AMEA Yüksək Texnologiyalar Parkında Azərbaycan xalqının əzm və iradəsinin rəmzi olan 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilib.
Öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbiri giriş sözü ilə Texnoparkın direktoru Vasif Abbasov açaraq 20 Yanvarın təkcə faciə deyil, həm də Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olduğunu deyib.
V.Abbasov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet hərbi birləşmələrinin Azərbaycanda getdikcə güclənən milli azadlıq hərəkatını dayandırmaq, xalqımızın müstəqillik əzmini sındırmaq üçün dinc əhaliyə qarşı həyata keçirdiyi dəhşətli qətliamdan bəhs edib. O, 31 il əvvəl baş vermiş siyasi proseslərdən danışaraq faciənin əsas səbəblərinə diqqət çəkib. Bildirib ki, ümummilli lider Heydər Əliyevin bütün çətinliklərə baxmayaraq, 1990-cı il yanvarın 21-də Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək, törədilən bu cinayəti qətiyyətlə pisləməsi və bəyanatla çıxış etməsi böyük cəsarət hissinin, eyni zamanda, öz xalqına sonsuz bağlılığın və dərin sədaqətin tarixi nümunəsidir.
Heydər Əliyevin öz quruculuq siyasəti ilə şəhidlərimizin canları uğrunda fəda etdikləri azadlıq və müstəqilik ideyalarını reallığa çevirdiyini vurğulayan direktor bu siyasətin ulu öndərin layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini, Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsindən sonra ərazi bütövlüyünün təmin edildiyini vurğulayıb. Əlavə edib ki, bu şanlı zəfər ilə həm 20 Yanvar, həm Qarabağ müharibəsi şəhidlərinin qisası alındı. Ərazi bütövlüyümüzün təmin olunması şəhidlərimizin qanının hədər getmədiyini sübut etdi.
Tədbirdə Texnoparkın direktor müavini Zaur Nəhmətov çıxış edərək Qanlı Yanvar faciəsi qurbanlarına və şəhid ailələrinə Azərbaycan rəhbərliyi tərəfindən hər zaman qayğı ilə yanaşıldığını, onların problemlərinin həlli istiqamətində davamlı tədbirlərin həyata keçirildiyini bildirib. O, ölkəmizdə aparılan uğurlu siyasət sayəsində bu gün Azərbaycanın dünyada stabil inkişaf edən, öz mövqeyini ortaya qoyan, nüfuz sahibi olan bir dövlət kimi tanındığını qeyd edib. Bildirib ki, bu inkişaf, dayanıqlılıq və davamlılığın təmin olunması məsələləri Yüksək Texnologiyalar Parkının qarşısına da müəyyən vəzifələr qoyur.
Daha sonra çıxış edən qurumun direktor müavini Zahir Nəsibov 20 Yanvar hadisələrinin Azərbaycan xalqının azadlıq mübarizəsi tarixində, milli təfəkkürün inkişafında oynadığı roldan danışıb. Bildirib ki, bu faciə Azərbaycan tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş, xalqımızın müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilmişdir. O, xalqımızın qan yaddaşına yazılan 20 Yanvar faciəsinin heç zaman unudulmayacağını diqqətə çatdırıb.
Tədbirdə çıxış edənlər müstəqillik yolunda canlarını qurban vermiş mərd oğul və qızlarımızın xatirələrinin hər zaman əziz və müqəddəs tutulduğunu vurğulayıblar.