AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ağcabədidə şəhid Samir Mikayıllının ailəsinə orden təqdim edilmişdir.

  • + A
  • - A
  • 10-08-2022, 21:30

    Ağcabədidə şəhid Samir Mikayıllının ailəsinə orden təqdim edilmişdir.


    Avqust ayının 10-da Ağcabədi rayonun Salmanbəyli kəndinin yetirməsi, 09 noyabr 2020-ci il tarixdə Şuşa şəhərinin Erməni işğalçılarından azad olunması uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olmuş kapitan Samir Mikayıllının ailəsinə ordenin təqdim edilməsinə həsr edilmiş tədbir keçirilmişdir.
    Əvvəlcə tədbir iştirakçılarının bir qrupu şəhidin xatirəsinə Salmanbəyli kəndində salınmış parkda olmuş, şəhid Samir Mikayıllının abidəsi önünə tər çiçək dəstələri düzərək onun əziz xatirəsini ehtiramla yad etmişlər.
    Tədbirin rəsmi hissəsini YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov açmış, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
    Samir Mikayıllı 2007-2010-cu illərdə C.Naxçıvanski adına hərbi liseydə təhsil almış, 2010-cu ildə H.Əliyev adına Azərbaycan Ali Hərbi məktəbə daxil olduqdan sonra elə həmin il Türkiyə Silahlı Qüvvələrinin Ali Hərbi məktəbinə (Kara Harb Okulu) göndərilmiş, 2014-cü ildə həmin məktəbi bitirərək Türkiyə Silahlı Qüvvələrinin Tuzla Piyada Okulunda zabit kursu keçdikdən sonraq Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun Xüsusi Təyinatlı Qüvvələrinin zabiti, xüsusi təyinatlı kəşfiyyat komandiri kimi hərbi xidmətə başlamışdır. 2018-ci ildə Günnüt əməliyyatında iştirak etmiş, həmin döyüşlərdə fərqləndiyi üçün “İgidliyə görə” medalı təltif edilmiş və vaxtından əvvəl ona baş leytenant rütbəsi verilmişdir.
    27 sentyabr 2020-ci il tarixdə Vətən Müharibəsinin ilk günündə döyüşlərə qatılmış, Füzuli, Xocavənd və Şuşa uğrunda gedən döyüşlərdə iştirak etmiş, Şuşanın azad olunmasına görə sücaət göstərdiyinə görə 08 noyabr 2020-ci ildə ona kapitan rütbəsi verilmiş, 09 noyabr tarixdə isə Şuşa uğrunda gedən qanlı döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
    Kapitan Samir Mikayıllı ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25.06.2022-ci il tarixli Sərəncamı ilə Samir Mikayıllı “Vətənə xidmətə görə” 3-cü dərəcəli ordenlə təltif edilmişdir.
    Tədbirdə Ağcabədi RİHB aparatının Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri işin təşkili şöbəsinin müdiri Şöhlət Orucov, Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun “N” saylı hərbi hissəsinin komandir müavini, Polkovnik-leytenant Cəbrayıl Nəbiyev çıxış edərək şəhid Samir Mikayıllının xidmətləri və keçdiyi döyüş yolu barədə məlumat vermişlər.
    Sonra şəhidin atası Sabir Sultanov və qardaşı Müşviq Mikayıllıya şəhid Samir Mikayıllının təltif edildiyi orden təqdim edilmişdir.
    Şəhidin atası Sabir Sultanov vətən uğrunda şəhid olmuş oğlu Samirin xatirəsini uca tutduqları üçün tədbir iştirakçılarına minnətdarlıq etmiş, 25.06.2022-ci il tarixdə oğlunu “Vətənə xidmətə görə” 3-cü dərəcəli ordenlə təltif etdiyinə görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə ailələri adından öz təşəkkürünü bildirmişdir.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR