AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hər bir malın insanların həyat və sağlamlığına yarada biləcəyi təhlükənin dərəcəsi müəyyən ediləcək

  • + A
  • - A
  • Bu gün, 12:47

    Hər bir malın insanların həyat və sağlamlığına yarada biləcəyi təhlükənin dərəcəsi müəyyən ediləcək

    Hər bir malın insanların həyat və sağlamlığına yarada biləcəyi təhlükənin dərəcəsi müəyyən ediləcək.

    Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” və “Texniki tənzimləmə haqqında” qanunlara təklif edilən dəyişiklikdə əksini tapıb.

    Texniki reqlament üzrə məcburi tələblər malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının təhlükəsizliyinin təmin edilməsi ilə məhdudlaşdırılır. Bu baxımdan, texniki reqlamentlərdə insanların həyat və sağlamlığının, ətraf mühitin, əmlakın və dövlətin maraqlarının mühafizəsinə yarana biləcək risk nəzərə alınmalıdır. Bu cür risklərin qiymətləndirilməsi əldə edilə bilən elmi və texniki məlumatlara, emal texnologiyalarına və ya reqlamentlərin şamil edildiyi malların son istifadəsinə dair məlumatlara əsaslanmalıdır.

    Layihəyə əsasən, təklif olunur ki, həmin risklərin qiymətləndirilməsinin nəticələri nəzərə alınmaqla hər bir malın insanların həyat və sağlamlığına, ətraf mühitə, əmlaka və dövlətin maraqlarına yarada biləcəyi təhlükənin dərəcəsi müəyyən edilsin və bundan irəli gələrək təhlükəsizlik tələbləri reqlamentdə əks etdirilsin.

    Eyni zamanda, mala uyğunluq sertifikatının və ya uyğunluq bəyannaməsinin tələb olunması zərurəti də texniki reqlamentdə öz əksini tapacaq. Hazırkı qaydaya əsasən isə uyğunluq sertifikatı (yüksək riskli mallara münasibətdə) və ya uyğunluq bəyannaməsi (orta və aşağı riskli mallara münasibətdə) malların risk qrupuna uyğun olaraq tələb olunur. Malların risk qrupları üzrə təsnifatı ayrıca sənəd olaraq nəzərdə tutulmadığından, mala dair uyğunluq sertifikatının və ya uyğunluq bəyannaməsinin tələb olunması həmin malın təhlükəlilik dərəcəsi nəzərə alınmaqla reqlamentlə müəyyən ediləcək.

    Qeyd olunanlardan irəli gələrək, “Texniki tənzimləmə haqqında” qanunun müddəalarında “risk səviyyəsi” ifadəsi “təhlükəlilik dərəcəsi” ifadəsi ilə əvəz edilir.

    Uyğunlaşdırma çərçivəsində “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” qanunda isə “orta riskli mallar” ifadəsinin çıxarılması təklif olunur.

    Bildirilib ki, hazırda “Texniki tənzimləmə haqqında” qanuna uyğun olaraq texniki tənzimləmənin şamil olunduğu mallar üzrə (siyahı Nazirlər Kabineti tərəfindən təsdiq edilib) texniki reqlamentlərin hazırlanması və qəbul edilməsi prosesi həyata keçirilir.

    Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR