AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dövlət Komitəsində BMT-nin Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri ilə görüş keçirilib

  • + A
  • - A
  • 21-09-2021, 18:22


    21 sentyabr 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-nin Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri, rezident əlaqələndirici Vladanka Andreeva ilə görüşüb.

    Komitədən Azadmedia.az-a verilən məlumata görə görüşün məqsədi Dövlət Komitəsi ilə BMT-nin Azərbaycandakı nümayəndəliyi arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsidir.

    Qonaqları salamlayan Dövlət Komitəsinin sədri Bahar Muradova, Vladanka Andreevanı yeni və vacib vəzifədə fəaliyyətə başlaması münasibətilə təbrik edərək, işində uğurlar arzulayıb. Ölkəmizlə BMT və onun qurumları arasındakı uzunillərə söykənən münasibətlərin uğurlu nəticələrindən bəhs edən Komitə sədri, birgə əməkdaşlıq sahəsində bundan sonra da ölkəmiz üçün çox vacib işlərə imza atılacağına inamını ifadə edib.

    Azərbaycan müstəqilliyini əldə etdikdən sonra ilk əməkdaşlıq etdiyi beynəlxalq təşkilatın BMT olduğunu vurğulayan sədr, Ermənistanla münasibətlərdə sülhün bərqərar edilməsi sahəsində bu gün də bu təşkilatın böyük rol oynadığını bildirib. Ermənistanın üzərinə düşən öhdəliyi yerinə yetirməyərək mina xəritələrini təqdim etmədiyinə diqqət çəkən Bahar Muradova, bunun işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərinə ciddi maneə törətdiyini vurğulayıb.

    Çıxışın davamında Azərbaycanın üzv olduğu bütün beynəlxalq təşkilatlarla münasibətlərində səmərəli və faydalı bir tərəfdaş olduğu qeyd edilib, onun iqtisadi, siyasi, hərbi imkanlarına söykənərək BMT kimi təşkilatın qətnamələrini tək başına icra etmək iqtidarında olduğu bildirilib, bunu təşkilatın işinə töhfə olduğu diqqətə çatdırılıb: “Hazırda işğaldan azad olmuş ərazilərin bərpa və quruculuq işlərinə ciddi ehtiyac var. Dövlətimiz öz imkanları çərçivəsində bu işləri həyata keçirir və ümid edirəm ki, BMT və onun qurumları da bu prosesə çox fəal şəkildə qoşulacaq və bu işə töhfə verəcək”.

    O həmçinin, BMT ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin davamlılığının təmin olunması, eyni zamanda gələcəkdə daha da genişləndirilməsi baxımından yeni mexanizmlərin işlənib hazırlanmasını təklif edib.

    BMT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladanka Andreeva səmimi qəbula görə Komitə sədrinə təşəkkürünü bildirib. O, BMT-nin Azərbaycanla uzun illərdən bəri formalaşmış fundamental əlaqələrinə istinad edərək birgə əməkdaşlığın növbəti 5 ildə uğurla davam etdiriləcəyinə inandığını bildirib.

    Dövlət Komitəsinin qadınların iqtisadi səlahiyyətləndirilməsi, gender bərabərliyinin təmin olunması, xüsusilə də məişət zorakılığı ilə mübarizə sahəsində həyata keçirdiyi tədbirlərin təqdirəlayiq olduğunu qeyd edən xanım V. Andreeva, bu sahədəki əməkdaşlığın inkişaf etdiriləcəyini, eləcə də işğaldan azad edilən torpaqlarda həyata keçirilən quruculuq işlərində BMT-nin həm texniki, həm də maddi dəstək göstərməyə hazır olduğunu bildirib.

    Görüş zamanı Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədi müzakirə edilib. Çərçivə sənədi BMT-nin Azərbaycan hökuməti ilə 2021-2025-ci illər üçün gələcəyə strateji baxış və əməkdaşlıq istiqamətini müəyyən edir. Sənəddə tərəfdaşlıq üçün 4 prioritet sahə nəzərdə tutulub ki, bunlardan dördüncüsü “Qadın və qızların səlahiyyətlərini artıran və gender bərabərliyinə əsaslanan cəmiyyət” formalaşdırılmasına yönəlmişdir.

    Görüşdə Dövlət Komitəsinin sədr müavinləri Sədaqət Qəhrəmanova və Aynur Sofiyeva, İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov, Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri Fərid Ədilov, Tərəfdaşlıq və inkişaf maliyyəsi mütəxəssisi Şəms Mustafayeva da iştirak edib.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR