün dilini,
itib! Gedən yoxdu şerin izinnən.
...məndən Hadi olmaz, qəbrim var mənim;
Mən "yoxa" çıxmadım bu Yer üzündən!
Hadi itən yerdi Yer üzü, Allah!
Burda daşdan tutmuş güləcən itib...
Yer üzü Hadidi daşından gülünəcən!
Hadi Yer üzündən beləcə itib...
Paşa Talıblı