Ceyhun Məmmədov,
Millət vəkiliSon dövrlər bir sıra dövlətlərin ATƏT-in “ölmüş” Minsk qrupunu ciddi cəhdlə diriltməyə çalışdıqları müşahidə olunur. Reallıq isə ondan ibarətdir ki, 30 ilə yaxın müddətdə ATƏT-in Minsk qrupu Azərbaycanla Ermənistan arasında keçmiş münaqişənin həllinə heç bir töhfə verə bilmədi. Əksinə, Azərbaycanın işğalla barışmasına ciddi cəhdlər edildi, münaqişənin müharibə yolu ilə həllinin qeyri-mümkün olduğu israrla bildirildi.
Əgər Azərbaycan “ölü” dünyaya gəlmiş bu qurumun ümidinə qalsaydı hələ də torpaqlarımız işğal altında idi, bu qurumun nümayəndələri isə hələ də heç bir nəticəsi olmayan turist səfərlərinə davam edirdilər.
Artıq Azərbaycan özü BMT-nin 4 qətnaməsini icra edərək torpaqlarını işğaldan azad edib. ATƏT-in Minsk qrupuna ehtiyac yoxdur. Bu barədə dəfələrlə Prezident İlham Əliyev qətiyyətli və prinsipial mövqeyini bildirib. Bunu bütün dövlətlər və beynəlxalq qurumlar nəzərə almalıdırlar.
Bəzi dövlətlərin ATƏT-in “ölmüş” Minsk qrupunu yenidən diriltmək cəhdlərinə gəldikdə isə bu ayıb və utancvericidir. İndi bu qurumun “dirildilməsi” üçün ciddi cəhdlər edən dövlətlər nə üçün o zaman keçmiş münaqişənin həllində bu qədər canfəşanlıq etmirdilər? Yoxsa münaqişənin həlli, bölgəyə sülhün gəlməsi onların maraqları ilə uzlaşmır?
Azərbaycan ən qısa müddətdə bölgəyə sülhün gəlməsində və yekun sülh müqaviləsinin imzalanmasında maraqlıdır. Azərbaycan bu istiqamətdə səylə çalışır və ölkəmizi bu yoldan heç kim döndərə bilməz. Bölgəyə sülhün gəlməsində səmimi və maraqlı olan dövlətlər də əslində bu mövqedə olmalı idilər. Ancaq əksini görürük.
Azərbaycanın yekun mövqeyi isə bundan ibarətdir. Keçmiş münaqişənin həllinə heç bir töhfə verməyənlər indiki həssas məqamda heç olmasa bölgəyə sülhün gəlməsinə mane
olmasınlar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.