Həyat kredosu milli maraqlar və ümumbəşəri dəyərlərə sədaqət ruhunda qurulan insanların mənəvi dünyasının zənginliyindən irəli gələn həyat fəlsəfəsini anlamaq, onları bir şəxsiyyət olaraq təsvir etmək elə də asan iş deyil. Lakin inkaredilməz bir həqiqət də vardır. Gərəkli, parlaq və layiqli ömür yaşayan insanlar cəmiyyətdə hər zaman yüksək dəyərləndirilirlər. Bu gün 25 iyul 2022-ci il tarixində Cənab Prezident İlham Əliyevin Sərəncamına əsasən AMEA-nın müxbir üzvü, akademik İbrahim Cəfərovun Azərbaycan Dövlət Aqrar Universitetinə rektor təyin edildiyi gündən 9 il ötür.Xatırladırıq ki, İbrahim Cəfərov 20 yanvar 1956-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonu Düdəngə kəndində anadan olmuşdur. 1979-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda dinləyici, 1980-1985-ci illərdə həmin institutun tələbəsi olub. Həyatını Azərbaycan elminin inkişafına, müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmlənməsinə həsr edən alim 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilib.
Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının 1993-cü ildən 2002-ci ilədək “Meyvə-tərəvəzçilik və üzümçülük” fakültəsinin, sonra isə “Aqronomluq və torpaqşünaslıq” fakültəsinin dekanı, Azərbaycan Dövlət Aqrar Universitetinin tədris işləri üzrə prorektoru (2009-2013) vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 25 iyul 2013-cü il tarixli Sərəncamı ilə professor İbrahim Cəfərov Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsinə təyin edilib. Görkəmli alim Azərbaycanda, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyə qəbul edilib. Akademik İbrahim Cəfərov fitopatologiya sahəsində işlərin beynəlxalq səviyyəyə çatdırılması və fəaliyyət dairəsinin genişləndiriməsi üçün bir çox işlər görüb. Alimin elmi tədqiqatlarının nəticələri respublikada və xaricdə nəşr olunan 150-dən çox elmi əsərdə, o cümlədən dərsliklər, dərs vəsaitlər, fitopatologiya fənninin öyrənilməsinə dair metodik tövsiyələrdə öz əksini tapıb. İbrahim Cəfərovun yüksəkixtisaslı elmi kadrların hazırlanması sahəsində də xidmətləri olub. Onun elmi rəhbərliyi ilə 5 fəlsəfə doktoru dissertasiya işi müdafiə olunub.
Azərbaycan elmində, ictimai fikrində öz yeri, öz sözü olan alim İbrahim Cəfərovun Azərbaycan Dövlət Aqrar Universitetinin inkişafında, ölkəmizdə və dünyada tanınmasında böyük zəhməti olub. Elə buna görədir ki, ADAU adı gələndə ilk olaraq gözümüzdə İbrahim Cəfərov portreti canlanır. Bu gün rektoru olduğu Azərbaycan Dövlət Aqrar Universitetində tələbələrin təhsilə yiyələnmələri üçün hərtərəfli şərait yaradılıb. Ömrünü elmə, təhsilə həsr edən, elmi və ictimai mühitdə qazandığı böyük hörmətlə tanınan, peşəkarlığı və qayğıkeşliyi ilə seçilən İbrahim Cəfərov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Rektorun peşəkar rəhbərliyi sayəsində ADAU-da keyfiyyətli və şəffaf təhsil imkanları, tələbəyönümlü tədbirlər, təqaüdlər, beynəlxalq mübadilə proqramlarında iştirak, tələbələrin sosial-məişət şəraitinin ən müasir tələblərə cavab verməsi, valideyn-universitet əlaqələrinin inkişafı, aqrar sahədə uğurlu karyera imkanları təmin edilib. Məhz akademik İbrahim Cəfərovun rəhbərliyi dövründə 22 fevral 2022-ci il tarixində Azərbaycan ali təhsil müəssisələri arasında ilk dəfə olaraq Azərbaycan Dövlət Aqrar Universiteti Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən hazırlanmış 21001:2018 “Təhsil təşkilatları üçün idarəetmə sistemləri – İstifadə üzrə rəhbərlik və tələblər” beynəlxalq standartı üzrə sertifikatını qazanıb. İSO 21001:2018 beynəlxalq standartının tətbiqi ali təhsil müəssisələrində effektiv və rahat idarəetmə sistemi modelinin tətbiqinə, təhsil xidmətlərinin keyfiyyətinin artırılmasına, bütövlükdə təşkilatda innovasiyaların inkişafının stimullaşdırılmasına zəmin yaradacaq.
Tələbələri onu çox sevirlər. Bu sevginin mənbəyi həm də İbrahim Cəfərovun uzunmüddətli müəllimlik təcrübəsi ilə auditoriyalarda oxuduğu yaddaqalan mühazirələr, tələbələrlə səmimiünsiyyət qurmaq bacarığı, onlara diqqət və qayğısıdır. Akademik İbrahim Cəfərov tədqiqatçı alim olmaqla bərabər, həm də elmi işləri tədrislə sıx əlaqələndirməyi bacaran bacarıqlı müəllimdir, peşəkar pedaqoqdur.
Rektorun əməyi dövlət və xalq tərəfindən layiqincə qiymətləndirilib. Alim “Kənd təsərrüfatı işçilərinin təltif edilməsi” haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 7 noyabr 2016-cı il tarixli Sərəncamı ilə Kənd təsərrüfatının inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı və “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib. Həmçinin İbrahim Cəfərov 2016-cı ildə Qazaxıstan Milli Aqrar Universitetinin fəxri professoru, 2018-ci ildə Moldova Dövlət Aqrar Universitetinin fəxri doktoru adına layiq görülüb. İbrahim müəllimin peşəkar idarəetmə fəaliyyətinin nəticəsidir ki, ADAU-nun səsi həmişə yüksək tribunalardan eşidilib, cənab Prezident İlham Əliyevin hər zaman diqqəti bu qocaman təhsil ocağında hiss olunub.
Azərbaycan Respublikasının uğurlu inkişaf göstəricilərindən ən mühümü əhalinin sosial rifah halının yüksəldilməsi istiqamətində həyata keçirdiyi sistemli və ardıcıl tədbirlərdir. Sözü gedən tədbirlər planında ölkə ümumtəhsil işçiləri ilə yanaşı biz Azərbaycan Dövlət Aqrar Universitetinin professor-müəllim heyətinində yer alması dövlətimizin sosial məsələlərə xüsusi diqqətinin bariz nümunəsidir. Ölkədə uğurla gerçəkləşdirilən sosial təminat tədbirləri insanların həyati tələbatlarının ən azı minimum səviyyədə ödənilməsinə xidmət edir. Xalqımız üçün özəl gündə 24 dekabr 2021-ci ildə dövlət başçımızın yubiley günündə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, akademik İbrahim Cəfərovun sədrliyi ilə keçirilən universitet elmi şurasında 2022-ci il 01 yanvar tarixindən universitetin aylıq vəzifə maaşları 300 manatadək (300 də daxil olmaqla) olanlar 25%, 300 manatdan çox vəzifə maaşlarının 20% artırılması barədə qəbul edilən qərar yenilməz Iqtisadi gücə sahib olan dövlətimizin aqrar elmə, aqrar təhsilə və Aqrar universitetə göstərdiyi diqqət və qayğının növbəti nümunəsi idi.
Əsl ziyalı cəmiyyətdə gedən ictimai-siyasi proseslərə heç zaman biganə qalmır. Müəyyən bir əqidənin daşıyıcısı kimi öz mövqeyini ortaya qoyur. Aydın baxışları, tutduğu yolla onun rəyinə hörmət bəsləyən başqalarına, o cümlədən tələbələrinə düzgün yol göstərməyə çalışır. Bu mənada akademik İbrahim Cəfərov əqidə adamıdır. O, hər zaman Azərbaycan dövlətinin daha da güclənməsi, qüdrətlənməsi istəyi ilə çıxış edib. Alim fəhmi ilə duyur ki, bütün bu amallara yetişməyin yeganə yolu cəmiyyətdəki ictimai-siyasi sabitliyin, davamlı inkişaf mühitinin qorunub saxlanmasından, insanların maariflənməsindən, xalqın birdən-birə inqilabi sıçrayışla deyil, sosial təkamül yolu ilə öz hədəflərinə doğru irəliləməsindən keçir.Bu isə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf kursudur. Bu kursu böyük əzmlə davam etdirərək ölkəmizi tarixinin ən qüdrətli mərhələsinə yetirmiş Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü milli inkişaf siyasətidir.
Hörmətli Cənab Rektor bu gün ADAU kollektivi üçün sözün əsl mənasında əlamətdar gündür. 9 il əvvəl cənab Prezidentin imzaladığı Sərəncam ADAU-nun bugünkü inkişafının təməli qoydu, şərəfli və məsul rektor vəzifənin öhdəsindən məharətlə gələrək, qətiyyətli və ardıcıl atılan inamlı və cəsarətli addımları ilə hər kəsin sevgisini və rəğbətini qazanan bir Şəxsiyyəti tanıtdırdı bizlərə. O Şəxsiyyət ki, ADAU Brendini yaradacaq, yaşadacaq və onu bütün ölkəyə, dünyaya tanıdacaq. Dövlətimizin həyata keçirilən uğurlu aqrar siyasət və hörmətli nazirimiz İnam Kərimovun elmə və innovasiyalara əsaslanan səmərəli fəaliyyətindən ilham alaraq, aqrar sahəyə kadr hazırlığı prosesini tam məsuliyyəti ilə öz üzərinə götürmüş və son doqquz ildə davamlı inkişaf strategiyasinı reallaşdıran və bu istiqamətdə bir çox Ali təhsil müəssisələrini geridə qoyan ADAU-ya hələ uzun müddət bu gün olduğu kimi müvəffəqiyyətlə rəhbərlik etməniz diləyi ilə, uğurlu fəaliyyətinizin 9-cu ildönümü münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, yeni-yeni elmi və yaradıcılıq nailiyyətləri arzulayırıq!
Aytəkin Bağırova
ADAU Aqrobiznes və İdarəetmə fakültəsinin YAP İlk partiya təşkilatının sədri,
Marketinq kafedrasının baş müəllimi