AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

35 gün itkin düşən, itkin xəbəri atasının ürəyini partladan, "Vağzalı" ilə son mənzilə yola salınan Şəhid - Mayor Vüsal Vəliyev

  • + A
  • - A
  • 16-07-2022, 01:07

    35 gün itkin düşən, itkin xəbəri atasının ürəyini partladan, "Vağzalı" ilə son mənzilə yola salınan Şəhid - Mayor Vüsal Vəliyev

    34 il əvvəl Şərur rayonunun Dizə kəndində İslam müəllim və Mədinə xanımın ailəsində bir oğul gəldi dünyaya. Vüsal qoydular adını. Bütün nisgillərin, ayrılıqların sona yetməsinin rəmzi idi ailə üçün Vüsal. İslam kişidən Vüsala ziyalılıq, əsalət, anası Mədinə xanımdan qürur, vüqar keçmişdi irsən. Qürurlu, mərd oğlan həyatını hərb sahəsilə bağladı. Bilirdi o yolda ayrılıq var, ciddi iş rejimi var, müharibə şəraitində olan ölkənin vətəndaşıdı, hər an başlana biləcək müharibədə şəhadətə yüksəlmək var. Vətən sevgisi, peşəsinə olan sevgi qarşısında sadaladıqlarım onun üçün dənizdə damla idi...

    Beləliklə, 2002-2005-ci illərdə Heydər Əliyev adına Hərbi liseydə, 2005-2009-cu illərdə isə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə hərbi təhsilin sirrlərinə yiyələnərək 2012-ci ildə Xüsusi Təyinatlı Qüvvələr təlimini uğurla başa vurur. 2009-cu ildən “leytenant” hərbi rütbəsində Beyləqan rayonunda xidmətə başlayır. Tank əleyhinə taqımın komandiri, motoatıcı taqım komandiri, motoatıcı taborun qərargah bölüyünün komandiri, motoatıcı taborun qərargah rəisi, tabor komandirinin müavini vəzifələrində Beyləqan, Füzuli, Ağdam, Tərtər, Tovuz, Qazax və Göygöl-Murovdağda xidmət edib, “mayor” hərbi rütbəsinəcən yüksəlib. Xidmət etdiyi müddətdə mayor Vüsal Vəliyevə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1928-2013) Yubiley medalı”, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) Yubiley Medalı”, “10 il Qüsursuz xidmətlərə görə” 3-cü dərəcəli medalı, Azərbaycan Respublikası Müdafiə Naziri General-Polkovnik Zakir Həsənov tərəfindən təqdim edilmiş xüsusi medalla təltif olunub.
    Nişanlı idi Vüsal. Sevib-seçdiyi xanımla toyu olacaqdı. MiDA-nın sehrbazlığı səbəbindən mənzil ala bilmədiyi üçün, toyun vaxtı uzanırdı... Ailə israrla toy etmək istəyindən əl çəkmədikdə, bu dəfə lənətəgəlmiş karona səbəbi ilə Naxçıvana uçuşlar dayandı, toy təxirə düşdü... Sonra... Sonra Vətən Müharibəsi başladı...
    Vüsal Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı həmlə taborunun komandiri olub. Murovdağdan başlanan döyüş yolu Şuşanın azadlığınadək davam edib. Mayor Vüsal Vəliyev noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. 14 dekabr 2020-ci il tarixdə Şərur rayonundakı Şəhidlər Xiyabanında dəfn olunub.
    35 gün itkin kimi axtarılanda , son ana qədər ailə ümidini üzmədi. Amma atasız. İslam müəllim oğlunun itkin düşməsi xəbərini alan kimi dözmədi, elə xəbəri eşidən gün dünyasını dəyişdi. Bir dəfə başqa şəhidi də Vüsal adıyla ailəyə verdilər dəfn üçün. Amma qardaşı son anda məcbur tabutu açdırdı... Vüsalın dəfn videosuna baxmışam. "Vağzalı" sədasıyla yola salındı qapısız, pəncərəsiz son mənzilinə... Musiqiçilərə şabaş verib hönkürən qardaşının iztirabını xatırladıqca, göz yaşlarım dayanmır...
    Hərbi hissə qarşısında qoyulmuş bütün tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi, döyüşdə şücaət və igidlik göstərdiyi üçün mayor Vüsal Vəliyev ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamıyla “Vətən uğrunda” “Kəlbəcərin azad olunmasına görə”, “İgidliyə görə” medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.
    [center]

