Ukraynada qətlə yetirilən gənc azərbaycanlı iş adamı Sənan Qəniyevin cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində danışıqlar aparılır.
Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən mərhumun yaxınları bildiriblər ki, S.Qəniyevin nəşinin Polşaya, oradan da təyyarə ilə Bakıya gətirilməsi planlaşdırılır. Lakin bu baş tutmasa, cənazənin Moldova vasitəsilə Azərbaycana göndərilməsi nəzərdə tutulub.
O da məlum olub ki, Lvovda restoranda qətlə yetirilən Sənan Qəniyev həmin şəhərdə ticarətlə məşğul olub. Onun əmisi isə restoran işlədib və dava-dalaş da Sənanın əmisi ilə Lvovda fəaliyyət göstərən və Türkiyə vətəndaşlarının işlətdiyi “Şaurma” restoranının sahibləri arasında olub. Sənan əmisinin həmin rostorana getdiyini və mübahisə baş verdiyini öyrənərək oraya gedib. Bu zaman baş vermiş münaqişə zamanı kürd əsilli Türkiyə vətəndaşı Barut Məsut şiş ilə 33 yaşlı S.Qəniyevə xəsarət yetirib. Şiş Sənanın ayaq nahiyəsində vena damarını kəsdiyindən kəskin qanaxma baş verib. Çoxlu qan itirən gənc orada dünyasını dəyişib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.