16.05.2025-ci il tarixdə Şəki-Zaqatala və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin dəstəyi, Şəki şəhər 3 nömrəli Uşaq Musiqi məktəbinin təşkilatçılığı ilə Ağdaş rayon Heydər Əliyev Mərkəzində B.Vahabzadənin 100 illik yubileyi münasibətilə konsert keçirilib.
Konsert proqramında Şəki-Zaqatala və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəhbərliyi və əməkdaşları, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak edib.
3 nömrəli Uşaq Musiqi məktəbinin müəllimlərindən ibarət ansamblın ifasında şairin şeirlərinə bəstələnmiş musiqi nümunələri səsləndirilib, dillər əzbəri olan şeirləri tamaşaçılara təqdim edilib.
Bəxtiyar Vahabzadə 16 avqust 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olub. 1934-cü ildə onun ailəsi Bakıya köçür. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun Filologiya fakültəsində təhsil alır.
Bədii yaradıcılığa 1943-cü ildə "Ana və şəkil" adlı ilk şeirini çap etdirdikdən sonra başlayır. O zamandan dövri-qədim mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunur. "Mənim dostlarım" adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapıb.
Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilir. "İkinci səs", "Vicdan", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad", "Özümüzü kəsən qılınc" pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulub.
Xalqı oyandırmaq məqsədi ilə əsərlərini qələmə alan Bəxtiyar Vahabzadə şeirlərində; vətən, millət, ailə, təbiət, dil, azadlıq həsrəti kimi mövzuları ən güclü və dərin məzmunlarla izah edib.
Dahi şair B.Vahabzadə 2009-cu ildə Bakı şəhərində vəfat edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.