AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nizami Səfərov: “Ermənistan Konstitusiyasının dəyişdirilməsi bizim istəyimiz deyil, sadəcə obyektiv şərtdir”

  • + A
  • - A
  • Bu gün, 11:47

    Nizami Səfərov: “Ermənistan Konstitusiyasının dəyişdirilməsi bizim istəyimiz deyil, sadəcə obyektiv şərtdir”

    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Nizami Səfərov parlamentdə çıxışı zamanı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, sülh müqaviləsinin imzalanması üçün zəruri hüquqi şərtlər və Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının formalaşması məsələlərinə toxunub.

    Deputat bildirib ki, Cənubi Qafqaz regionunda davamlı sülhün və təhlükəsizliyin təmin olunması möhkəm hüquqi əsaslara söykənməlidir. Onun sözlərinə görə, postmünaqişə dövründə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşma mərhələsinə doğru irəliləməsi Prezident İlham Əliyevin irəli sürdüyü sülh gündəliyinin uğurla həyata keçirilməsinin nəticəsidir.

    Nizami Səfərov vurğulayıb ki, sülhə nail olmaq üçün ikitərəfli səylər əsas şərtdir və Ermənistan tərəfindən hüquqi müstəvidə zəruri addımların atılması, sülh müqaviləsinin imzalanması, parlamentlər tərəfindən ratifikasiyası və qüvvəyə minməsi xüsusi əhəmiyyət daşıyır.

    Deputat qeyd edib ki, hər bir dövlətin konstitusiyasının yenidən qəbul edilməsi və ya onun müddəalarına dəyişiklik edilməsi həmin ölkənin daxili məsələsidir. Bununla belə, Ermənistan Konstitusiyasının preambulasında Müstəqillik Bəyannaməsinə edilən istinadın aradan qaldırılması sülh müqaviləsinin yekun imzalanması üçün qalan əsas hüquqi maneədir.

    “Cənab Prezidentin vurğuladığı kimi, Ermənistan Konstitusiyasının dəyişdirilməsi bizim istəyimiz deyil, bu, sadəcə obyektiv şərtdir”, – deyə deputat bildirib.

    Nizami Səfərov xatırladıb ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda sülh sazişinin paraflanması Cənubi Qafqazda münaqişə mərhələsinin başa çatması baxımından mühüm hadisə olub. Lakin onun sözlərinə görə, Ermənistan Konstitusiyasının preambulasında Azərbaycana qarşı ərazi iddiaları ilə əlaqələndirilən Müstəqillik Bəyannaməsinə istinad qüvvədə qaldığı müddətdə sülhün hüquqi əsaslarının tam formalaşdırılması mümkün deyil.

    Deputat noyabrın 23-də Ermənistan hökuməti tərəfindən təqdim edilən yeni Konstitusiya layihəsinə də münasibət bildirib. O qeyd edib ki, layihə Ermənistanın müxalifətçi və revanşist dairələri tərəfindən sərt tənqid olunur, sənədin ölkənin milli maraqlarına zidd olduğu iddia edilir.

    Nizami Səfərov diqqətə çatdırıb ki, Ermənistanın daxili siyasi çəkişmələrindən asılı olmayaraq, regionda yaranmış yeni reallıqlar qəbul edilməli və düzgün qiymətləndirilməlidir. Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsində qazanılmış Zəfər nəticəsində Cənubi Qafqazda yeni siyasi və geosiyasi reallıqlar formalaşıb, Azərbaycanın ardıcıl addımları isə yeni təhlükəsizlik arxitekturasının yaranmasına xidmət edir.

    Deputat bildirib ki, hərbi-siyasi məğlubiyyətə uğramış tərəf baş verən hadisələrdən düzgün nəticə çıxarmalı, regionda sülhün və əməkdaşlığın təmin olunmasına mane olan yanaşmalardan imtina etməlidir.

    O vurğulayıb ki, bu gün sülhə nail olmaq, dövlətlərarası münasibətlərdə etimad mühiti yaratmaq və regional əməkdaşlığı inkişaf etdirmək alternativi olmayan zərurətdir. Bu məsələlər beynəlxalq gündəliyin də prioritet istiqamətlərindəndir.

    “Cənab Prezidentin qeyd etdiyi kimi, 30 ilə yaxın davam edən münaqişəyə artıq son qoyulub. Uzun illər münaqişə zonası olmuş Cənubi Qafqaz sülh zonasına çevrilir”, – deyə Nizami Səfərov çıxışını yekunlaşdırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR