Azərbaycanın aparıcı sərnişindaşıma şirkəti “BakuBus” və Heydər Əliyev Beynəlxalq Aeroportu nəqdliyyat xidmətlərinin təkmilləşdirməsinə, sərnişinlər və şəhərimizin qonaqları üçün əlçatanlığın artırmasına çalışırlar.
Belə ki, artıq bu gündən etibarən H1 Airport Express marşrutu 24 saat fəaliyyət göstərərək hava limanı ilə şəhər mərkəzi arasında rahat nəqliyyat əlaqəsini təmin edəcək. Avtobuslar gündüz saatlarında 20 dəqiqəlik intervalla, gecələr isə 45 dəqiqədən bir hərəkət edəcək.
Daha öncə, H1 marşrutu gecə saat 01:00-dək xidmət göstərirdi ki, bu da gec saatlarda gələn sərnişinlər üçün müəyyən narahatlıq yaradırdı. Hazırda isə qrafikin genişləndirilməsi sayəsində sərnişinlər günün istənilən vaxtında şəhərə rahat çata biləcəklər ki, bu da onların səyahət təcrübəsini xeyli yaxşılaşdıracaq.
Marşrut şəhərin əsas nəqliyyat qovşaqlarını - “Koroğlu” habı və “28 May” metrosunu əhatə edir. Bu marşrut üzrə fəaliyyət göstərən müasir “Neoplan” avtobusları geniş baqaj bölmələri, soyuducu və məlumat monitorları ilə təchiz olunub ki, bu da səfəri mümkün qədər rahat edir. Yolda sərf olunan müddət günün saatından asılı olaraq təxminən 30 dəqiqə təşkil edir.
H1 marşrutu üzrə gediş haqqı 1,3 manatdır. Ödənişi hava limanında əldə edilə bilən “BakıKart” kartı, həmçinin “M10” və “Birbank” mobil tətbiqləri vasitəsilə həyata keçirmək mümkündür.
Qeyd edək ki, H1 marşrutunun hərəkət cədvəlinin genişləndirilməsi, xüsusən də Bakı şəhərində yaxın aylarda keçiriləcək Formula 1 Qran-Prisi və BMT-nin İqlim Dəyişiklikləri üzrə Tərəflər Konfransı (COP29) kimi mühüm tədbirlər öncəsi, bütün sərnişinlər üçün nəqliyyat xidmətlərinin rahatlığının və əlçatanlığının artırmasına yönəldilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.