Bakı Dövlət Universitetinin (BDU) yeni rektoru Məleykə Abbaszadə vəzifəsinin icrasına başladığı ilk həftənin yekunları barədə paylaşım edib.
Rektor bildirib ki, ilk həftədə universitetin inzibati və akademik heyəti ilə tanış olub, prorektorlar və dekanlarla ilk ümumi görüşünü keçirib. Görüşdə BDU-nun gələcək inkişafı və bu prosesdə hər kəsin məsuliyyəti müzakirə olunub.
Məleykə Abbaszadə qeyd edib ki, universitetin zəngin tarixi və nüfuzu əvvəlki nəsillərdən qalan böyük irsdir. Bu irsin qorunması və inkişaf etdirilməsi üçün təhsilin keyfiyyəti, elmi tədqiqatların nəticələri, akademik dürüstlük və məzunların uğurları əsas göstəricilər olmalıdır.
Rektor tələbələrin müstəqil düşünməsi, suallar verməsi və elmi tədqiqatlarda iştirak etməsi üçün universitetdə əlverişli şəraitin yaradılmasının vacibliyini vurğulayıb. O, müəllimlərin tələbkarlığı ilə yanaşı, tələbələrə hörmət və qayğının da tədris prosesində mühüm rol oynadığını bildirib.
Məleykə Abbaszadə dekanları fakültələrinin akademik liderləri kimi gördüyünü qeyd edib. Onun sözlərinə görə, fakültələrdə təhsil proqramlarının keyfiyyəti, elmi tədqiqatların inkişafı, müəllim və gənc alimlərin imkanları, tələbələrin rəyləri və beynəlxalq akademik əlaqələr daim diqqətdə saxlanılmalıdır.
Rektor yaxın müddətdə hər bir fakültənin mövcud vəziyyəti, güclü tərəfləri, problemləri, kadr və elmi potensialı barədə obyektiv təsəvvür əldə etmək istədiyini bildirib. Bunun üçün həmkarlarından dürüst və peşəkar təhlil gözlədiyini vurğulayıb.
Paylaşımda tələbələrin müraciətlərinə də toxunulub. Məleykə Abbaszadə bildirib ki, tələbələrin sosial mediada BDU-nun C bloku ilə bağlı etdiyi müraciət nəzarətə götürülüb. Məsələ ilə əlaqədar yaradılmış işçi qrupu əraziyə baxış keçirəcək və nəticələrə uyğun müvafiq işlər görüləcək.
Rektor müraciəti diqqətə çatdıran tələbələrə təşəkkür edib.
O, paylaşımında Nəsirəddin Tusinin elm öyrənməyin ardıcıllığı və çətin məsələlərin həllindən alınan zövq barədə fikirlərinə də istinad edib. Məleykə Abbaszadə bildirib ki, tələbələrin universitetdə bu hissi yaşaması, müstəqil araşdırma aparması və öz potensialını reallaşdırması üçün imkanlar yaradılmalıdır.