Sosial şəbəkələrdə Tovuz Rayon Polis Şöbəsinin sabiq rəisi Şirzad Əsgərovun intihar etməsi barədə xəbərlər yayılıb.
İddia olunub ki, sabiq rəisin intiharı 2 il öncə Tovuzda öldürülən 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlıdır.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, qeyd olunan ittihamlar yalan və qərəzlidir:
"Hazırda təqaüddə olan Şirzad Əsgərov daxili işlər orqanlarında 40 ilə yaxın xidmət edib, dövlətini və xalqını sevən bir polis zabiti olub. 2020-ci ildə törədilən qətl hadisəsinin açılmasında həmin vaxt rayonun polis rəisi kimi Ş.Əsgərovun əməyi danılmazdır. Cinayət işinin respublikanın Baş Prokurorluğu tərəfindən aparılmasını nəzərə alsaq, istintaqa kiminsə müdaxilə etməsi mümkün deyil və qanun da buna imkan vermir. Ona görə də sabiq polis zabiti haqqında uydurma və qərəzli ittihamlar səsləndirmək həm qanuni, həm də mənəvi baxımdan qətiyyən yolverilməzdir.
Şirzad Əsgərov daxili işlər orqanlarında xidmət etdiyi müddətdə qanunun aliliyini rəhbər tutan bir zabit olub. Onun hazırda təqaüddə olmasına baxmayaraq bu gün də təcrübəli və peşəkar bir polis veteranı kimi bizim sıralarımızdadır".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.