Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının son bir neçə gün ərzində keçirdikləri ardıcıl əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 7 nəfər saxlanılıb. Onlardan ümumilikdə 4 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan
Azadmedia.az-a verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında rayon ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cəlilabad rayon sakini Kənan Ağayev saxlanılıb. Keçirilən baxış zamanı ondan 3 kiloqram 800 qrama yaxın narkotik vasitə tiryək aşkarlanaraq götürülüb.
Bundan əlavə, Biləsuvar RPŞ-nin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri digər əməliyyat-axtarış tədbirləri ilə daha 6 nəfər saxlanılıb. Onlardan ümumilikdə 250 qramdan artıq heroin aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Biləsuvar RPŞ-də cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir. Həmin şəxslərdən 4-ü barəsində məhkəmə tərəfindən həbs, 3-ü barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.