Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları havaların isti keçməsi ilə əlaqədar sürücülərin iş və istirahət rejiminə, eləcə də onların sağlamlığına nəzarəti gücləndiriblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, yollarda hərəkətin təhlükəsizliyinin artırılması məqsədilə keçirilən belə tədbir zamanı rayonun bir neçə yerində, xüsusilə də turistlərin daha çox üz tutduğu məkanlara gedən yollarda müvəqqəti postlar yaradılıb. Günün qızmar vaxtlarında avtomobil, xüsusilə avtobus və mikroavtobus idarə edən sürücülər saxlanılaraq onların istirahət etməsinə şərait yaradılıb. Yol polisi əməkdaşları sürücülərə və nəqliyyat vasitəsində olan sərnişinlərə sərin su paylayıb, onların səhhətləri ilə maraqlanıblar.
İsti havanın təsirindən özünü halsız hiss edənlər, səhhətində problem olanlar elə yerindəcə həkim nəzarətindən keçirilib, onlara tibbi yardım göstərilib. Yol polisi isti havalarda sürücülərə yollarda diqqətli olmaları, hərəkəti birdəfəlik deyil, fasilələrlə davam etməyi məsləhət görüblər. Bunun həm onlar, həm də sərnişinlərin həyatı üçün vacib olduğu bildirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.