AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dünya azərbaycanlılarının həmrəyliyi tarixi Qələbəmizi daha inamlı etdi

  • + A
  • - A
  • 27-12-2021, 13:45


    Artıq neçə illərdir ki, azərbaycanlılar öz həmrəylik günlərini qeyd edirlər. Hər bir xalqın öz milli birlik fəlsəfəsi var. Azərbaycanlıların da tarixində birlik və bərabərliyi ifadə edən möhtəşəm təqvimlər olub. Azərbaycan xalqının birlik və həmrəyliyinin daha da möhkəmləndirilməsi baxımından 1991-ci ilin 31 dekabrı tariximizin ən əlamətdar və şərəfli səhifələrindən birini təşkil edir. Məhz həmin il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edildi. Daha sonra Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət etdi və dekabrın 25-də qanunverici orqan müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul etdi. Həmin vaxtdan bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edirlər.

    Bu qərar müstəqilliyini yeni elan etmiş Azərbaycanda milli həmrəylik ideyasının möhkəmlənməsinə əvəzsiz töhfə idi. Birlik və həmrəylik istiqamətində atılmış bu ilk addım sonrakı dövrlərdə xalqımızın vahid ideologiya ətrafında birləşməsində mühüm rol oynadı. 1993-cü ildə xalqın istəyi ilə Heydər Əliyevin respublikamıza rəhbərliyə başlamasından sonra Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü daha geniş vüsət taparaq ürəklərdə vətən eşqi, milli və mənəvi birlik, həmrəylik hissləri bəsləyən hər bir soydaşımız tərəfindən güclü dəstək aldı.

    Ulu Öndərin milli həmrəylik və azərbaycançılıq amalının şüurlarımızda möhkəm yer tutmasına yönəlmiş uzaqgörən siyasətini bu gün inamla davam etdirən Prezident İlham Əliyevin bu sahədə həyata keçirdiyi fəaliyyəti ardıcıl və sistemli səciyyə daşıyır. Ötən 18 ildə İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində Azərbaycanın yüksəlişinin ortaya qoyduğu ən böyük reallıqlardan biri xalqımızın milli həmrəyliyinin daha da güclənməsidir. Bu illər ərzində İlham Əliyevin Azərbaycan cəmiyyətindəki etimadının daha da yüksəlməsi, dövlət başçısının yürütdüyü siyasətin xalqımız tərəfindən yekdilliklə və coşqu ilə dəstəklənməsi həm də milli həmrəyliyimizin ifadəsidir.

    Eyni zamanda xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsini dövlət siyasətinin mühüm istiqamətinə çevirmiş cənab İlham Əliyev mövcud sosial-iqtisadi inkişaf şəraitində diaspor quruculuğu sahəsində dövrlə səsləşən genişmiqyaslı tədbirlər həyata keçirir. Dövlət başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir. Məhz İlham Əliyevin bu istiqamətdə ortaya qoyduğu siyasi iradə ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəlməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında daha sıx səfərbər olmalarına böyük töhfə verir. Məhz bu siyasətin məntiqi nəticəsi olaraq cənab İlham Əliyev bütün seçkilərdə tək Azərbaycan vətəndaşlarının deyil, dünyanın bütün ölkələrində yaşayan soydaşlarımızın dəstəyini alıb, onların alternativsiz lideri olub.

    Bu gün Azərbaycan xalqı Dünya Azərbaycanlılarının Həmrəylik Gününün 30-cu ildönümünü qeyd edir. Amma bu dəfə Milli Həmrəylik Günü tamamilə fərqli, daha yüksək əhvali-ruhiyyə ilə qarşılanır. Çünki Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunması həm də milli həmrəylimizin təntənəsi, xalqımızın öz rəhbəri ətrafında sıx birləşməsinin təcəssümü oldu. Vətən müharibəsi müddətində xalqımız hər gün öz rəhbərinin yenilməz qətiyyətinə, siyasi iradəsinə şahidlik etdi. Məhz İlham Əliyevin ortaya qoyduğu nümunə xalqımızı bu müharibədə qələbəyə ruhlandırdı. Dövlət başçısının vətənpərvərliyi xalqımızı torpaqlarımızın azadlığı uğrunda mübarizədə həmrəy etdi. İlham Əliyevin qətiyyəti, ilk gündən nümayiş etdirdiyi hərbi-siyasi əzmi hər bir azərbaycanlını öz rəhbərinin ətrafında daha sıx birləşdirdi. Siyasi əqidəsindən, statusundan, vəzifəsindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı milli həmrəylik nümayiş etdirdi.

    Bəli, Vətən müharibəsi xalqımızın mübarizliyini bütün dünyaya nümayiş etdirdi. Eyni zamanda bu savaşda xalqımız İlham Əliyevin rəhbərliyi ilə milli həmrəyliyin ən mükəmməl nümunəsini yaratdı. Heç bir qüvvə bu sarsılmaz birliyi pozmaq iqtidarında deyil.

    Qadir Əzizov,
    4 nömrəli Yol Yaşıllaşdırma MMC-nin direktoru


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR