İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva Avropa Şurasının Proqramlar üzrə Baş Direktorluğunun rəhbəri Verena Teyloru qəbul edib.
Azadmedia.az xəbər verir ki, Avropa Şurasının Bakı Ofisinin rəhbəri Zoltan Hernyes də görüşdə iştirak edib.
Görüşdə tərəfləri maraqlandıran bir sıra mühüm məsələlər barəsində müzakirə aparılıb. Ombudsman qonağa Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar, təsisatın insan hüquqlarının və azadlıqlarının müdafiəsi və təmini sahəsindəki çoxşaxəli fəaliyyəti, mandatı və səlahiyyətləri barəsində ətraflı məlumat verib.
Görüşdə gender bərabərliyi, qadın hüquqlarının müdafiəsi, məişət zorakılığı ilə mübarizə barədə danışılıb, həmçinin bu sahədə maarifləndirmənin əhəmiyyəti vurğulanıb. Diqqətə çatdırılıb ki, Avropa İttifaqı və Avropa Şurasının Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq II (PGGII) proqramı çərçivəsində bu mövzularda mütəmadi qaydada təşkil edilən təlimlərə Ombudsman Aparatının əməkdaşları da cəlb olunurlar.
S.Əliyeva zorakılığa məruz qalmış ailələrə maddi, mənəvi və psixoloji yardım göstərilməsi, məişət zorakılığına qarşı mübarizə üzrə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, bu sahədə müvafiq tədris vəsaitlərinin hazırlanması istiqamətində birgə əməkdaşlığın zəruriliyini vurğulayıb.
Yekunda Ombudsman təsisatı ilə Avropa Şurası arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi sahəsində fikir mübadiləsi aparılıb.