AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tovuzdakı partlayışla bağlı cinayət işi açıldı

  • + A
  • - A
  • 20-06-2020, 21:20

    Tovuzdakı partlayışla bağlı cinayət işi açıldı
    Bu gün günorta saatlarında Tovuz rayonunda yol çəkilişi zamanı qaz borusunun partlaması barədə xəbər yayılıb. “Azəriqaz” İstehsalat Birliyi olaraq qeyd edirik ki, bu partlayışın birliklə hər hansı əlaqəsi yoxdur.

    Bu barədə Azəriqaz İB-dən Axar.az-a daxil olan məlumatda bildirilib.

    Qeyd olunub ki, rayonun Xatınlı kəndinin yaxınlığında yol genişləndirilməsi işləri aparılır. Bu işlə məşğul olan podratçı təşkilat dünən axşam saatlarında mövcud qaz xəttini yenisi ilə əvəzləyib, “Azəriqaz” İB-nin Şəmkir Regional Qaz İstismarı İdarəsinə təhvil verib. Lakin qoşmadan sonra qaz axını yaxşı baş tutmayıb, yerli sakinlər qazın zəifliyindən şikayətləniblər. Ona görə də podratçı təşkilatdan qaz xəttinin dəyişdirilmiş hissəsinin yenidən yoxlanılaraq gələn həftə təhvil verilməsi tələb olunub. Bundan sonra isə iyunun 20-də səhər saat 09:00 radələrində qaz təchizatı dayandırlıb.

    Podratçı təşkilat isə elə bu gün saat 16:00 radələrində “Azəriqaz” İB-nin Şəmkir Regional Qaz İstismarı İdarəsinə hər hansı məlumat vermədən, qoşma aparılan hissədə özbaşına hansısa işləri icra edib. Ona görə də səhlənkarlıq ucbatından partlayış qeydə alınıb.

    Qeyd edək ki, diametri 159 millimetr olan qaz xəttinin təqribən 500 metrlik hissəsi yol tikintisi ilə məşğul olan podratçı təşkilat tərəfindən polietilen boru ilə əvəzlənəcəkdi. Bu xətt Tovuz rayonunun Xatınlı, Qaraxanlı və Cilovdarlı kəndlərinin 2 minə yaxın abonentinin qaz təchizatı üçün nəzərdə tutulub. Hazırda podratçı təşkilat qaz xəttini tam təhvil verə bilmədiyindən, Şəmkir Regional Qaz İstismarı İdarəsi köhnə xətti bərpa etməklə qaz təchizatının həyata keçirilməsi ilə məşğuldur.

    ***

    İyunun 20-də Tovuz rayonu ərazisində qaz borusunda aparılan təmir işləri zamanı baş vermiş partlayış nəticəsində 2 nəfər şəxsin yanıq xəsarətləri ilə rayon Mərkəzi Xəstəxanasına daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.

    Hadisə yerinə baxış zamanı geyim əşyalarının yanıq hissələri, yanmış torpaq nümunələri, termiki təsirə məruz qalmış alışqan, boru xəttindən təbii qaz nümunəsi, termiki təsirə məruz qalmış boru kəsiyi götürülmüş, o cümlədən digər təxirəsalınmaz istintaq hərəkətləri həyat keçirilib.

    Aparılan ilkin araşdırılmalarla müəyyən olunub ki, “Yurd Construction” MMC-də fəhlə işləyən 1957-ci il təvəllüdlü Məhərrəm Süleymanov və iş icraçısı 1966-cı il təvəllüdlü Sənan Quliyev rayonun Xatınlı kəndi ərazisində qaz borusunun çəkilməsi işlərini həyata keçirən zaman baş vermiş partlayış nəticəsində termiki yanıq xəsarətləri alıblar.

    Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.1-ci (texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması) maddəsi ilə cinayət işi başlanılıb, iş üzrə zəruri ekspertizalar təyin edilib.

    Hazırda zərərçəkmişlərin stasionar şəkildə müalicələri aparılır.

    Cinayət işi üzrə təqsirli şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri tədbirləri davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR