AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əminə Ağazadə: “Ailəm hər zaman mənim ən vacib dayağım olub" - MÜSAHİBƏ

  • + A
  • - A
  • 25-12-2023, 09:48

    Əminə Ağazadə: “Ailəm hər zaman mənim ən vacib dayağım olub" - MÜSAHİBƏ


    Milli Məclisin deputatı Əminə Ağazadənin AzadMedia.az-a müsahibəsi


    - Əminə xanım, uzun illər prokurorluq orqanlarında çalışmısız. Hazırda isə parlamentdə təmsil olunursuz. Hansı sahədə çalışmaq asan yaxud çətindir?


    - Hər bir fəaliyyət sahəsinin üzünün spesifik xüsusiyyətləri vardır. Bildiyiniz kimi, mən uzun müddət prokurorluq orqanlarında çalışmışam. Qeyd edim ki, çalışdığım Baş Prokurorluqda iş rejimi həmişə kifayət qədər gərgin olub. Lakin onu da deməliyəm ki, Milli Məclisdə, ölkənin ali qanunverici orqanında təmsil olunmağın məsuliyyəti daha çoxdur. Sənə etimad göstərmiş seçicilərin qayğılarını, təmsil etdiyin regionun sosial-iqtisadi problemlərini daim diqqətdə saxlamalısan. Hər bir deputat parlamentdə seçicisinin səsidir. Eyni zamanda, hər bir deputat qanunların hazırlanmasında aktiv fəaliyyət göstərməli, üzv olduğu komitələrdə müvafiq iş aparmalıdır. Bundan başqa, beynəlxalq fəaliyyətdə də ölkəmizi layiqincə təmsil etmək qarşımızda duran əsas vəzifələrdəndir.

    - Bugünkü gündə seçicilərin deputatla əlaqə yaratması çox asandır. Müxtəlif sosial şəbəkələr üzərindən də bunu etmək mümkündür. Əsasən seçicilər hansı məsələlərlə bağlı sizə müraciət edirlər?

    - Qeyd etdiyiniz kimi, bu gün sosial şəbəkələrin vasitəsi ilə seçicilərin deputatla əlaqə saxlama imkanları olduqca asandır. Sosial platformalar üzərindən seçici istənilən məsələ ilə bağlı birbaşa deputata müraciət etmək, onu narahat edən problem haqqında ətraflı məlumat almaq imkanına malikdir. Ümumilikdə, qeyd edim ki, müraciətlərin böyük əksəriyyəti sosial problemlərlə bağlı olur. Təmsil etdiyimiz regionun vacib sosial məsələləri, məşğulluq, hüquqi yardım, vətəndaşların dövlət oraqanları ilə əlaqələrində yaranan problemlər seçiciləri ən çox narahat edən məsələlərdəndir.

    - Təbii ki, seçicilərin problemlərini həll etmək üçün sizin müraciət etdiyiniz müxtəlif qurumlar olur. Elə qurumlar varmı ki, seçici şikayətləri ilə bağlı ünvanladığınız müraciətlərə çox gec cavab verirlər?

    - Deputat sorğularının cavablandırılması prosedur qaydaları qanunla nizamlanır. Qeyd etməliyəm ki, son dövrlərdə dövlət oraqanları onlara ünvalanan müraciətlərin cavablandlrılmasına daha məsuliyyətli yanaşırlar. Əlbəttə ki, iş prosesində müəyyən çatışmazlıqlara da rast gəlinir. Amma qeyd etməliyəm ki, hazırda dövlət orqanları ilə qarşılıqlı münasibətlər normal əməkdaşlıq səviyyəsindədir.

    - Parlamentdə yaxından dostluq etdiyiniz həmkarlarınız varmı?

    - Mənim birgə fəaliyyət göstərdiyim, gündəlik ünsiyyətdə olduğum deputat həmkarlarım var. Hazırda mən iki daimi komitənin üzvüyəm, bir neçə parlament qruplarının nümayəndə heyətində yer alıram, Parlamentə gəldiyim ilk gündən mən daha təcrübəli deputatların isti münasibətinin şahidi olmuşam və buna görə də onların hər birinə dərin təşəkkürümü bildirirəm.

    - Bir çox iş qadınları “dəmir ledi” adını alsa da, ailədə anadır, həyat yoldaşıdır. Üstəlik mətbəxdə yaxşı aşpazdır. Sizin də bu barədə fikirlərinizi eşitmək yaxşı olardı.

    - İctimai vəzifə daşıyan qadınlarının ailədə balansı saxlaması bir qədər çətindir. Hər bir qadın kimi, əlbəttə ki, mənim üçün də ailə hər şeydən vacibdir. Ailəm hər vaxt mənim ən vacib dayağım olub. İşlədiyim sahədən, işimin gərginliyindən asılı olmayaraq ailə üzvlərim mənim üçün həmişə yüksək əhval-ruhiyyəni təmin etməyi bacarıblar və mən buna görə onlara minnətdaram.

    - Qarşıdan növbədənkənar prezident seçkiləri gəlir. Son olaraq bu barədə də fikirlərinizi eşitmək istərdik.

    - Məlum olduğu kimi, 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında birgünlük antiterror tədbirləri nəticəsində dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaratmışdır. 2024-cü il fevralın 7-də təşkil ediləcək növbədənkənar prezident seçkiləri bu reallıqların təsbitidir və müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər ölkəmizin bütün ərazisində keçiriləcək.
    Azərbaycan Respublikasının Seçki Məcəlləsi növbəti Prezident seçkilərinin keçirilməsi ilə növbədənkənar prezident seçkilərinin keçirilməsi arasında hər hansı prosedur, yaxud müddət fərqi müəyyən etmir. Seçkilər növbədənkənar keçirildiyindən vətəndaşlarımız siyasi iradələrini, sadəcə olaraq, vaxtından əvvəl ifadə edəcəklər.
    Əminliklə deyə bilərik ki, gələn il fevralın 7-də şəffaf şəraitdə keçiriləcək azad və ədalətli Prezident seçkiləri ölkəmizdə demokratiyanın təntənəsinə çevriləcək, Azərbaycan xalqı indiyə qədər olduğu kimi, bu seçkilərdə də öz müdrik qərarını verəcəkdir.
    XƏLİL XƏLİLOV


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR