AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Metropolitençilər cərgəsinə 20 yeni nəsil maşinisti də qoşulub

  • + A
  • - A
  • 8-10-2021, 18:48


    Pandemiya dövründə verilmiş elanlar üzrə seçim

    “Bakı Metropoliteni” QSC-nin Təlim-tədris mərkəzində yeni nəsil qatarların idarə edilməsinə namizədlər arasından nəzəri və praktiki təlimləri uğurla başa vuraraq, maşinist peşəsinə yiyələnmiş daha bir qrup gəncin iştirakı ilə tədbir keçirilib. İdarəetmə normativlərinin tələblərinə uyğun praktiki sınaq yürüşlərində iştirak edərək imtahan vermiş 20 müdavim yekun imtahanları uğurla başa vurmaqla xəttə qatarla çıxmaq hüququ əldə ediblər.
    Maşinist olmaq arzusu ilə metropolitenin təşkil etdiyi təlimlərdən uğurla keçmiş gənclərin yeni əmək fəaliyyətinə başlaması üçün sonuncu mühüm mərhələ qatarların idarə edilməsi hüququnu verən sənəd - maşinist vəsiqəsinin təqdim edilməsidir. Bununla əlaqədar keçirilən tədbirdə gənclərə uğur arzulayan İnsan resursları və layihələrin idarə edilməsi departamentinin rəisi Əli Əliyev, Hərəkət qatarları üzrə iş departamentinin baş mühəndisi Elmar Əzimov maşinist peşəsinin metropoliten üçün əhəmiyyəti, onun ictimaiyyətdə metropolitenin rəmzi kimi qəbul edilməsini vurğulayıblar. Mərasimdə çıxış edənlər yüzlərlə müraciət edən arasından seçilmiş istedadlı gənclərin bütün sınaqları uğurla başa vurması, elə bu səbəbdən gələcək peşə fəaliyyətində metropolitençi səmimiyyəti, ciddiyyəti və məsuliyyəti ilə əməkdə seçiləcəklərinə əminlik ifadə olunub.
    Bununla, “Bakı Metropoliteni” QSC-nin hərəkət qatarlarının maşinisti peşəsi üzrə son iki il ərzində verdiyi elanlara uyğun olaraq seçilmiş namizədlər təlimləri uğurla bitirdiklərindən yeni nəsil qatarlarını idarə etməyə başlayırlar.
    Qeyd edək ki, “COVID-19” pandemiyası səbəbilə elan edilmiş xüsusi karantin rejimi müddətində müxtəlif dövrlərdə Bakı metropoliteninin sərnişindaşıma fəaliyyəti dayandırıldığından 2020-ci ildə iki, 2021-ci ilin əvvəlində isə verilmiş elana əsasən, formalaşdırılmış təlim kurslarında iştirak edən müdavimlər nəzəri məşğələlərin yekununu uğurla keçsələr də, praktiki vərdişlərin mənimsənilməsi yalnız cari il may ayının 31-dən – Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa edildikdən sonra mümkün olub.
    Pandemiya səbəbilə bu təlimlərin təşkili zamanı ilk dəfə nəzəri dərslərin bir hissəsi virtual qaydada təşkil edilib. Onlayn dərslərin keçirilməsi üçün xüsusi plan tərtib olunaraq, tədris proqramına dəyişikliklər edilmişdi. Praktiki məşğələlər nəzəri təlimlərin yüksək səviyyədə təşkil olunmasını və müdavimlərin biliklərə uğurla yiyələnməsini də əyani nümayiş etdirdi. Bununla, Bakı metropolitenində daha bir tədris yeniliyi də tətbiq edilmiş oldu.
    Qeyd edək ki, ilk belə seçim prosesi 2018-ci ilin yayında dünya təcrübəsi öyrənilməklə, həmçinin Bakı metropoliteninin xüsusiyyətləri nəzərə alınmaqla tətbiq edilib. Texniki və ya ixtisas təhsili olan 24-30 yaşlı namizədlər arasından seçilən müdavimlər uyğunlaşma və ilkin təlim dövrünü başa vuraraq, təlim-tədris prosesinin əsas mərhələlərinə cəlb edilirlər. Bu yeniliyin əsas cəhəti artıq bütün texniki təhsilli gənclərin bu peşəyə yiyələnməsinə şərait yaradılmasıdır. Eyni zamanda artıq qadınlar da metropolitendə hərəkət qatarlarını idarə etməyə iddialı ola bilərlər. Nəhayət, tətbiq edilmiş bu yeniliyin üçüncü mühüm cəhəti, maşinist olmaq arzusunda olanların ən qısa – 6-7 aylıq təlimlərdən sonra maşinist kimi fəaliyyətə başlamasıdır. Onu da əlavə edək ki, buna qədər maşinist peşəsinə yiyələnmək üçün çilingərlikdən maşinist köməkçisi, daha sonra ikinəfərlik idarəetmə və nəhayət, tək idarəetməyə qədər müxtəlif təlim kursları keçilməli, imtahanlar verilməli idi. Bu zaman hər mərhələyə keçmək üçün müvafiq iş təcrübəsi və stajı da tələb olunurdu. Bütün qeyd edilənlərlə 3-5 il davam edən bir prosesə çevrilən qatar maşinistliyi bir çox gənclərin arzusuna çatmasına maneəyə çevrilirdi. Lakin müasir texnologiyalarla təchiz edilmiş qatarların xətlərə buraxılması, həmçinin təlim-tədrisin ən müasir standartlar və texnologiyalarla keçilməsi bu maneələri tam aradan qaldırıb.
    Bakı metropolitenində innovativ texnologiyaların tətbiqi baxımından ən son nəsil qatarların sayı artmaqdadır. "Bakı Metropoliteni" QSC-nin yenidən qurulmuş təlim-tədris mərkəzində yeni tipli qatarların trenajoru tədrisin keyfiyyətini əsaslı şəkildə artırmağa, həmçinin müdavimlərin bu prosesdə bilavasitə maşinistlərlə ünsiyyətdə olaraq, biliklərini, praktiki vərdişlərini daha sürətlə artırmağa kömək edir.














    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR