AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli Məclis sədrinin müavini Adil Əliyev: “Azərbaycan öz ətrafında müsbət beynəlxalq imic yaratmağa nail olub”

  • + A
  • - A
  • 18-07-2022, 17:42

    Milli Məclis sədrinin müavini Adil Əliyev: “Azərbaycan öz ətrafında müsbət beynəlxalq imic  yaratmağa nail olub”

    Azərbaycanın 44-günlük Vətən müharibəsində şanlı Qələbəsindən sonra 2021-ci il iyunun 15-də “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması, 2022-ci il fevralın 22-də Moskvada “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin imzalanması regionda yaranmış yeni geosiyasi reallıqları beynəlxalq səviyyədə təsbit etdi. Təqdirəlayiq haldır ki, Azərbaycan, eyni zamanda, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı çərçivəsində fəal və aparıcı üzv kimi uğurlu xarici siyasət yürüdür.
    Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev iyulun 15-də bu ilin altı ayının yekunlarına həsr olunmuş müşavirədə çıxışında bildirdi ki, yaxın günlərdə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji təhlükəsizliyi ilə bağlı önəmli sənəd imzalanacaq və Avropa İttifaqı ilə əməkdaşlıq daha yüksək səviyyəyə qalxacaq. Ümumiyyətlə, Azərbaycan Avropa İttifaqı ilə fəal əməkdaşlıq edir. Qurumla yeni əməkdaşlıq müqaviləsinin hazırlanması üzərində iş gedir, artıq bir sıra məsələlər razılaşdırılıb. Yeni müqavilənin imzalanması Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişafına xidmət edəcək.
    Vətən müharibəsindən sonra Azərbaycan Prezidenti İlham Əliyevlə Avropa İttifaqının rəhbərliyi, xüsusən də Avropa İttifaqının Prezidenti arasında görüşlər və telefon danışıqları baş tutub. Həmin görüş və danışıqların əsas mövzusu Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasıdır. Bu fakt özü də onu göstərir ki, Vətən müharibəsində zəfərimizin nəticələri Avropa İttifaqı kimi mötəbər beynəlxalq qurum və ona üzv olan aparıcı dövlətlər tərəfindən də tanınır.
    Qeyd edilməlidir ki, dünyanın böyük dövlətlərindən biri olan ABŞ-la münasibətlər də uğurla inkişaf edir. Əsas güc mərkəzləri, böyük dövlətlər və beynəlxalq təşkilatlarla qurduğumuz uğurlu əməkdaşlıq, eləcə də qonşu ölkələrlə əlaqələrimizin inkişafı hazırda dünyanın bir çox yerlərində münaqişə, gərginlik və böhranların hökm sürdüyü bir dövrdə Azərbaycan üçün çox vacib müsbət beynəlxalq imic yaradır. Beynəlxalq səviyyədə mövqelərimizin güclənməsi, ikitərəfli və çoxtərəfli formatlarda münasibətlərimizin inkişafı Ermənistan-Azərbaycan əlaqələrinin normallaşması baxımından da əlverişli və arzuolunandır.
    Ermənistan-Azərbaycan əlaqələrinin normallaşması istiqamətində bəzi müsbət addımlar atılmaqdadır. İki ölkə arasında dövlət sərhədlərinin delimitasiyası üzrə işçi qrupun ilk iclası keçirilib. Gələn ay işçi qrupun ikinci görüşünün keçirilməsi nəzərdə tutulur. Sülh müqaviləsinin hazırlanması üçün Azərbaycanın irəli sürdüyü beş baza prinsipi Ermənistan tərəfindən qəbul edilib. Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilk dəfə ikitərəfli formatda görüş keçiriblər. Bu görüş iyulun 16-da Tiflisdə baş tutub. Qeyd olunan müsbət addımlara baxmayaraq, hələlik real nəticələr əldə edilməyib. Belə ki, Ermənistan 10 noyabr 2020-ci il tarixdə imzalanmış Üçtərəfli Bəyannaməyə əsasən üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməkdən boyun qaçırır. Belə ki, Ermənistan öz silahlı qüvvələrini Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindən çıxarmaq və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirəcək Zəngəzur dəhlizinin qurulması ilə bağlı Üçtərəfli Bəyannamədə təsbit edilmiş öhdəlikləri yerinə yetirmək istəmir.
    Son vaxtlar Ermənistan status məsələsini yenidən gündəmə gətirmək, ATƏT-in Minsk qrupunu dirçəltmək üçün uğursuz cəhdlər edir. Azərbaycan isə belə mənfi təzahürləri nəzərə alaraq, bir tərəfdən diplomatik cəbhədə səmərəli və intensiv fəaliyyət aparır, digər tərəfdən isə ordu quruculuğu və hərbi sahədə islahatlar həyat keçirir.
    Azərbaycanın xarici siyasətdə əldə etdiyi uğurlar, habelə Ermənistanla münasibətlərin normallaşması istiqamətində atdığı addımlarla yanaşı, 2022-ci ilin ilk altı ayı ərzində ölkədaxili sahələrdə, o cümlədən iqtisadi, sosial, energetika, işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, digər prioritet istiqamətlərdə də ciddi işlər görülüb. Həmin dövrün yekunlarına nəzər saldıqda bu fəaliyyətin müvəffəqiyyəti və geniş miqyası aydın şəkildə göz önündə canlanır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR