Son bir neçə gündür ki, əksər KİV nümayəndələrinin, sosial şəbəkə istifadəçilərinin, bir sözlə cəmiyyətin aktiv siyasi zümrəsinə daxil olan şəxslərin müzakirə etdikləri əsas mövzulardan biri də, şəhid Adilov Şirəli İlham oğlunun həyat yoldaşı Fatimə Məmmədliyə “Kontakt Home” mağazalar şəbəkəsindən kreditə götürülmüş mebel dəstlərinin, məhz adı çəkilən bu şirkətin əməkdaşları tərəfindən geri götürülməsi oldu. Düzdür, mövzu olduqca həssas mövzulardan biri olduğu üçün, ilk gündən belə bir olay ciddi şəkildə müzakirə olundu və ortaya fərqli yanaşmalar da qoyuldu. Onu da qeyd edək ki, özünü geniş ictimaiyyətə bloqer deyə təqdim edən Kamil Zeynallının məsələ ilə bağlı ətraflı araşdırmalar aparmadan, əsl həqiqətlərin üzə çıxarılmasına heç bir halda cəhd göstərmədən, özünün instaqram səhifəsində “Kontakt Home” mağazalar şəbəkəsi haqqında paylaşım yayması, cəmiyyətdə müəyyən çaşqınlığın əmələ gəlməsinə səbəb oldu. Bütün bunlara baxmayaraq, günlər keçdikcə məsələnin mahiyyətinin müzakirəyə çıxarılması və olayın baş verməsi haqda Fatimə Məmmədlinin anası Məmmədova Azadə Süleyman qızının bəzi media qurumlarını verdiyi açıqlamalar və s. məhz “Kontakt Home” mağazalar şəbəkəsinin adı ətrafında dolaşan şübhələri aradan qaldırmağa imkan verdi. Belə olan halda məlum oldu ki, qeyd olunan yataq dəstinin geri götürülməsində şirkət əməkdaşlarının heç bir məsuliyyəti yoxdur. Çünki, bu haqda BakuTV-ə açıqlamasında şəhidin qaynanası Azadə Məmmədova bildirir ki, “Kontakt Home” mağazalar şəbəkəsinin əməkdaşları şirkətdən götürdüyüm yataq dəstinə görə qalan borcun silinməsi və həmçinin yataq dəstinin şəhidin evində qalması üçün Şirəli Adilovun ölüm aktının şirkətə təqdim olunmasının vacib olduğunu bildirdilər. Elə ki, Şirəlinin anası ölüm aktını mənə verməkdən imtina etdi, o halda məcbur olub şirkətə çatdırdım ki, götürdüyüm yataq dəstlərini geri qaytarın. Düzdür, onlar onu da qeyd etdilər ki, “Rəsmi sənədləşmə işləri adınıza rəsmiləşdirilib, ona görə də siz necə istəsəniz elə də olacaq”. Bundan əlavə, Şirəlinin anası mənə belə bir xəbər çatdırdı ki, “Mən bu mebelləri istəmirəm, onları bizim evdən çıxarın, bizim üçün yeni mebel gətiriləcək” dedikdə, “Kontakt Home” mağazalar şəbəkəsi ilə əlaqə saxladım və yataq dəstinin geri götürülməsini onlardan tələb etdim. Belə bir tələbimdən sonra, şirkət əməkdaşları malları geri götürdülər. Yəni, belə bir işdə “Kontakt Home” mağazalar şəbəkəsi əməkdaşlarının heç bir günahı yoxdur”. Bundan əlavə, şəhidin həyat yoldaşı Fatimə Məmmədli də BakuTV-ə verdiyi açıqlamada bildirir ki, “Koronovirus infeksiyasının yayılması səbəbindən, ötən ilin 07 avqustunda az sayda insanların iştirak etdiyi məclisdə Şirəli Adilovla toyumuz baş tutdu. Çox keçmədi ki, onu Vətən müharibəsinin başlaması səbəbindən hərbi xidmətə apardılar və 25 oktyabrda Şirəlinin şəhid olması xəbəri yayıldı, o halda mənə qarşı münasibət tamamilə dəyişdi. Yəni, elə bir ab-hava əmələ gəldi ki, qaynanamla birlikdə yaşamağımız müşkül məsələyə çevrildi. Elə ki, anamgildə olduqdan sonra bir neçə gün sonra geri qayıtdım, həmin vaxt Şirəlinin anası mənə “Bu cehizləri nə vaxt götürürsən? dedi. Cavabımda bildirdim ki, bunları götürməyə nə mənim, nə də ki, anamın ürəyi gəlmir. Çünki, bunların hər birində müəyyən xatirələr var desəm də, qaynanam israrından dönmədi”.
Bütün bunlar onu söyləməyə əsas verir ki, son günlər “Kontakt Home” mağazalar şəbəkəsinin adı ətrafında yayımlanan belə bir məlumatlar, birbaşa şər və böhtandan başqa bir şey deyil. Yəni, bu cür addımların atılmasının arxasında hansısa çirkli bir plan durur ki, bu da adı çəkilən şirkətin günü-gündən artan nüfuzuna xələl gətirməyə hesablanmış addımdır. Amma, təhrif olunmuş və heç bir əsası olmayan məlumatları yayanlar o halın varlığını unudurlar ki, onlar bu cür ucuz addımları ilə uzağa gedə bilməyəcəklər və “Kontakt Home” mağazalar şəbəkəsinin artan nüfuzu qarşısında duruş da gətirə bilməyəcəklər. Çünki, “Kontakt Home” ailəsi hər zaman insanlara dayaq olan, çoxsaylı xeyirxah layihələr həyata keçirən, vətənin çətin anlarında Silahlı Qüvvələrin Yardım Fonduna 150 000 manat məbləğində vəsait köçürən, 44 gün davam edən Vətən savaşında iştirak edən qazilərin müayinə və müalicəsinə, şəhid ailələrinin həyat şəraitinin yaxşılaşdırılmasına, həmçinin hərbi xidmətdə olan şirkət əməkdaşlarının ailələrinə üstüstə 500 000 manatdan çox maddi yardım göstərən, müharibədə 97 nəfər əməkdaşı iştirak edən və onlardan bir nəfəri şəhid olan şirkətdir.
Bir anlığa diqqət yetirək ki, bu şirkətin fəaliyyəti haqqında çoxsaylı müştərilər hər zaman ağızdolusu danışıblar, razılıqlarını ifadə ediblər. Hətta, “Kontakt Home” mağazalar şəbəkəsi haqqında Masallı rayonu, Bambaşı kənd sakini, şəhid atası Gündüz Akifzadənin danışdıqlarını dinlədikcə, bir daha belə bir qənaətə gəlmək olur ki, bu şirkətə heç bir ləkə yapışmaz. Məsələn, adı çəkilən bu şəxs qeyd edir ki, “Mən şəhid Elmir Akifzadənin atasıyam və gündəlik mətbuatı da izləyirəm. Övladımın qırx yas mərasimi çıxmamış “Kontakt Home” mağazalar şəbəkəsinə kredit borcumu ödəmək məqsədilə getdim. Elə ki, şirkət əməkdaşlarına bildirdim ki, borcumu ödəməyə görə gəlmişəm, o halda onlar sənədlərə baxdılar və bildilər ki, mən şəhid atasıyam. Həmin an şirkət əməkdaşları mənə “Bizə tapşırıq verilib ki, şəhid ailə üzvlərinin borcları şirkət tərəfindən ödənilir. Sadəcə olaraq siz övladınızın ölüm aktını bizə təqdim edin, qalan işləri şirkətin nümayəndələri həyata keçirib borcunuzu bağlayacaqlar. Bəli, bu belə də oldu. İndi mən bir şəhid atası olaraq ilk öncə şəhid valideyinlərinə səbr diləyirəm və onlara üz tutub deyirəm ki, kimsə haqqı unudub haqsızlıq edirsə, həmin şəxsə ayıb olsun. Şəhidlərin problemləri hər zaman hər kəsin problemidir. O, Ləmbəranski, Kamil Zeynallı yataq dəstinin geri qaytarılmasını qabardıblar. Onlar niyə belə ediblər heç cür başa düşmək olmur. Axı, şirkət tərəfi bildirib ki, sadəcə olaraq ölüm aktını təqdim edin, borcu silək və yataq dəsti də həmin evdə qalsın. Lənbəranski, Kamil Zeynallı çox pis iş edibər, olmayan şeyi şişirdiblər. Onların hərəkətləri şəhid valideyni olaraq bizi incidir, yaxşı olmazmı ki, onlar yaxşı bir şey etsinlər, bizi qıcıqlandırmasınlar”.
Bütün bunlar onu söyləməyə əsas verir ki, özünü geniş ictimaiyyətə bloqer deyə təqdim etmiş Kamil Zeynallının, bir neçə gün bundan öncə özünəməxsus instaqram səhifəsində “Kontakt Home” mağazalar şəbəkəsi haqqında əsassız paylaşım yayması və bunun nəticəsində cəmiyyətdə müəyyən çaşqınlıq yaratması, heç bir əndazəyə sığası məsələ deyil. Şükürlər olsun ki, günlər keçdikcə hər kəs baş verənlərdən xəbərdar olur və bunun qarşılığında sular da durulmağa başlayır. Yəni, kimin nəyi necə yazmasından, hansı paylaşmanı paylaşmasından asılı olmayaraq ortada bir həqiqət var, o da “Kontakt Home” mağazalar şəbəkəsi haqqında yayılanların şər-böhtan olmasıdır. Bunu Fatimə Məmmədlinin və onun anası Azadə Məmmədovanın BakuTV-ə açıqlamalarında da görmək mümkündür. Ona görə də, KİV nümayəndələrini, sosial şəbəkə istifadəçilərini, bir sözlə cəmiyyətin aktiv siyasi zümrəsinə daxil olan şəxsləri, məhz belə bir məsələlərdə olduqca diqqətli olmağa dəvət edirik.