Əmək Məcəlləsində qeyd edilir ki, minimum əmək haqqı qanunvericilikdə ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Yəni, qanun tam iş günü işləmiş işçilərə minimum əmək haqqı məbləğindən az ödəniş edilməsini qadağan edir. Ancaq, Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərdən aydın olur ki, 2022-ci ildə Azərbaycanda minimum əmək haqqından az maaş alan şəxslərin sayı kəskin artıb. Rəsmi rəqəmlərə görə, 2021-ci ildə ölkədə muzdlu işçilərin 2.5 faizinin aylıq maaşı minimum əmək haqqından az idisə, 2022-ci idə bu xüsusi çəki 10 faizə yüksəlib, yəni dörd dəfə artıb. Rəqəmlərlə ifadə etsək, əgər 2021-ci ildə ölkədə rəsmi əmək müqaviləsi ilə çalışanların təxminən 43 min nəfəri minimum əmək haqqından az gəlir əldə edirdisə, 2022-ci ildə bu rəqəm təxminən 170 min nəfərə yüksəlib.
Əmək qanunvericiliyi tam gün işləyən işçiyə minimum əmək haqqından az maaş ödəməyi qadağan edir. İnzibati xətalar məcəlləsində işçilərin minimum əmək haqqından aşağı məbləğə işlədilməsi hallarında pul cəriməsinin tətbiq edilməsi nəzərdə tutulub. Bu baxımdan, əmək müqaviləsi ilə çalışan işçilər sadəcə yarım iş günü çalışdıqları hallarda minimum əmək haqqından az gəlir əldə edə bilər. Azərbaycanda işəgötürənlərin sosial ödənişlərdən yayınmaq üçün işçilərlə əmək müqaviləsi bağlamadan işə götürməsi geniş yayılmış praktikadır. Bir il ərzində minimum əmək haqqından az rəsmi gəlir əldə edənlərin sayındakı kəskin artım onu deməyə əsas verir ki, minimum əmək haqlarının artırılmasına baxmayaraq, sahibkarlar əmək haqqındakı artımdan yayınmaq və sosial ödənişləri azaltmaq məqsədi ilə işçi ilə əmək müqaviləsi bağlayarkən natamam iş vaxtı seçməklə əmək müqaviləsi bağlayırlar. Bu isə minimum əmək haqqı artımları ilə əhalinin sosial rifahını yaxşılaşdırmaq cəhdlərini boşa çıxarır.
Bir il ərzində ölkədə minimum əmək haqqından az əmək haqqı alanların sayındakı kəskin artım hökumətin minimum əmək haqqı tələbinə əməl edilməsi ilə bağlı monitorinq mexanizminin işlək olmadığını da göstərir. Tam iş günü işləməsinə baxmayaraq, natamam iş günü seçilməklə minimum əmək haqqı tələbindən yayınmaq cəhdləri ilə bağlı monitorinq mexanizmləri gözdən keçirilməli və bu istiqamətdə nəzarət mexanizmlərini artırılmalıdır.
Fərid Mehralızadə
Agora - Analitik Kollektivin həmtəsisçisiYazı Agora-az.org-dan götürülüb
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.