AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Dövlət və özəl sektor burada çiyin-çiyinə işləməlidir" - Prezident

  • + A
  • - A
  • 25-06-2020, 10:42

    "Dövlət və özəl sektor burada çiyin-çiyinə işləməlidir" - Prezident


    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Samuxdakı “Aqro Dairy” MMC-nin aqroparkının fəaliyyəti ilə tanış olub.

    AzadMedia.az xəbər verir ki, sahəsi 5 min hektardan və ümumi dəyəri 65 milyon manatdan çox olan layihə çərçivəsində Qarasaqqal su kanalında nasos quraşdırılıb, 5,4 min kubmetrlik iki su anbarı, su hovuzları və saxlama anbarları tikilib. Aqroparkda istifadə olunması üçün 20 adda 91 ədəd texnika və aqreqat alınıb. 2019-cu ilin payızında 2 423 hektar sahədə buğda və 222 hektar sahədə arpa əkilib. Bu ilin yazında 74 hektar sahədə şəkər çuğunduru əkilib və taxıl biçini aparılan ərazilərdə qarğıdalı əkini nəzərdə tutulub.

    “Aqro Dairy” MMC-nin icraçı direktoru Vahid Hacıyev dövlətimizin başçısına aqroparkın fəaliyyəti barədə məlumat verdi.

    Vahid Hacıyev: Samux rayonuna xoş gəlmisiniz. Sizi “Aqro Dairy” şirkətinin bütün kollektiv adından salamlayırıq. Sizin tapşırığınıza əsasən, ölkəmizdə taxılçılıq təsərrüfatının yaradılması istiqamətində görülən işlər çərçivəsində “Aqro Dairy” MMC Samuxda dövlət ehtiyat fondundan 5 min hektar, Tovuz rayonunda isə 12 min hektar ərazini uzunmüddətli icarəyə götürüb. Həmin ərazilərdə suvarılan sahələrimiz iki min hektardır.

    Prezident İlham Əliyev: Su xətləri çəkilib, su anbarından gəlir?

    Vahid Hacıyev: Bəli, su xətləri çəkilib. Buradan 13 kilometr məsafədə su anbarı var. Suvarılmayan ərazilərimiz də mövcuddur. Hazırda həmin ərazilərin suvarılması üçün işlər görülür.

    Prezident İlham Əliyev: Burada əvvəllər heç bir əkin olmayıb?

    Vahid Hacıyev: Xeyr, cənab Prezident, hətta torpaq çox yarasız idi, eroziyaya uğramışdı, çökəklikləri çox idi. Təbii ki, biz ildən-ilə bu torpaqları yaxşıllaşdırdıq. Əlbəttə, təkrar əkin çox önəmli rol oynayır.

    Prezident İlham Əliyev: Təkrar əkini ilk dəfədir aparırsınız?

    Vahid Hacıyev: Xeyr, biz hər il təkrar əkin aparırıq, qarğıdalı əkirik. Çox sağ olun ki, Siz həmişə bizə dəstək göstərirsiniz.

    Prezident İlham Əliyev: Bəli, vəsait də ayrılıb.

    Vahid Hacıyev: Bu, bizim üçün həqiqətən çox vacibdir.

    Prezident İlham Əliyev: Deməli hər şey etmək mümkündür. Sadəcə olaraq düzgün yanaşma lazımdır, vəsait qoyulmalıdır. Dövlət və özəl sektor burada çiyin-çiyinə işləməlidir. Necə ki, bu təsərrüfatda bunu görürük. Bu il məhsuldarlıq nə qədər olacaq?

    Vahid Hacıyev: Biz arpa biçinini başa çatdırmışıq, Samux rayonunda 222 hektarda biçin aparmışıq, hektardan 47-48 sentner məhsul götürmüşük.

    Prezident İlham Əliyev: Bu yüksək göstəricidir.

    Vahid Hacıyev: Tovuzda isə hektardan 62-67 sentner məhsul götürülüb, ancaq arpada.

    Prezident İlham Əliyev: Bəs buğda?

    Vahid Hacıyev: Hazırda buğda biçini gedir. Biz Samuxda artıq 1500 hektar buğda zəmisi biçmişik, hektardan məhsuldarlıq orta hesabla 58 sentnerdir. Bəzi torpaqlarımız var, məhsuldarlıq 65-67 sentner olub.

    Prezident İlham Əliyev: Çox yaxşı. İri fermer təsərrüfatlarında daha çoxdur, amma ölkədə məhsuldarlıq hazırda buğdada 33 sentnerdir. Bu da yaxşı göstəricidir, keçən ilə nisbətən artıb, amma əlbəttə, sizdə 58-60 sentnerə çatıbsa bu, daha yaxşı göstəricidir.

    Vahid Hacıyev: Bu yalnız Samuxdakı göstəricimizdir. Tovuzda göstəricilərimiz orta hesabla 78 sentnerdir. Cənab Prezident, bizim pivot suvarma sistemi ilə təchiz olunmuş 70 hektar ərazimiz var. Bu 70 hektarın bəzi sahələrində hektardan məhsuldarlıq 84-85 sentnerdir.

    Prezident İlham Əliyev: Yəni, siz Avropanın inkişaf etmiş ölkələrinin səviyyəsinə çıxmısınız.

    Vahid Hacıyev: Bəli, əgər Avstriyada məhsuldarlıq hektardan orta hesabla 67 sentnerdirsə, Almaniyada 75 sentnerdir. Biz çalışırıq buna çataq.

    Prezident İlham Əliyev: Mən bilirəm ki, Avropada məhsuldarlıq nə qədərdir və bizdə də o qədər olmalıdır. Amma bunu etmək bir az çətindir. Çünki bizim iqlim fərqlidir. Torpaq da bəzi yerlərdə yarasızdır. Ona görə də bu torpaqlara siz həyat verirsiniz, canlandırırsınız.

    Vahid Hacıyev: Cənab Prezident, biz bunu Sizin dəstəyiniz sayəsində əldə etmişik. Bu uğurlarda alınmış yeni texnikanın böyük rolu var.

    Prezident İlham Əliyev: Bunları siz almısınız, investisiyaları siz özünüz qoymusunuz. Burada özəl sektor bütün investisiyaları qoyub, dövlət də bütün başqa təsərrüfatlarda olduğu kimi, öz infrastruktur dəstəyini göstərir, yol, elektrik enerjisi, su. Bunları dövlət edir, qalanını da özəl sektor. Ona görə bütün bu kombaynları siz özünüz alımısınız. Dövlət bütün fermerlərə dəstək göstərir, subsidiyalar verir, ancaq hər bir təsərrüfatda hektardan 78 sentner məhsul götürürlərmi? Yox. Ona görə də siz gərək bu təcrübəni bölüşəsiniz. Ola bilərmi ki, burada, ya da ki, Tovuz rayonunda regional tədris mərkəzi yaradılsın, Aqrar Universitet ilə birlikdə. Gəlsinlər, baxsınlar, təcrübə toplasınlar, hər yerdə belə olsun. Məncə, bu gün Azərbaycanda ən yüksək məhsuldarlıq buradadır.

    Vahid Hacıyev: Cənab Prezident, biz özümüz də öyrənirik, biz istəyirik ki, məhsuldarlığı daha da artıraq. Qarğıdalı səpinində də istəyirik ki, ilin axırına qədər məhsuldarlığımızı artıraq və öz nəticələrimizi göstərək. Biz öz məhsuldarlığımızla hələ ki, kifayətlənmirik.

    Sonra Prezident İlham Əliyev burada çalışan xarici mütəxəssislərlə söhbət etdi. Xarici mütəxəssislər burada özlərini çox rahat hiss etdiklərini və yerli insanların onlara çox xoş münasibət göstərdiklərini məmnunluqla diqqətə çatdırdılar.

    Daha sonra Prezident İlham ƏIiyev taxıl biçininə və qarğıdalı səpininə start verdi.

    Qeyd edək ki, buğda, arpa, şəkər çuğunduru və qarğıdalı məhsullarının istehsal olunduğu aqroparkda xaricdən alınan müasir avadanlıq quraşdırılıb, 60 min tonluq taxıl anbarı kompleksi yaradılıb. Satış bazarı üçün ölkə daxili müəyyən edilib və burada 89 nəfər işlə təmin olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR