Son günlər, daha dəqiq desək Xankəndidə Azərbaycan bayrağı qaldırıldıqdan sonra ölkədə ictimai müzakirələr maraqlı forma alıb.
Əlbəttə gözləniləndir, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi çox böyük hadisədir və Ermənistanla münaqişənin birdəfəlik həlli ölkə üçün yeni imkanlar açır. Amma Qarabağ problemini həll etməklə ölkənin bütün problemlərinin başa çatdığını düşünmək çox böyük yanlışdır. Hələ də Azərbaycanla bağlı ciddi çağırışlar qalmağa davam edir.
Məncə, post-münaqişə dövründə ictimai müzakirələrin əsas istiqamətlərindən biri kimi iqtisadi inkişaf həm hökümətin, həm də onun opponentlərinin əsas gündəm maddəsi olmalıdır. İqtisadi məsələlərlə bağlı əsas çağırışları aşağıdakı başlıqlar altında toplamaq olar:
İctimai vəsaitlərin effektiv xərclənməsi
2024-cü ilin büdcə layihəsindən aydın olur ki, gələn il dövlət büdcəsindən dövlət borcu ilə bağlı 1.92 milyard manat ayrılıb. Yəni, büdcə xərclərinin 5%-i sadəcə dövlət borcu ilə bağlıdır. Həmin vəsaitin 1.1 milyard manatı sadəcə dövlət borcu ilə bağlı faiz ödənişləridir. 2024-cü ildə büdcədən dövlət borcu ilə bağlı ödəniləcək məbləğ ölkənin səhiyyə xərclərindən daha çoxdur.
Hazırda Azərbaycanda ictimai vəsaitlərdən effektiv istifadə hər zamankından daha vacibdir. Bunun üçün isə ilk növbədə həmin vəsaitlərin xərclənməsində şəffaflıq və hesabatlılıq təmin edilməlidir. Bu baxımdan digər bir vacib məsələ də, qərarların qəbulunda iştirakçılıqdır. İctimai vəsaitlərin hara xərclənməsi qapalı qapılar arxasında deyil, maraq qruplarının iştirakçısı olduğu ictimai müzakirələrlə müəyyənləşdirilməlidir.
Sosial siyasət
Sosial siyasətin çox kompanentləri var, amma düşünürəm ən vaciblərindən biri pensiyaçılardır. Təkcə bir fakta baxmaq kifayətdir. 2017-ci ildən bəri ölkədə 65 yaşdan yuxarı əhali sayı 30% artıb, ancaq, eyni dövr ərzində Azərbaycanda yaşa görə pensiya alanların sayı 10% aşağı düşüb. Hazırda Azərbaycanda pensiya sistemi heç cəlbedici deyil.
Nəzərə almaq lazımdır ki, yaşa görə əmək pensiyası və müavinət alanların sayı 1 milyona yaxındır. Yəni, ölkədə pensiya sistemindəki boşluqlar 1 milyona yaxın insanın sosial rifahına təsir edir. Bu baxımdan, ölkədə normal pensiya sistemi qurulması çox vacib müzakirə mövzusu olmalıdır.
Su çatışmazlığı
Bir çox beynəlxalq araşdırmaya görə Azərbaycanda dünyada su çatışmazlığından ən çox əziyyət çəkən ölkələrdən biri olacaq və bu proses artıq başlayıb. Azərbaycanda su resurslarının məhdud olmasına baxmayaraq ölkədə suyun üçdə biri itkiyə gedir və suvarmada müasir suvarma sistemlərinin payı 5%-dən azdır. Belə bir şəraitdə ölkənin ərzaq təhlükəsizliyini təmin etmək və ekoloji miqrasiyanın(böhranın) qarsısını almaq üçün nələr etməliyik?
Başlıqların və sualların sayını artırmaq olar. Yəni, kifayət qədər çox mövzuda çoxlu açıq suallar və həllini gözləyən məsələlər var. Ona görə də, indi yaşadığımız vəziyyəti “tarixin sonu” kimi deyil, “yeni başlanğıc” kimi qiymətləndirməkdə fayda var.
Məqalə Çəpəki teleqram kanalından götürülüb. Sözügedən problemlərə ekspertlər vasitəsilə cavab tapmağa çalışacağıq.