    ... Vüsalın anası ilə görüşə getmişdim. Ürəyimdə o qədər suallar hazırlamışdım ki... 2 övladı ilə kirayə yaşayır Şəhidimizin qardaşı. Mən də həmin o darısqal, ikiotaqlı evə getmişdim. Mənzil sıx olsa da, Vüsalın guşəsi yerindədir. Mədinə xanımın baxışları, qüruru, vüqarı dünyaya meydan oxuyur... Vüsal son ad gününü - 32 yaşını əzizləri ilə keçirib. Artıq 2 ildir ki, mövludunu cənnətdən qeyd edir.

    Aman Allah, 2 ilə Ana necə də dəyişilib. Vüsalla bağlı danışır, amma Vüsalın nə vaxtsa gələcəyini gözləyən Ana kimi. Vüqarlı qadın Şəhid adıyla dövlətdən nəsə istəməyi qüruruna sığışdşrmır.

    Göz şahidiyəm, bunu övladlarına da necə qadağan etdiyinin. Qadının qüruru varsa, şəhid övladının adını dilinə gətirib təmənna ummursa, o deməkdir ki, haqqı yeyilməlidir? Nə olar ki, dövlət tərəfindən oğul toyunda qol qaldırıb oynaya bilməyən, toy xonçalarını Vağzalı sədasıyla Vətən üçün qurban verən oğlunun məzarına düzən Ananı dövlət evlə təmin edəndə?!. Arzusu var. Vüsal üçün otaq bəzəmək istəyir, ziyarətçiləri rahat evdə qəbul etmək istəyir. İstəyir, amma dilinə gətirib əlaqədar orqanlara deyə bilmir. Qürur imkan vermir. Səsini çıxarmayan Mədinə ananı özləri çağırıb mənzillə təmin etsələr, dünya dağılmaz ki... Zatən heç bir mənzil onun dağ vuqarlı, arzuları yarım qalmış oğlunu geri qaytarmayacaq. Sadəcə təsəlli olacaq...

    Vüsalın nişanlısı gəlmişdi Mədinə ana ilə görüşməyə. O görüş anını qələmə alıb adiləşdirmək istəmirəm. İlahi, Ana təsəlli verirdi gəlini olması qismət olmayan gənc, arzuları puç olmuş xanıma... Qadın nə qədər böyük ürəyə sahibmiş... Şəhid olmaq hər oğula nəsib olmadığı kimi, Şəhid Anası olmaq da hər qadına nəsib deyil. Bu Analar Allah tərəfindən xüsusi seçilib vüqarları ilə, səbrləri ilə, böyük ürəkləri ilə. Gəlinin anası sakit səslə qızılları geri gətirdiklərini bildirəndə Mədinə ana bir anlıq donsa da, tez özünü toplamağı bacardı. Dedi qaytarsaz, siz mənim oğlumu mənim üçün təzədən öldürmüş olarsız... O qızıllar o gözəl balanın halalıdır. Gəncdir. Gələcəyi var. Kimlə ailə qursa, Allah xoşbəxt eləsin...

    Boğazım qurusa da, gözlərimin yaşı qurumadı. Heç bir sual da verə bilmədim. Çünki gedişim ağır səhnələrlə eyni vaxta düşdü. Mədinə ananın əlini öpüb, boynunu qucaqlayıb çıxdım. Növbəti dəfə dövlət tərəfindən veriləcək öz evində görüşmək ümidi ilə...

    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR