DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan
Azadmedia.az-a verilən məlumata görə, sentyabr ayının 6-da Şirvan şəhər sakini olan bir qadın "102" xidmətinə, daha sonra isə Şirvan Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edərək şəhər ərazisində yerləşən bankomatların birindən pul çəkmək istəyən zaman tanımadığı bir şəxsdən kömək istədiyini, lakin sonuncunun kartdan pul çəkdikdən sonra həmin ərazidən uzaqlaşığını və ona məxsus 200 manat pulu soyğunçuluq yolu ilə ələ keçirdiyini bildirib.
Daxil olan müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Salman Məmmədov Bakı şəhəri ərazisində saxlanılaraq Şirvan ŞPŞ-nə gətirilib.
Dindirilmə zamanı həmin şəxs törətdiyi əməli etiraf edib.
Faktla bağlı S.Məmmədov barəsində Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.
Polis əməkdaşları S.Məmmədovun digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Əgər bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, DİN-in "102" xidmətinə, həmçinin Şirvan ŞPŞ-nə müraciət etmələri xahiş olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.