“AzerGold” Qapalı Səhmdar Cəmiyyətində (QSC) 2022-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
Müşavirədə çıxış edən “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov ötən ilin ölkəmiz üçün bütün sahələrdə uğurlu nəticələrlə yadda qaldığını qeyd edib. Bildirilib ki, möhtərəm cənab Prezident İlham Əliyevin yürütdüyü müdrik siyasət sayəsində qarşıya qoyulan bütün vəzifələr layiqincə yerinə yetirilib.
Ötən illərdə əldə edilmiş müsbət iqtisadi dinamikanın 2022-ci ildə də qorunub saxlanıldığını, qeyri-neft-qaz sektoru üzrə ixracatın 2021-ci il ilə müqayisədə 12.4% artdığını qeyd edən Z.İbrahimov bu xüsusda QSC-nin ötən il qeyri-neft ixracatçıları sırasında ön pillələrdə qərarlaşdığını diqqətə çatdırıb. İdarə Heyətinin sədri hesabat dövründə digər istiqamətlər, o cümlədən, geoloji kəşfiyyat, hasilat, istehsalat üzrə də müsbət nəticələrin əldə edildiyini qeyd edib. O, bununla cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dayanıqlı iqtisadi inkişafı, xüsusilə ümumi daxili məhsul istehsalı və dağ-mədən sektorunun payının artırılması ilə bağlı qarşıya qoyulan vəzifələrin icrasına “AzerGold” QSC-nin də öz töhfəsini verdiyini bildirib.
Qeyd olunub ki, QSC tərəfindən aktiv hasilat və istehsalat fəaliyyəti həyata keçirilən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES) 2022-ci il ərzində istehsalat xəttində həyata keçirilən optimizasiya işləri ilə əlaqədar hasilat və ixracatda planlı azalmalar müşahidə edilsə də, gözlənildiyi kimi hesabat ilinin yekunlarının müsbət göstəricilərlə tamamlanmasına nail olunub. Belə ki, ÇİRES-də istehsalatın sürətləndirilməsi və filizlərin tələb olunan ölçülərdə xırdalanmasını təmin edən qırıcı sahəsinin məhsuldarlığı artırılaraq, sahənin illik istehsal gücü artırılıb. Nəticədə, ötən il hasilat göstəriciləri 62.1 min unsiya qızıl, 223.1 min unsiya gümüş olmaqla, qızıl hasilatı plandan 2%, gümüş hasilatı isə 83% daha artıq icra edilib. Eyni zamanda, qarşıdakı illər ərzində hasilat və istehsalat göstəricilərinin daha da yaxşılaşdırılması üçün şərait yaradılıb.
2022-ci ilin satış əməliyyatlarına gəlincə, İdarə Heyətinin sədri bildirib ki, qızıl və gümüşün həm beynəlxalq bazarda, həm də daxili bazarda satış həcmlərində də müsbət dinamika müşahidə edilib. Qiymətlilərin ümumi satış göstəriciləri 2022-ci ildə 63.3 min unsiya qızıl və 207.7 min unsiya gümüş olub. Bununla 2021-ci illə müqayisədə qızıl və gümüşün satış həcmlərində artıma nail olunub.
Z.İbrahimov ÇİRES-də istehsalat prosesinin davamlılığının təmin edilməsi məqsədilə intensiv geoloji kəşfiyyat işlərinin aparıldığını bildirib. O, Daşkəsən və Balakən rayonlarında, o cümlədən Şərqi Zəngəzur və Naxçıvan Muxtar Respublikasının inzibati ərazisində yerləşən sahələrdə aparılmış kəşfiyyat işləri və onun ilkin nəticələrinə dair ətraflı məlumat verib. İdarə Heyətinin sədri “AzerGold” QSC-nin geoloqları tərəfindən regionda kəşf edilmiş “Ağyoxuş” qızıl yataqlar qrupu və “Mərəh” qızıl yatağı, eləcə də SSRİ dövründə kəşf edilmiş, lakin geniş tədqiq edilməmiş, QSC-nin fəaliyyəti nəticəsində ehtiyatları təsdiqlənərək, dövlət balansına alınmış “Tülallar” qızıl yatağı hesabına ÇİRES-in satılabilən qızıl həcminin 179 min unsiya qızıldan 735 min unsiya qızıla çatdırılaraq, 4 dəfə artırılmasına nail olunduğunu qeyd edib.
İdarə Heyətinin sədri “AzerGold”un hazırda ən böyük istehsalat layihəsi olan ÇİRES-də sulfid, yuxarı dərəcəli oksid və tranzit filizlərinin çən aşındırma (“Carbon in Leach” – CIL) üsulu ilə emalının təşkili məqsədilə müvafiq infrastrukturun yaradılması işlərinin sürətlə davam etdirildiyini qeyd edib.
Z.İbrahimov ötən ilin ən mühüm hadisələrindən biri olaraq cənab Prezident tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edildiyini, 2022-2024-cü illəri əhatə edən Dövlət Proqramında QSC-nin öhdəliyinə mineral xammal ehtiyatlarının monitorinqi, təftişi, axtarışı, qiymətləndirilməsi kimi bir sıra vacib tapşırıqların qoyulduğunu qeyd edib.
“AzerGold” QSC-nin fəaliyyətə başladığı dövrdən Qarabağ və Şərqi Zəngəzurda qanunsuz istismar faktlarının araşdırılmasına xüsusi diqqət ayırdığını deyən Z.İbrahimov Ermənistan və bəzi Avropa şirkətlərinin əməllərinə hüquqi qiymətin verilməsi məqsədilə QSC-nin müvafiq dövlət qurumları ilə birgə fəaliyyətini davam etdirdiyini bildirib. Rusiya sülhməramlılarının müvəqəti nəzarətində olan və faydalı qazıntı yataqlarının qanunsuz istismarının aparıldığı yataqlarda araşdırma, əmlakın inventarizasiyası və ekoloji monitorinqin aparılması məqsədilə ötən ilin dekabr ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” QSC-nin mütəxəssislərindən ibarət monitorinq qrupunun əraziyə səfərinə süni maneə yaradıldığını xatırladan İdarə Heyətinin sədri mütəxəssislərin qanuni fəaliyyətinə imkan yaradılmamasının narahatlıq doğurduğunu bildirib. O, ekofəalların Laçın-Xankəndi yolunda 2 aya yaxındır ki, davam edən etiraz aksiyaları ilə yüksək əzmkarlıq, əsl vətəndaş mövqeyi nümayiş etdirdiklərini də diqqətə çatdırıb. Vurğulanıb ki, “AzerGold” QSC bundan sonrakı mərhələlərdə də dövlət tərəfindən bu istiqamətdə aparılacaq vahid siyasətə bütün resursları vasitəsilə dəstək verəcək, öhdəsinə düşən vəzifələri yerinə yetirəcək.
Müşavirədə QSC-nin geoloji kəşfiyyat qrupu tərəfindən 2022-ci ilin iyun ayından etibarən Kəlbəcər rayonunun inzibati ərazisində yerləşən “Tutxun” nəcib metal təzahürləri sahəsində aparılan mərhələli axtarışlar barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, geoloji heyət tərəfindən Tutxun çayının hövzəsinin mina və partlamamış hərbi sursatlardan təmizlənmiş sahələrində yerüstü aktiv axtarış-kəşfiyat işlərinin birinci mərhələsi icra edilib və sahədə Qafqaz regionunda ilk dəfə olaraq innovativ axtarış metodlarından sayılan qeyri-invaziv hiperspektral peyk görüntülərinindən istifadə edilməsinə baxmayaraq axtarış-kəşfiyyat işlərinin sürəti ölkənin başqa bölgələrindəki aparılan eyni işlərin sürətindən daha aşağıdır.
Müşavirədə, həmçinin böyük investisiya tələb edən, kifayət qədər mürəkkəb olmaqla yanaşı, həm də böyük iqtisadi töhfələr vəd edən Daşkəsən dəmir filizi yataqlarının istismarı layihəsi barədə də danışılıb. Bildirilib ki, ötən il “AzerGold” QSC-nin törəmə şirkəti olan “Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Daşkəsən dəmir filizi yataqlarının rezervi beynəlxalq standartlara uyğun ciddi artırılıb. Sahədə filiz kütləsinə çatmaq üçün planlı şəkildə torpaq səthində üstaçma işləri aparılır.
Qeyd edilib ki, hasil edilən dəmir filizinin istehsalının təşkili – konsentrat, daha sonra pellet və DRİ (direct reduce iron - birbaşa reduksiya dəmir) xammalın hazırlanması üçün 2025-ilin sonunadək müvafiq istehsalat infrastrukturunun qurulması məqsədilə işlər davam etdirilir. Həmçinin dövlət büdcəsindən asılılıq yükünü azaltmaq üçün xarici investorun cəlb edilməsi nəzərdə tutulub. Z.İbrahimov hazırda təcrübəli tərəfdaş şirkətin cəlbi ilə bağlı danışıqlar prosesinin yekun mərhələdə olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, dəmir filizi yataqların istismara verilməsi ilə metallurgiya sənayesinin idxaldan asılılığının azaldılması, 2035-ci ilədək ÜDM-ə ~3 milyard 970 milyon ABŞ dolları, (təqribən 6 milyard manat) həcmində töhfə veriləcəyi və ~290 milyon ABŞ dolları (~493 milyon manat) həcmində vergilərin ödəniləcəyi proqnozlaşdırılır. Layihənin icrası müddətində birbaşa və dolayı effekti nəzərə alaraq, illik yüzlərlə daimi iş yerinin açılması ilə regionun məşğulluq göstəricisinə ciddi töhfə verilməsi planlaşdırılır.
İdarə Heyətinin sədri dövlət-özəl sektor tərəfdaşlığı modeli əsasında təsis edilmiş törəmə cəmiyyət – “AzerBlast” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən sənaye əhəmiyyətli partlayıcı maddələrin istehsalı üzrə zavodun qurulması layihəsinin icrası istiqamətində işlərin sürətlə davam etdirildiyini qeyd edib. O, istehsal gücü 31 min ton sənaye partlayıcısı olan zavod üzrə Gəncə şəhərində cari ildə tikinti işlərinin başlanılması və yekunlaşdırılmasının planlaşdırıldığını bildirib.
Daha sonra Geoloji kəşfiyyat, İctimaiyyətlə əlaqələr və marketinq, Təmir-tikinti və energetika şöbələri, eləcə də Torpaq işləri və yerin təkindən istifadə sektoru tərəfindən görülmüş işlərə dair məruzələr dinlənilib.
Z.İbrahimov müşavirənin sonunda yeni yataqların istismarına hazırlıq çərçivəsində görülən işlərin sürətləndirilməsi, ehtiyatların artırılması məqsədilə geoloji kəşfiyyat işlərinin daha da intensivləşdirilməsi, bütün fəaliyyət istiqamətləri üzrə artım dinamikasının qorunub saxlanılmasına dair tapşırıq və tövsiyyələrini verib.