16 iyul 2022-ci il tarixində Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan Respublikası və Ermənistan Respublikasının xarici işlər nazirləri arasında ikitərəfli görüş keçirilib.
Xarici İşlər Nazirliyindən AzadMedia.az a verilən məlumata görə, nazirlər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı bir sıra məsələlərə toxunublar. Bununla bağlı, hər iki tərəf götürdükləri öhdəliklərin icrasını müzakirə edib, gələcək mümkün addımlar barədə fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov qeyd edib ki, bütün səylər iki dövlət arasında silahlı münaqişənin həllindən sonra yaranmış post-münaqişə reallıqları əsasında Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin tənzimlənməsində irəliləyiş əldə olunmasına yönəldilməlidir. Bu kontekstdə Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış Üçtərəfli Bəyanatların bütün müddəalarının icrasının, xüsusilə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasının zəruriliyi vurğulanıb.
Humanitar məsələlərə toxunan nazir Ceyhun Bayramov 4000-ə yaxın itkin düşmüş azərbaycanlının taleyinə aydınlıq gətirilməsinin vacibliyini diqqətə çatdırıb.
Nazirlər Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun davam etdirilməsinə əhəmiyyət verdiklərini vurğulayıblar.
Hər iki nazir görüşün Gürcüstanda təşkilinə görə gürcü tərəfinə minnətdarlıqlarını bildiriblər.
***14:04
Tbilisidə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında ikitərəfli görüş başa çatıb.
AzadMedia.az xəbər verir ki, ikitərəfli görüşdən sonra Ceyhun Bayramov, Ararat Mirzoyan və Gürcüstanın XİN rəhbəri İlia Darçiaşvili arasında üçtərəfli görüş baş tutub.
***
12:22
Tbilisidə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında ikitərəfli görüş başlayıb.
AzadMedia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi tvitter səhifəsində məlumat verib.
***
08:56
Xarici işlər naziri Ceyhun Bayramov işgüzar səfərlə Gürcüstana yola düşüb.
Bu barədə AzadMedia.az a Xarici İşlər Nazirliyindən bildirilib.
Səfər çərçivəsində C.Bayramovun Gürcüstan Baş naziri, xarici işlər naziri və Ermənistan Respublikası xarici işlər naziri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulur.